Oxucuları ən çox maraqlandıran suallardan biri də budur ki, görəsən, şairlərin ən sevilən şeirləri kimə həsr edilib?
Teleqraf.com-un “Bir şeirin tarixçəsi” layihəsində bu dəfə şair, AYB-nin Bədii Tərcümə və Ədəbi əlaqələr mərkəzinin sədri Səlim Babullaoğludur. O, “Uşaqlar və ölüm haqqında” şeirindən danışır:
“Sorğularda iştirak etməmək, müsahibə alarkən sualları yazılı cavablandırmamaq və şifahi cavablandırarkən jurnalistlərin hazırladığı versiyanı mütləq təkrar oxuyandan sonra onlara geri qaytarmaq və bu kimi çoxlu sözlər vermişəm özümə. Sizin sorğunu yazılı cavablandırmağım minnətsiz-sünnətsiz istisnadır. Niyə? İkinci səbəbi budur ki, ilk dəfə müraciət edirsiz.
Şeirlərin tarixçələri... İndi mən durub desəm ki, mənim üçün bütün şeirlərimin tarixçələri maraqlıdır, siz demişkən, fərqli və yadda qalandır... Və mən onların hamısını xatırlayıram... Amma bunun əhəmiyyəti varmı? Bəlkə mən konkret bir tarixçədən danışmayım? Bu sualı mən özümə verirəm. Axı, şeir daha çox oxucunun, tarixçə onu yazanındır - mən indi ucadan, səsli düşünməyə başlayıram.
“Şeirlə onun tarixçəsi” əslində o qədər vacib problemdir ki... Sizə məişətdən bir nümunə gətirim. Pencək və astar. Deyəsən məşhur modelyer Corcio Armaninin sözüdür. O deyir ki, paltar təkcə üzlük deyil, həm də astardır; astar təkcə parça deyil, həm də adamdır. Eleqant adam olmaq -gözə girmək yox, yaddaşa həkk edilməkdir.
Tarixçə - poeziyada intonasiyanı müəyyənləşdirən əsas amildir. Əgər yazarın, şairin, amma lap dəqiqi fiksə edənin peşəkar vərdişlərinin səviyyəsi poeziyanın “eninə göstəricilərini” təyin edirsə, o tarixçəyə sədaqəti (burda yalnız faktoqrafiya nəzərdə tutulmur, hal da nəzərə alınır) şeirin “dərinlik göstəriciləri”ni müəyyən edir.
Başa düşürəm ki, sizə konkretlik lazımdır.
Deyim. İllər əvvəldi. Bir uşaq gəlib dayandı düz qarşımda. Bic-bic gülmsündü. Sonra dedi ki, bax, indi mən öləcəm. Arxası üstə baltalanmış ağac kimi tirtap özünü yıxdı yerə. Amma gözüyumulu, təbəssümü də üzündə. Təxminən 15-20 saniyə belə uzanılı qaldı. Sonra isə gülə-gülə gözünü açdı, qalxıb qaçdı. O uşaq nə etdiyini bilmədi. Əslində, mənə dərs verdi. Başa saldı ki, günahsızlar ölümü uzanıb qalxmaq kimi asanlıqla edəcəklər, təbəssümlə. Mən də hadisəni olduğu kimi yazdım. Şeirin konkret ünvanı yoxdu”.
Uşaqlar və ölüm haqqında
Heç uşaqları görmüsən:
dava-dava oynayanda demirəm,
səbəbsiz-filansız gəlib
adamın qabağında durmaqlarını
və demələrini ki, bax, mən ölürəm?!
Uzanırlar, gülümsünüb gözlərini yumurlar,
az sonra gülə-gülə açırlar gözlərini,
gülə-gülə qalxırlar.