18 Noyabr 2017 16:24
1 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uçub düşür qollarıma küçələr,
Yollar yatıb sinəm üstə dincəlir.
Buruq-buruq saçlarındı and yerim,
Çağırıram, sevincindən tellənir.

Baş gicəldən hava çalır havalar,
Yırğalanır köpük-köpük dənizlər.
Sınıq-salxaq qayıqlar var uzaqda -
Əlim çatmır bircəciyin düzəldəm...

Təyyarələr bomboş uçur, əzizim,
Biletim yox uçub gəlim yanına.
Bir də nə vaxt yuxu görər gözlərim,
Bir də haçan and içərəm saçına...

***

Çoxdankıdı bu eşq də,
Bir az nimdaş, bir az ac..
İndi Allaha qalıb,
Satılmayan tək əlac!

Uzağı görmür gözüm,
Eynək yazıb həkim də.
Çəkilib gedir ürək,
Rəngi düşür geçəyə...

Sübhün alatoranı -
Əzan çəkir məscidlər...
Titrəyir bağrım başı,
Ölənmi var yenə də?!

Ölən də can qurtarır,
Canım, mən ki ölmürəm!
Uzaq səfər üstəyəm,
Gəlib çıxa bilmirəm...

Köhnə əzab, təzə can,
Çoxdankıdı bu eşq də.
Sular lilli axırdı,
Durularmı bu eşqlə?

***

Mən ürək alanam, könül satanam,
İlahi, bir fərli alıcı göndər.
Göndər, bazarında bazar açmasın,
Uzaqdan, yaxından seyrçi göndər.

Köhnə dəyirmanda bayquş ulayır,
Balıqçı tilovu qurdsuz qalıbdı.
Dağlan tifaqlar odsuz, ocaqsız,
Doğulan körpələr adsız qalıbdı.

Baxıram, gözlərim yol tutub gedir,
Yoluma çıxmağa adam gəzirəm.
Bəhanə axtarır ayrılıqlara,
Əlimdə yüz belə xatam, gəzirəm!

Nə bilim, deyirlər nəsə olacaq –
İlahi, uşağam, inanaram ha...
İlahi, bir yaxşı alıcı göndər,
Sataq yalanları aldananlara...


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər