Azərbaycan Xalq Cümhuriyyətinin tədqiqatçısı Dilqəm Əhməd "1905.az" saytının suallarını cavablandırıb. Teleqraf.com müsahibəni təqdim edir.
– 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olur. Kitab həvəskarlarını nə ilə sevindirəcəksiniz?
– Azərbaycan Cümhuriyyəti dövründə yalnız onun 1 illiyini qeyd etmək mümkün olub. İkinci illiyini isə azərbaycanlılar Gəncədə üsyan şəraitində, top sədaları altında qeyd ediblər – məşhur Gəncə üsyanı baş verib. Cümhuriyyətin birinci ili ilə bağlı özlərinin yazdıqlarından və “İstiqlal” jurnalında dərc edilənlərdən oxuyuruq ki, şəhər bəzədilib, parad keçirilib, hər tərəf Azərbaycanın üçrəngli bayrağına bürünüb. Hədsiz böyük sevinclə qeyd olunub. Cümhuriyyətin 1 illiyi ilə bağlı şəxsi kolleksiyamda da bir foto var: İstiqlaliyyət küçəsində insanlar əllərində üçrəngli bayraqlarla yürüş keçiriblər. Liderlər isə Parlament eyvanından xalqa müraciət ediblər. Sonrakı dövrdə 28 May günü yalnız mühacirətdə qeyd olunub. 1990-cı ilə kimi mühacirətdəkilər nəsildən-nəslə ötürməklə bu bayramı qeyd edib, unutdurmağa qoymayıblar. Müstəqil Azərbaycanda Cümhuriyyətin 100 illiyini qeyd etmək isə bizim alnımıza yazıldı. Əslində hər kəsin bu bayram naminə nəsə etməsi lazımdır. Çünki o dövlət olmasaydı, bu gün müstəqil Azərbaycandan danışmaq mümkün olmazdı. Ən yaxşı halda biz yalnız Rusiyanın hansısa vilayəti kimi mövcudluğumuzu qoruyacaqdıq. Mən 4 ilə yaxındır ki, Türkiyədən Azərbaycan mühacirəti tarixinə dair nümunələri toplamaqla məşğulam. Bu nümunələrə mühacirlərin foto-şəkilləri, buraxdırdıqları nəşrlər, bir-biriləri arasındakı məktublaşmalar daxildir. Bununla bağlı ötən il “Teas-Press” nəşriyyatında “Mühacirlərin dönüşü” kitabımın birinci cildi nəşr olundu. 100 illiyə də həmin kitabın ikinci cildini hazırlayırıq. İkinci cilddə sonradan mühacirətə getmiş cümhuriyyət liderlərinin həm cümhuriyyət, həm də mühacirət dövründəki fəaliyyətləri əks etdiriləcək. Kitabda həmçinin nadir fotolar, mühacirlərin məzarlarının foto-şəkilləri, onlar haqqında xatirələr yer alacaq və cümhuriyyətin ilk gerbinin orijinal təsviri veriləcək. Bildiyiniz kimi gerblə bağlı müsabiqə elan olunub, amma təsdiq olunmamış Cümhuriyyət süqut edib. Sonralar Məhəmmədəmin Rəsulzadə mühacirətdə bu gerbi tanıtmaq üçün üstündə gerbin təsviri olan poçt açıqcası buraxdırıb, eləcə də “Odlu yurd” jurnalının üz qabığında dərc olunub. Biz bu gerbin sulu boya ilə çəkilmiş təsvirini təsadüfən Türkiyədə bir nəfərdən əldə etdik.
– Bizim gerbdən çox fərqlənir?
– Kiçik bir fərq var. Həmin gerbdəki alov ocağa daha çox bənzəyir. Müstəqillik illərində rəssam onu daha estetik formada təsvir edərək, qısaldıb və üç dilim halına salıb. Bir də gerbin aşağısında üçrəngli bayrağın rəngində “bant” var idi. İndiki gerbdə o, götürülüb. Qeyd etdiyim kitabda Məhəmmədəmin Rəsulzadəyə, Miryaqub Mehdiyevə, Cümhuriyyətin deputatı, mühacirətdəki ilk siyasi qurbanımız Əhməd Həmdi Qaraağazadəyə aid fotolar, məktublar yayımlanacaq. Bir də Məhəmmədəmin Rəsulzadə ilə bağlı kiçik bir kitab buraxdırmaq fikrimiz var. Bu, daha çox onun həyatını əks etdirən miniatür kitab olacaq. Həmçinin, professor Ədalət Tahirzadə ilə birlikdə “Azərbaycan Cümhuriyyəti – Qısa tarixi oçerk” adlı bir kitab yazmışıq. Mənə Türkiyədə də tez-tez Azərbaycan Cümhuriyyəti haqqında oxumaq istədiklərini deyirlər, amma tanıtım kitabı yoxdur.
– Amma Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası da var.
– 2 cildlik ensiklopediya çox böyükdür. Oxuyanlar daha çox Cümhuriyyətin mahiyyəti, onun dövründə baş verənlərlə maraqlanırlar. Kitab həm Azərbaycan və türk dillərində, həm də Avropa dillərindən birində olacaqdır.
– Yəni bunlar bir tədqiqatçı olaraq Sizin 2018-ci ildəki planlarınızdır. Ümid edirik ki, bu planlar həyata keçəcək və işləriniz davamlı olacaq. Bildiyimizə görə Siz həm də Türkiyədə elmi iş üzərində işləyirsiniz.
– Mənim Azərbaycanda aldığım ixtisas politologiya, siyasətşünaslıqdır. Bu istiqamətdə Türkiyədə magistr pilləsi üzrə təhsilimi davam etdirirəm. Amma bu dəfə ixtisasım Avropa Birliyi siyasəti və beynəlxalq münasibətlər üzrədir. Cümhuriyyətlə bağlı tədqiqatlara bir vətəndaş olaraq borcum, xoş qismət üzündən arxivimə düşmüş sənədlərin tədqiqi kimi yanaşıram. Amma gələcəkdə elmi işimi Azərbaycanın mühacirət tarixi üzrə yazmağı və bütün buları ictimaiyyətə akademik səviyyədə çatdırmağı düşünürəm.
– Prezident İlham Əliyev bəyan etdi ki, müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Əlbəttə, gələcəkdə də Cümhuriyyət haqqında tədqiqatlar davam edəcək. Türkiyənin akademik dairələrində necə, Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti tədqiq olunurmu?
– Əslində bu, acınacaqlı mövzudur. Türkiyədə Azərbaycan Cümhuriyyəti ilə bağlı mənim də qarşıma yetərli qaynaqlar çıxmayıb. Hərçənd Türkiyə ilə bağlı qaynaqlarda Azərbaycan var. Məsələn, Trabzon, Batum, İstanbul konfransları və bunlarla əlaqədar həm də Zaqafqaziya Seymi, Azərbaycan Cümhuriyyəti araşdırılıb. Amma bu 23 aylıq dönəm ayrıca olaraq tədqiq edilməyib. Türkiyədə daha çox Azərbaycan siyasi mühacirəti ilə bağlı kitablar çoxdur. Səbahəddin Şimşirin bununla bağlı bir neçə kitabı var. Hətta Səbahəddin Şimşir Cümhuriyyət deputatı Məhəmmədsadıq Aran haqqında ayrıca kitab yazıb. Eləcə də, Yavuz Akpınar, Ömər Özcan kimi dəyərli türk tədqiqatçılar Azərbaycan mühacirəti ilə bağlı çox mühüm araşdırmalar aparıblar.
- Bəs Qafqaz İslam Ordusu mövzusu haqqında da heç nə yoxdur?
– Nuru paşa haqqında Atilla Oralın “Nuru Killigil” adlı geniş, 1000 səhifəyə yaxın kitabı çıxıb. İçində də ilk dəfə yayımlanan çoxlu foto-şəkillər dərc olunub. Kitab Bakıda da təqdim edilib. Türkiyənin özünü maraqlandıran kitablar, məqalələr dərc olunub. Amma Azərbaycan Cümhuriyyəti 1918-1920 mövzusunda kitab şəxsən mənim qarşıma çıxmayıb. Hətta deyərdim ki, Türkiyə ictimaiyyətinin bu mövzu ilə bağlı bilgisi çox azdır. Bizdə Türkiyədən öncə, müstəqillik elan olunduğu ilə bağlı danışanda, türklərə nağıl kimi gəlir. Halbuki, dönəmin Osmanlı mətbuatında Azərbaycan Cümhuriyyətinin elan olunması ilə bağlı kifayət qədər yazılıb. Hətta bu yaxınlarda Qiyas Şükürov və Vasif Qafarovun birgə hazırladıqları “Azərbaycan Cümhuriyyəti. Osmanlı arxiv sənədləri” kitabı çap olundu. Bu, çox gözəl addımdır. Hətta Osmanlı nümayəndə heyəti bizim oradakı səfirimiz Yusif Vəzir Çəmənzəminlini ziyarət edib, təbriklərini çatdırıb. Belə faktlar çoxdur. Düşünürəm ki, Türkiyə akademik dairələrini tərpətmək üçün biz özümüz də çalışmalıyıq. “Teas-Press” nəşriyyatı Məhəmmədəmin Rəsulzadənin Türkiyədə nəşr etdirdiyi “Yeni Kafkasya” jurnalının bütün saylarını 3 cilddə nəşr etdirib. Yəni əvvəlcə türklərə özümüz qaynaqlar təqdim etməliyik ki, onlarda da bu sahəyə maraq yaransın.
– Araşdırma apararkən, rus, erməni, gürcü tədqiqatçılarının Azərbaycan Cümhuriyyəti ilə bağlı tədqiqatları ilə rastlaşmamısınız?
– Bu barədə xəbərsizəm. Hətta bizim özümüz Azərbaycan Cümhuriyyəti ilə Qacar hökuməti arasında münasibətlərlə bağlı kitabı hələ yenicə çap etdirmişik. Bu, akademik Ramiz Mehdiyevin ADR-İran diplomatik münasibətləri ilə bağlı əldə edilmiş yeni sənədlər üzərində tədqiqatıdır. Demək istəyirəm ki, bizim özümüzdə də müəyyən gecikmələr var. Bildiyimə görə, Rusiyada da adını xatırlamadığım bir alim ADR haqqında kitab yazıb və çapı üçün sponsor axtarışındadır. Öz əlaqələrimdən istifadə edərək bu barədə müəyyən yerlərə mən də məlumat verdim. Türkiyədən də bir naşir sosial şəbəkədə yazmışdı ki, Cümhuriyyətlə bağlı bir kitabları var və nəşri üçün sponsor axtarırlar. Zənnimcə, Azərbaycan hökuməti və ictimai qurumlar belə kitabların xaricdə nəşr olunmasına yardım göstərməlidirlər. Bizim tariximizlə bağlı Fransada yaşayan gürcü tarixçisi Giorgi Mamulia ciddi elmi tədqiqatlar aparır. Onun Ramiz Abutalıbovla birgə “Odlar yurdu” adlı kitabı da çap olunub. Mamulianın zəngin arxivi də var və Topçubaşovun arxivində də şəxsən işləyib. Çox tərəfsiz, böyük alimdir və alim etikasına söykənən tədqiqatlarla məşğuldur.
– Sizcə, Azərbaycan mediasında AXC ilə bağlı nə çatışmır? Bəzi tarixçilərimizin media ilə həvəssiz əməkdaşlığı, bəzi jurnalistlərimizin bu mövzuya həvəssiz münasibəti, bəzi oxucularımızın bu barədə material oxumaq istəməmələri?
– Türkiyədə qəzetlərin həftə sonu buraxılışları qalın çıxır. Bəzilərində kitab və sənəd əlavəsi də olur. Nəşriyyatlar qəzet vasitəsilə kitablarının reklamında maraqlıdır, müəyyən köşə yazarları da həmin kitablarla bağlı qəzetdə yazılar yazırlar. Yəni mətbuatla kitab nəşriyyatları arasında sıx əlaqə var. Üstəlik İstanbul, Ankara və digər şəhərlərdə böyük kitab sərgiləri keçirilir və insanlar bu sərgilərə böyük maraq göstərirlər. Çünki həmin sərgilərdə kitabları 50 faizlik endirimlə əldə etmək mümkündür. Türkiyədə kitab mağazaları da həddindən artıq çoxdur. Bizdə kitabların kiçik tirajla çıxması həm də kitabı paylaya bilməməkdən irəli gəlir. Həm də kitab mağazaları ancaq Bakıdadır. Bölgələrdə sovet dövrü ilə müqayisədə kitab mağazaları çox azdır və ya ümumiyyətlə yoxdur. Mən Türkiyədə 2 il yaşadım və gördüm ki, Azərbaycan insanının görüşləri daha çağdaşdır. Azərbaycanlılar Qərbə daha meyillidirlər. Bu da təbii ki, 100 illiyini qeyd etdiyimiz Cümhuriyyətlə əlaqədardır. Türkiyə insanı daha çox şərqlidir, onlar Osmanlıdan qalma ənənələrin bərpasına çox çalışırlar. Onlarda islami kimlik türk kimliyindən daha öndədir. Azərbaycanda millət düşüncəsi daha üstündür. Bu bir az qafqazlı kimliyimizlə, bir az da Cümhuriyyət liderlərinin illərlə apardıqları təbliğatla bağlıdır. Amma bir məsələni də deyim ki, Türkiyədə Azərbaycanı kifayət qədər tanımırlar. Bizi daha çox kiçik, onlardan daha çox asılı, müharibədə ermənilərə məğlub olmuş ölkə kimi təsəvvür edirlər. Bakıya gələndə isə fikirləri tamamilə dəyişir. Bu da təbliğatımızın zəifliyi ilə bağlıdır. O ki, qaldı sualınıza, məncə, Azərbaycan mediası Cümhuriyyətlə bağlı 100 illiyə yaraşan işlər görmür. İlin əvvəlindən çoxlu müsabiqələr elan edilməli, dövlət arxivlərində tədqiqatlar aparılmalı idi. Bizim junalistlərimiz işin daha asanına qaçırlar. Mediada ürəklə oxuyacağın məqalə yoxdur. Yalnız illərdir tanıdığımız adamlardan müsahibələr alınır. Bir çox hallarda jurnalistlər də hazırlıqlı olmur. Jurnalist alimə, tədqiqatçıya adi insana verəcəyi sualları verir. Bir az zəhmət çəkmək, araşdırmaq lazımdır.
– AXC-nin 100 illiyi ilə bağlı əlahiddə portal, internet resursu yaratmaq ideyanız yoxdur?
– Bu ideya əslində mənim deyil, xaricdə yaşayan azərbaycanlı gənclərin bir layihəsi var. Mən də ora cəlb edilmişəm. “1918.az” saytı yaradılacaq. Yəqin ki, aprel-may aylarında təqdim olunacaq. Mən foto baxımından onlara dəstək oldum. Azərbaycan, ingilis və rus dillərində qısa tanıtım bilgiləri veriləcək. Özüm isə “muhacirlerindonusu.az” saytı üzərində işləyirəm. Mənim Türkiyədən topladığım arxiv elektron şəkildə yerləşdiriləcək.
– Cümhuriyyətin 10, 20, 30-cu ildönümləri mühacirlərin sağlığında Türkiyədə geniş qeyd olunurdumu?
– Bəli, qeyd olunurdu. Mən bununla bağlı hətta “Ustad” jurnalında yazı da yazmışdım – “Mühacirətdə 28 May” məsələsi. Bu tarix əvvəlcə Məhəmmədəmin Rəsulzadənin Türkiyə dönəmində İstanbulda keçirilirdi. Hətta 1927-ci ildə qeyd olunmuş 28 May bayramı ilə bağlı arxivimdə foto-şəkil də var. Həmin foto-şəkildə Məhəmmədəmin Rəsulzadə, Xəlil bəy Xasməhəmmədli, Şəfi bəy Rüstəmbəyli, Nəsib bəy Yusifbəylinin xanımı Şəfiqə xanım Qaspıralı da var. Rəsulzadə Türkiyədən çıxarıldıqdan sonra Polşa və Almaniyada da qeyd edilib. Rəsulzadənin ən son qeyd etdiyi bayram 1954-cü il 28 Mayda Ankarada olub. Orada maraqlı bir fikir deyir ki, Cümhuriyyət şəxslərini bütləşdirmək olmaz, amma 28 May tarixini hər bir azərbaycanlı gənci büt kimi qorumalı və qeyd etməlidir. Mühacirlər buraxdıqları jurnallarda da 28 May tarixinə böyük yer ayırıblar. Mühacirətdə həm 28 May İstiqlal günü, həm də 27 aprel işğal günü qeyd olunub. Belə yazırdılar: “27 nisan – Kara istilanın ildönümü”. Düz 1990-cı ilə kimi bu tarixlər qeyd edilib.
– Şəfi bəy Rüstəmbəylinin Məhəmmədəmin Rəsulzadəni çox tənqid etdiyi məlumdur. Sizin məqalələrinizdən öyrəndik ki, Mustafa ağa Vəkilov, Xəlil bəy Xasməhəmmədli da onu çox tənqid edirmişlər. Səbəb nə idi?
– Azərbaycan Cümhuriyyəti dövründə liderlər arasında hər hansısa ciddi qarşıdurma olmayıb. Çünki o dövrdə ali təhsil almış insanlar, məşhur nəsillər hökumətdə təmsil olunmuşdular. Gəncənin müxtəlif tanınmış nəsilləri – Xoyskilər, Yusifbəylilər, Ziyadxanovlar hökumətdə yer almışdılar. Mühacirətə getdikdən sonra müəyyən münaqişələrin baş verməsi təbiidir. Bu bir az mühacirətin yaratdığı çətinliklər, bir az da liderlərin iddiaları ilə bağlı olub. Mühacirətdə Əlimərdan bəy Topçubaşovun hələ də rəhbəri olduğu nümayəndə heyəti var idi. Onlar deyirdilər ki, Azərbaycanın qanuni təmsilçiləridirlər. Rəsulzadə isə İstanbulda Milli Mərkəz yaratmışdı. O da özünü qanuni təmsilçi hesab edirdi. Polşa hökuməti “Prometey” cəmiyyəti yaratmışdı. Həmin cəmiyyət Əlimərdan bəy Topçubaşovu yox, Rəsulzadənin rəhbərlik etdiyi Milli Mərkəzi tanıdıqdan sonra, liderlər arasında müəyyən anlaşılmazlıqlar yarandı. Burada eqolar, maddi problemlər, regionçuluq toplananda mühacirətdə qarşıdurmalar yarandı.