15 Fevral 2018 20:58
3 459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Portret” layihəsində yazıçı Elçin Hüseynbəyli mərhum dostu Arif Əmrahoğlu haqqında danışır.

– Elçin müəllim, Arif Əmrahoğlunu çoxdanmı tanıyırdınız? Yoxsa dostluğunuz onun son illərinə təsadüf edir?

– Mən rəhmətlik Arifi 31 ildir tanıyıram...

– Necə tanıyırdınız?

– Hamı bilir ki, Arif müəllim məhsuldar qələm adamı deyildi. Çox az yazırdı. Amma yazmaq istədiyi mövzu haqqında uzun müddət düşünürdü. Məsələn, o, uzun müddət mənə dedi ki, sənin haqqında yazı yazmaq istəyirəm. Qeydlər də eləyirəm. Deyirdi, amma yazı da ortalıqda yox idi.

– Əvvəl-axır yazdı?

– Mən Moskvada oxuyanda kəndə gəlmişdim. Həmin vaxt Sumqayıtda “Sahilsiz dəniz” adlı bir almanax çıxmışdı. O almanaxda iki hekayəm getmişdi. Həmin o iki hekayə haqqında Arif Məmmədov Azərbaycan radiosunda müsbət danışmışdı. O vaxt Əmrahoğlu yox, biz onu Məmmədov kimi tanıyırdıq.

Üstündən bir neçə il keçəndən sonra biz Prezident Aparatında bir yerdə işləməyə başladıq. Arif müəllim, səhv eləmirəmsə, 1993-95-ci illərdə Milli siyasət üzrə dövlət müşaviri Hidayət Orucovun şöbəsində işləyirdi. Sonra elə oldu ki, Yazıçılar Birliyinə katib gəldi. Həmin gün də Prezident Aparatından çıxdı. Ondan sonra mən Arif müəllimlə bir neçə dəfə Yazıçılar Birliyində görüşdüm. Mənə dedi ki, niyə birliyə üzv olmaq istəmirsən? Dedim, vallah, Yazıçılar Birliyinə üzv olmaq formal məsələdir. Axı nə ehtiyac var? O da qayıtdı ki, nə danışırsan, camaatın hamısı bura üzv olmaq üçün can atır. Dedi, sən də üzv ol. Zəmanətlərin birini mən yazacam, birini Eyvaz Əlləzoğlu yazacaq, birini də Kamil Vəli Nərimanoğlu. Söhbət 1995-96-cı ildən gedir. Hələ onu da dedi ki, birliyə üzv olmaq üçün hamıdan kitab tələb olunur, amma sən öz bioqrafiyanı yaz, vəssalam.

Nəysə... Arif müəllimə söz verdim ki, birliyə üzv olacam, amma olmadım. Zəmanətləri alıb özümdə saxladım. Dedi ki, üzv olmayacaqsansa, o zəmanətləri niyə aldın? Dedim ki, o boyda adamlar mənim haqqımda belə söz yazıb, qoy özümdə saxlayım, sabah sözlərinin arxasından qaça bilməsinlər. (gülür)

– Bir sözlə, Arif müəllim sizi Yazıçılar Birliyinə üzv eləyə bilmədi...

– Bir də bu barədə onunla 1998-ci ildə danışdıq. Mərhum prezidentimiz Heydər Əliyevin gənc şair və yazıçılara altı aylıq təqaüdü vardı. Sonra vaxtını uzadıb bir illik eləmişdilər. Yaxşı da pul verirdilər. Arif müəllim mənə dedi, sənin Yazıçılar Birliyinə üzv olmağın həm də ona görə vacibdir ki, sən bu təqaüdü almalısan. Artıq iki il siyahı verilmişdi. Arif müəllim deyirdi, məndən soruşurlar ki, siyahıda Elçin Hüseynbəylinin adı niyə yoxdur? Mən də deyirəm ki, o, bizim üzvümüz deyil. Nəhayət, mən Arif müəllimin hesabına Yazıçılar Birliyinə üzv oldum və həmin təqaüdü aldım. Bu da taleyin bir işi idi. Arif müəllimin bir xeyirxahlığı idi.

– Necə bir insan idi? Onu necə xarakterizə edərdiniz?

– Arif müəllim çox təvazökar insan idi. Mənim onun haqqında bir yazım da var. Biz hər diplom alana ziyalı deyirik. Amma Arif müəllim əsl ziyalı idi. Yerin bilən, oturuşun-duruşun bilən, danışığın bilən, insanlara işıqlı yanaşan, dostlarını təmənnasız şəkildə irəli aparmağa çalışan bir insan idi. Məsələn, o, heç vaxt kiminsə üstünə səsin qaldırmazdı, heç vaxt kiminləsə acıqlı danışmazdı. Ancaq mən dəfələrlə görmüşəm ki, o, necə sarsıntı və əsəb keçirir. Bir müddət özünə qapılırdı, otururdu, onunla da keçib gedirdi.

– Nəyə görə əsəb keçirirdi ki? Arif müəllim müdrik bir insan idi. Yəqin, hər xırda şeyə görə hirslənməzdi...

– Kimsə düz hərəkət eləmirdi, kimsə artıqtamahlıq edirdi, kimsə özünü ədalətsiz aparırdı və bu şeylər də onu çox əsəbiləşdirirdi.

– Bakı Dövlət Universitetində də işləyirdi, dərs deyirdi...

– Bəli, bilirsiniz ki, o, iki yerdə işləyirdi, Bakı Dövlət Universiteti və Azərbayan Yazıçılar Birliyində. Günortaya kimi universitetdə, günortadan sonra isə Yazıçılar Birliyində. Və yaxud, qrafikdən asılı olaraq iş vaxt dəyişirdi. Universiteti dəqiq deyə bilmərəm, amma Yazıçılar Birliyində çox adam sözünü Arifə deyirdi. Çünki Ariflə Anar müəllim yaxın idilər və Anar müəllim Arifin sözünü həmişə eşidirdi. Cavanlar içərisində yeganə adam Ayxan Ayvazdır ki, onun ikinci dəfə təqaüd almasında dirəniş göstərən Arif müəllim oldu. Atasının əvəzinə Ayxanın Yazıçılar Birliyində ev növbəsinə düşməyində də Arifin birbaşa xidməti vardı. Rəhmətlik Eyvaz Əlləzoğlunun hüzr mərasimində də Arif nə lazımdırsa etdi. Baxmayaraq ki, Eyvaz Əlləzoğlu tez-tez Arifdən əsassız yerə inciyirdi. Eyvaz elə bilirdi ki, Arif müəllimin əlində böyük imkanlar var, amma onun üçün heç nə eləmir. Arifin isə əlində olan imkan təqaüd idi, onu da eləyirdi.

– Təkcə Eyvaz müəllim yox, çoxları elə düşünürdü ki, Arif Əmrahoğlunun əlində böyük imkanlar var. Nədən irəli gəlirdi bu?

– Ondan irəli gəlirdi ki, Arif müəllim hamıya can yandıran, hamının pənah yeri hesab olunan bir insan idi və yenə deyirəm, Anar müəllimlə çox yaxın idi, sözü eşidilrdi. Anar müəllim də yaxşı bilirdi ki, Arif təmənnasız bir adamdır. Anar müəllim bilirdi ki, Arif bir adamın xahişini eləyirsə, bunu öz şəxsi mənafeyi baxımından eləmir, Yazıçılar Birliyi baxımından eləyir, ədəbiyyat baxımından eləyir və yaxud, kiməsə yaxşılıq eləmək istəyir. Mən Arifi bu cür tanımışam.

– Məclislərdə bir yerdə çox olmusunuz? Yoxsa...

– Arif müəllim məclis adamı deyildi. Böyük banketlər adamı deyildi. Dəfələrlə olub ki, onun ən yüksək səviyyədə yeyib-içmək məclislərinə dəvət eləmişik, amma gəlməyib. Mən onu ancaq bir neçə məclisdən imtina eləməyən gördüm. Deyirdim ki, özümüzük, Anar müəllimdi, mənəm, filankəsdir, ədəbiyyata aidiyyəti olmayan bir adam istəyir ki, bir yerdə oturaq, sizin də gəlməyinizi arzulayır, tanış olmaq istəyir, sizi canlı görmək istəyir... Yenə gəlmirdi, imtina eləyirdi.

Səhv eləmirəmsə, XI qurultaydan sonra Avropa otelində banket oldu. Arif orda iştirak eləmişdi. Bir də Vaqif Səmədoğlunun 70 illiyində gəlmişdi. Yəni bəlkə də o, barmaqla sayılası qədər məclislərdə olurdu.

– Niyə getmirdi məclislərə? Xüsusi bir səbəbi vardımı?

– Əvvəla, hövsələsi çatmırdı. Üzə vurmasa da, müəyyən ağrıları da vardı. Təzyiqi də olurdu. Və o, bütün bunların hamısını nəzərə alırdı. Söz yox ki, insanları həmişə qiymətləndirirdi, sadəcə, başı çox səs-küy götürmürdü. Mən Arif müəllimdən özümə həmişə sayğı, hörmət, sevgi görmüşəm. Tez-tez əlini çiynimə vurub haqqımda yüksək fikirlər deyirdi...

– Məsələn, nə deyirdi?

– Desəm, bir az qeyri-təvazökarlıq olar.

– Deyirdi, böyük yazıçısınız?

– Yox, elə demirdi. Ən çox xarakterimlə bağlı fikir bildirirdi. Məsələn, mənə deyirdi ki, sən kişisən!

– Yaşca sizdən çox böyük idi?

– O qədər də yox... Təxminən, aramızda 7-8 yaş fərq olardı.

– Adətən, dünyasını dəyişən adamlar haqqında tez-tez deyirlər ki, o, ölməyib, ürəklərdə yaşayır. Zaman keçdikcə isə görürsən ki, heç ürəkdə də yaşamır. Bəs sizcə, ölümündən artıq bir neçə il keçən Arif Əmrahoğlu indi harda yaşayır?

– Harda yaşadığını təbii ki, gedib görəcəyik. Çox güman ki, Arif müəllim o biri dünyada vəzifə sahibidir. Rəhmətlik Eyvaz Əlləzoğlunun anım günündə dedim ki, Eyvaz, o biri dünyada da özünü fağır aparma, orda komendantdan-zaddan ol, ölüb yanına gələndə bizə də gün ağla. Axı Arif müəllim də Eyvaz kimi çox fağır adam idi. Doğrudan da, haqq-ədalət varsa, o biri dünyada da bizə yaxşı vəzifə veriləcək.

O ki qaldı ürəklərdə yaşamaq məsələsinə... Mən tamamilə pafosdan kənar bir adamam. Dərk eləyirəm və eyni zamanda qəbul eləyirəm ki, Arif bu həyatda yoxdur. Amma elə məqam olur ki, Arif müəllimin gülüşlərindən ötrü darıxıram. Öz otağında komputerin arxasında oturub yazı yazdığı günləri təzədən görmək istəyirəm. Onun otağından zəng eləməyə gedirdim, qalxıb mənə yerini verirdi ki, gəl otur, rahat danış.

– Ailəsini də tanıyırdınız?

– Yox, ailəsini yaxından tanımıram. Amma bildiyimə görə, Arif balalarını həddindən artıq çox istəyirdi. Ümumiyyətlə, həyatda tanımadığı insanlara sevə-sevə qucaq asan insanlar yüz faiz əminəm ki, ailəsini daha çox sevir.

– Sizcə, biz bu gün Arif Əmrahoğlunu ancaq ədəbiyyat adamı kimi xatırlamalıyıq, yoxsa həm də ideologiya daşıyıcısı kimi?

– Mən düşünmürəm ki, Arif müəllim hansısa bir siyasətə, ideologiyaya xidmət eləyə bilərdi...

– Dediniz ki, Prezident Aparatında işləyirdi...

– İşləyirdi, amma o vaxt Prezident Aparatında işləyən adamlar ideoloji baxışlarına görə seçilməmişdilər. Sadəcə, Prezident Aparatı təzə yaradılmışdı və ora kadr lazım idi. Məsələn, mən informasiya siyasətini az-çox bilirdim, məhz bu sahədə işləmişdim deyə məni prezidentin mətbuat xidmətinə dəvət eləmişdilər. Arif isə gürcüstanlı olduğuna görə, ziyalı olduğuna görə və milli bir insan olduğuna görə onu Milli siyasət şöbəsinə dəvət eləmişdilər.

– Söhbətimizin əvvəlində dediniz ki, Arif müəllim məhsuldar qələm sahibi deyildi, az yazırdı. Bəs yazdığı nə idi?

– Ən çox elmi əsərlər yazırdı, təbii ki, çağdaş ədəbiyyatımızdan da yazırdı. Açığı onun elmi işinin adını bilmirəm, heç soruşmamışam da, maraqlanmamışam. Ancaq bilirəm ki, Arif doktorluğa da hazırlaşırdı, nə yerdə qaldı, xəbərim yoxdur. Mən onunla sırf ədəbiyyat söhbətləri eləməmişəm, sadəcə, çağdaş ədəbiyyatımız, müəyyən imzalarla bağlı fikir mübadiləmiz olub. Məsələn, filankəs nə yazır? Yeni imzalardan kimlər var? Kimləri Anar müəllim oxuya bilər, mən oxuya bilərəm və s.

– Maraqlıdır, necə oldu ki, Prezident Apartından Yazıçılar Birliynə gəldi...

– Arifi Yazıçılar Birliyinə katib kimi Anar müəllim özü dəvət eləmişdi. Özü də bir ədəbiyyatşünas, tənqidçi kimi. Sonra elə oldu ki, onun Birlikdə təyinatı sırf yaradıcılıq məsələləri üzrə olsa da, daha çox gənclərlə bağlı xidmət göstərməyə başladı. Vəzifəsi gənclər üzrə katib olmasa da, birbaşa gənclərlə işləyirdi, onlara əlindən gələn köməyi, diqqəti göstərirdi.

– Ölümü də qəfil oldu...

– Arif həmişə ödündən şikayətlənirdi. Deyirdi, ödümdə daş var, məni incidir. O da mənim kimi həkim xoşlamırdı, düz axıra kimi də həkimə getmədi. Sonra da məlum oldu ki, əsas problem ödündə yox, mədəsindədir. Xərçəng xəstəliyi onun mədəsində çox sürətlə inkişaf elədi. Ömrünün sonlarına yaxın xəstəxanada yatırdı, yanına getmədim. Çünki özü də istəmirdi. Tez-tez zəng eləyirdim. Telefonda deyirdim ki, dostlar deyir, sən xəstəsən, bəlkə viskidən-zaddan götürüm gəlim, elə xəstəxanada vuraq. Heç içən deyildi. Sadəcə, gülürdü.

Arif çox dözümlü adam idi. Ağrısını qətiyyən biruzə vermirdi. Adam var ki, bir yeri sızıldayan kimi bütün aləmə car çəkir. Arif isə o boyda ağrılarla heç səsini də çıxarmırdı.

– Demək olar ki, xəlvətcə öldü...

– Bəli, elə hesab eləmək olar. Amma hamı xəstəxanada yanına getdi, ona baş çəkdi. Anar müəllim də onun müalicəsinə səhiyyə nazirindən xahiş eləmişdi. Bəlkə də ona kömək eləmək olardı, amma bildiyimə görə, artıq gec idi.

– Arif müəllim Bakı Dövlət Universitetində türkologiyadan dərs deyirdi... Türkçü idi?

– Vətənçi idi. Türkçü sözü mənə elə gəlir ki, Arifi lokallaşdırır. Əgər türkçü idisə də, mən onda bir dəfə də olsun şüarçılıq hiss eləmədim.


Müəllif: Kəramət Böyükçöl

Oxşar xəbərlər