22 Sentyabr 09:35
2 073

Tanrı öldü

Cənnət qaldı bom-boş.

Ağlayın uşaqlar,

Artıq atanız yox...

47 illik həyatı boyu dünya ədəbiyyatında mühüm rol oynayan Jerar de Nerval ölənə qədər səyyah kimi yaşadı. O dövrlərdə böyük əsərlər yaratmağa müvəffəq oldu.

Bir şair olaraq ədəbiyyat macərasına tərcüməçi olaraq başlayan Nerval ədəbi dili və romantizm hərəkatını qidalandıran əsərləri ilə ən çox Tolstoyu valeh etmişdi. O dövrün Avropanın ədəbi çevrələrində haqqında ən çox danışılan müəlliflərdən biri idi. Səyahət illərində Lüksemburq və Hollandiyada yaşadığı eşqi şeirlərinə köçürən Nerval bu kədərli məhəbbətdən gələn depressiyalar səbəbindən dəfələrlə ruhi xəstəxanada müalicə almışdı.

Ağrılı eşq macəralarından keçən gənc şairin bu depressiyalarla yazdığı əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunaraq çox sayda insana çatdırılmışdı. Jerar de Nervalın ölümü dünya ədəbiyyatı tarixinə ən ağrılı şəkildə yazılıb.

Jerar de Nerval bibisinə “Bu gecə məni gözləmə, Çünki gecə qara və bəyaz olacaq” yazaraq, özünü küçə lampasından asmışdı. Bir başqa mənbədə isə özünü evinin pəncərəsindən asdığı deyilir. Amma Nervalın kədərli ölümü ilə bağlı ən doğru məlumat onu görməyə gələn şairlərin asılmış bədəninin qarşısında səssizcə dayanmasıdır. O günü tarixə “İsti bir qış günü” ifadəsi ilə yazmışdı.

Parisdə dəfn edilən Nerval eşq üçün intihar edən nadir romantik şairlərdən biridir. Umberto Ekonun italyan dilinə tərcümə etdiyi əsərləri İtaliya ədəbiyyatına təsir edərkən, Nerval həm də müasir sürrealizmin ən böyük ilham qaynaqlarından biri oldu.

Hərbi həkimin oğlu

Jerar de Nerval 1808-ci il mayın 22-də Parisdə doğulmuşdu. Nerval iki yaşında ikən anası vəfat edib. Atası Napoleonun ordusunda xidmət edən hərbi həkim idi. Orduda xidmətdə olarkən oğlunu Mortfonten şəhərində yaşayan əmisi Antuan Buşerin evinə göndərmişdi.

Nerval uşaqlığının altı ilini əmisi ilə keçirmiş, bundan sonra Parisə qayıdaraq atası ilə yaşamışdı. Valua mahnıları və əfsanələrini atasının hərbi xidmətdən qayıtmasından sonra gəldiyi Parisdə yazmışdı. Oğlunun işlərinə o qədər də maraq göstərməyən atası onun xarici dil öyrənməsinə böyük əhəmiyyət verirdi, alman və italyan dillərini öyrənməsini istəyirdi. Bunun üçün əlindən gələn hər şeyi edirdi.

Bir çox gənc kimi Nerval da Karl liseyində oxuyub, ilk şeirlərini də orada yazıb, nəşr etdirib. Yenə də bir çox gənc kimi bu səbəbdən atası ilə arasında kəskin fikir ayrılıqları vardı. Amma böyük istək və istedadı atanı tanımır, şeir yazmağa davam edirdi. Nervalın ilk şeirlərində Kazimir de la Vin, nəsrində isə Hoffmanın təsiri görünür.

Universitetdə oxuyarkən Teofil Qote və Aleksandr Düma ilə dostluq etmişdi. Şeirlərində romantik deizm yer alan Nervalın pərəstişkarları arasında Viktor Hüqo da vardı.

Nervalın əsərləri haqda biblioqrafik məlumat vermək çətindir. Əsərlərində bir çox fərqli mövzuya toxunub, bir-birindən fərqli istiqamətlərdə özünü göstərib: pyeslər, tərcümələr, şeirlər, dramatik məqalələr, hekayələr, etiraflar, səyahət xatirələri, hətta “Markiz de Fayal” adlı yarımçıq qalmış romanı və bir elmi araşdırması. Bir müddət “Le Monde Dramatique” adlı jurnal nəşr etdirib, atasından qalma sərvətinin böyük hissəsini də bu məqsədlə xərcləyib.

Nervalın maskası

Nervalın bir müddət sonra yazdığı məqalələri yenidən yazması onun son dərəcə diqqətsiz olduğunu göstərir. XVI əsr şairlərini üç dəfə müzakirə edib, Frankfurta səyahəti haqda təəssüratlarını dörd fərqli başlıq altında yazıb. Nerval heç vaxt yazılarına öz soyadı ilə imza atmayıb. Həmişə fərqli imzalarla yazıb.

İlk yazıları Kadet Russel və ya M. Beqlan ləqəbləri ilə dərc olunmuşdu. Bundan başqa, Lui Jerval, Fritz, Aloizius, Eduard de Pyuikus adları Nerval üçün maska olaraq xidmət edib.

Bəzi yazılarına ad və soyadının ilk hərfləri ilə imza atıb, tez-tez təkcə Jerar adıyla… Nəhayət, Retif Breton kimi, ailə mülkünün adı olan Nervalda qərar tutub.

Valua nəğmələri

Şöhrət pillələrində ilk addımını “Faust”u tərcümə edərək atmışdı. “Faust”un müəllifi Höte onun tərcüməsini bəyənmişdi. Uzun illər tərcüməçiliklə məşğul olub. Nerval sayəsində Fransada Hoffmann, Klopatok və Rükert kimi alman şairləri, musiqiçiləri və roman müəlliflərini tanımaq mümkün oldu. Bundan sonra ikinci dəfə “Faust” haqda məqaləsini yazdı. Anri Heynin parlaq şeirlərini fransız dilinə tərcümə etdi.

Dərin araşdırmaları sayəsində zamanında qiymətləndirilməmiş və ya unudulmuş, amma böyük istedad sahibi olan bəzi müəllifləri üzə çıxardı.

Nerval zəngin, amma çox dağınıq fransız folklorunu tərtib edən ilk fransız idi. Valua nəğmələri və nağılları ilə bağlı araşdırmaları böyük marağa səbəb olmuşdu.

Üfüqə çatmaq

Nervalın həyatı və xəyalları onun yaradıcılığına böyük təsir göstərmişdi. Səyahətləri, xoşbəxt uşaqlıq xatirələri və çətin vaxtlarda gördüyü yuxuları əsərlərinin ən parlaq səhifələrinə ilham vermişdi. Bəzən daima qaçıb özünü xilas etmə, çox vaxt da öz ədəbi dünyasının tələb etdiyi bir ehtiyacla gəzgin həyat keçirib. Bu yorulmaz səyahətçi Belçika, Hollandiya, İsveçrə, Avstriya, Almaniya və İtaliya kimi Avropa ölkələrini gəzməklə yanaşı, Osmanlı, Misir və Suriya kimi Şərq ölkələrinə də getmişdi. Reyn sahilləri, Misir və Suriya ən çox sevdiyi ölkələrdi.

Bir çox ölkəyə səyahət edən Nerval heç bir şəhərdə uzun müddət məskunlaşa bilməmişdi.

Səyahətlərinə planlaşdırmamış çıxırdı. Nerval bəlli saatlarda stansiyalara gələn qatarları, vaxtı müəyyən olunmuş bərələri sevmirdi. Şansın gətirdiyi at arabalarında onların getdiyi yerlərə səyahət etməyi üstün tuturdu. Kataloqlara görə müəyyən edilmiş yerlərə getmək onun işi deyil. Səyahətlərindən bəhs edən yazılarında dənizlərdən ilham alınmış kədərli xəyallar, göllər üçün yazılmış uzun şeirlərə rast gəlinmir. O, hər şeylə maraqlanırdı. Harada olmasından asılı olmayaraq yaşadığı dünyada edilən, söylənilən, hətta yeyilən və ya içilən hər şey bu maraq dünyasında daxil idi.

Monmartr dəyirmanları

Zaman keçdikcə Nervalın belə möhtəşəm səyahətlərə çıxmaq ehtirası söndü. Ətrafı daraldı, yalnız vətəninin sərhədlərinə sığacaq qədər kiçildi. Özünün dediyi kimi, bundan sonrakı həyatı Kral Sarayını və Monmartr dəyirmanlarını kəşf edən bir parisli kəndlinin səyahətlərindən ibarət idi. İndi onun ən uzun səyahəti Fransa qədərdi. Buralar Nervalın ata ocağı, dar küçələr, qapı önündə oturan insanlar və gənc qızların mahnı oxuqları meşə mənzərələrindən ibarətdi. Nerval bu yerləri sevirdi. Şair tərk edilmiş bu kiçik qəsəbələrdə - öz gəncliyinin Parisindən nələrsə tapa bilirdi. Uşaqlığından, ata və anasından izlərini daşıyırdı bu yerlər.

Valuada uzun gəzintilərinin sonunda ən gözəl hekayəsi “Silvi”ni yazdı. Hekayənin çərçivəsini Fransa mənzərələri təşkil edir: axar sular, göllər, meşələr, qovaq ağaclarının hərbi nizamı, yalnız monastırların xarabalıqları...

Nerval bundan sonra “Cəhənnəmə enmək” əsəri ilə həyatına hakim olan yuxu haqqında danışmağa başlayır. “Oreli” onun böyük etirafı və qismən də vəsiyyətidir. Orada düşüncəsinin sirləri içindən keçən uzunmüddətli xəstəliyindən bəhs edir. Əsərdə iki Nerval qarşılaşır. Biri ağlı başında, sakit, hər şeylə maraqlanan Nerval, digəri hər şeyi anlamış və özünü bir az da kiçik müqəddəs kimi görən Nervaldır. Ağlı başında olan Nerval digərinin cəfəngiyatlarını və kabuslarını görür, xatirələr və xəyallarındakı qarışıqlığı yoluna qoymaq istəyir. Bəzən elə olur ki, həqiqət işığı bu ikinci Nervalın düşüncəsini işıqlandırır. Qiyamət mənzərələrini təsvir edərkən birdən-birə şəxsi həyatından, Sena sahillərindən, botanika bağından və həkim Blanşın qoz ağacları ilə zəngin bağından bəhs edir.

Xərçənglə pospektdə

Dövrün mason dünyasının önəmli simalarından biri olan Nerval narkotikə aludə olmuşdu. Depressiya və bu səbəbdən bir neçə dəfə ruhi xəstəxanaya yerləşdirilmişdi.

Şairin son on beş ili bəzən sakit, bəzən də sinir gərginliyi içində keçir. Əhvalındakı tarazsızlıq özünü müxtəlif formalarda göstərir. Məsələn, küçədə gəzərkən evlərin nömrələrini göstərən lövhələrdən həyatın və ölümün mənasını çıxarır, bir gün də böyük bir xərçəngin boynuna ip bağlayaraq prospektlərdə köpək kimi gəzdirirdi, başqa bir gün də küçədə paltarlarını çıxarıb atırdı.

Ona bu davranışlarının normal olmadığı deyiləndə çox ağıllı dəlillərlə bunun səbəblərini izah edir, hər kəsi buna inandırmaq istəyirdi. Nəhayət, şairin mütləq qayğıya ehtiyacı olduğuna əmin olan həkimlər onu 1841-ci ildə həkim Blanşın xəstəxanasına yerləşdirdilər. Bir müddət müalicədən sonra sağaldığı bildirilərək, evə buraxıldı. Ancaq 1849-cu ildə yenidən xəstəxanaya getməli oldu.

İsti bir qış günü

Səyahətlərinin çoxunu bu vaxtlarda reallaşdırdı və o dönəmlərdə Fransa ədəbiyyatına bir çox gözəl əsərini bəxş etdi. Ancaq bütün bu uğurlara və ona göstərilən qayğıya baxmayaraq, qurbanını gözləyən qəddar nəticənin qarşısı alınmadı.

47 yaşında Parisdə bir parkda ailəsi ilə birlikdə gəzintiyə çıxan ilk aşiq olduğu qadını görür. Uşaqlarıyla xoşbəxt olan ataya, yəni o qadının ərinə qısqanclıqla yanaşaraq yenidən depressiyaya düşür. Başqa bir iddiaya görə, ilk sevgilisini uşaqları və əri ilə birlikdə yemək yeyərkən görmüşdü.

Nerval bu hadisədən sonra - 1855-ci il yanvarın 26-da soyuq qış axşamında teatra gedir, daha doğrusu ora getmək niyyəti ilə yola düşür. Amma teatr binasına girmək əvəzinə, onun yanındakı restorana gedir. Saatlar keçir. Nerval öz dünyası və xəyallarına o qədər qapılmışdı ki, oradan çıxmaq ağlına gəlmir. Ofisiant belə sirli düşüncələrə qapılmış müştəriyə getməli olduğunu deyə bilmir.

Ancaq saat 1-də Nerval düşüncələrini başqa bir yerə aparmaq üçün yola düşür. Qaranlıq küçələrdən keçərək Çateletə doğru addımlayır və yoxa çıxır. Ertəsi gün səhər küçə lapmasından asılı olaraq tapılır.


Müəllif: Mənsur Rəğbətoğlu