9 Yanvar 2022 08:16
3 974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev 2022-ci ili Şuşa ili elan edib. Bu ilə töhfə vermək baxımından Teleqraf.com “Şuşalılardan xatirə” başlıqlı layihəyə başlayır. Layihə çərçivəsində Şuşada doğulan məşhur azərbaycanlıların həyatlarından maraqlı epizodları təqdim edəcəyik. Layihəmizin birinci yazısında Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlunun 1935-ci ildə Türkiyə mətbuatına verdiyi bir müsahibəni təqdim edirik.

Sürəyya Ağaoğlu 29 iyul 1903-cü ildə Şuşada doğulub. 1910-cu ildə ailəsi ilə birlikdə Türkiyəyə köçüb. 1921-ci ildə Bezmə Aləm Validə Sultan məktəbini bitirib. 1921-ci ildə İstanbul Universitetinin hüquq fakültəsinə sənədlərini verib, 1925-ci ildə oranı bitirib. 5 dekabr 1927-ci ildə Ankara Vəkil Bürosuna üzv olub. 1928-ci ildə müstəqil vəkil lisenziyasını alaraq Türkiyə Cümhuriyyətinin ilk qadın vəkili, qadın hüquqlarının müdafiəçisi ünvanını qazanıb. 1936-cı ildə Ankara Vəkil Bürosundan İstanbul Bürosuna keçib. İngilis və fransızca mükəmməl bilən Sürəyya Ağaoğlu məslək həyatı boyunca çox sayda dövlətlərarası beynəlxalq konfranslarda iştirak edib. 1946-1960-cı illərdə İstanbul Vəkil Bürosunun İdarə Heyətinin yeganə qadın üzvü kimi fəaliyyət göstərib.

S.Ağaoğlu Türkiyənin sosial-ictimai həyatında bir çox ilklərə imza atıb: Türkiyə Hüquqşünas Qadınlar Dərnəyinin, Universitetli Qadınlar Dərnəyinin, Azad Fikirləri Yayma Dərnəyinin, Soroptimistlər İstanbul Klubunun, Türk-Amerikan Universitetlər Dərnəyinin, Uşaq Dostları Dərnəyinin qurucularından olub, həmin dərnəklərin bir çoxuna rəhbərlik edib.

Sürəyya xanım iki kitab müəllifidir. “Londonda gördüklərim” və “Bir ömür belə keçdi” əsərləri Ağaoğlu ailəsi ilə bağlı zəngin xatirələrdən ibarətdir. Sürəyya xanım 1982-ci ildə Bakıda olub.

29 dekabr 1989-cu ildə İstanbulda “Qadın hüquqları və müasirləşmək” adlı bir konfransdan ayrılarkən beyninə qan sızması nəticəsində vəfat edib.

***

“Bir qadın vəkil məhkəməyə gedərkən yetərincə boyana bilər”

Sürəyya xanım əlində şıq çantası, üzərində olduqca şıq və yaxşı tikilmiş qara cübbəsi ilə dəhlizdə gəzişərək növbəsini gözləyirdi. Dəyərli mütəfəkkir Ağaoğlunun nəzakətli qızı gənc yaşına rəğmən böyük hüquq proseslərində qara cübbəlilər arasında səs salıb. Məhkəmədən çıxanda onu sorğu-suala tutdum. Gördüm ki, gənc qara cübbəlinin dodaqlarında pomada, üzündə xəfif pudra vardı. Çox gözəl danışığı ilə tanınan vəkildən soruşdum:

- Bir qadın vəkilin məhkəməyə makiyajlı çıxmasının tərəfdarısınız, elə deyilmi?

Gülümsədi:

- Olduqca təbii deyilmi? Necə ki kişi vəkillər məhkəməyə təraş olmuş, saçlarını daramış vəziyyətdə daxil olurlarsa, bir qadın vəkil də xəfif makiyajla vəkalət kreslosuna otura bilər. Nəhayət, məhkəmə hüzuruna mədəni bir qiyafətdə çıxmaq lazım deyilmi? Əmin olun ki, Fransada ən şıq qadınlar vəkil qadınlardırlar. Halbuki bizdə nəyə görəsə bir məsləkdə çalışan qadının qadınlığından ayrılıb mütləq kişi kimi hərəkət etməsi, yaşaması əsas zənn edilir. Sizdən soruşuram. İş otağı darmadağınıq, saçı-başı bir-birinə qarışmış, saqqalı bir qarış uzanmış bir vəkilə işinizi həvalə edərdinizmi? Belə bir mənzərə qarşısında: “Bu adamcığaz özünə bu qədər səhlənkardırsa, mənim işimlə nə dərəcədə maraqlanacaq?” deyərək çıxıb gedərsiniz. Bir kişi vəkil özünə necə qayğı göstərirsə, bir qadın vəkil də eyni vəziyyətdə olmalıdır.

- Sizin haqqınızda “qadınların işini qəbul etmir, kişilərin müdafiəçisidir” deyirlər.

Bu sualım gənc vəkili xeyli güldürdü

- Səbəb? Elə bir şey yoxdur. Amma qadınların əksər işləri boşanma ilə bağlıdır. Halbuki mən prinsip olaraq boşanma işlərini qəbul etmirəm. Ona görə də qadın müştərim azdır. Bəlkə, buna görə səhv anlaşılmışam.

- Heç boşanma işi götürmürsünüz?

- Demək olar ki, yox. Yaxından tanıdığım kimsələr istisnadır.

- Bunun səbəbini soruşa bilərəmmi? Nə üçün boşanma işlərini götürmürsünüz?

- Bilmirəm. Hər kəsin kirli işlərini görmək istəmirəm. Boşanma işləri həyatın bir çox kirli, pis tərəflərini vəkilə göstərir. Hər kəsin kirli işləri ilə məşğul olursunuz. Bu, insana ümidsizlik verir, həyatdan soyudur. Halbuki mən həyatı yaxşı görmək tərəfdarıyam.

- Həqiqətən, vəkilliyin qazancı çoxdurmu?

- Qətiyyən. Əmin olun ki, bu cəmiyyət içərisində həyatdan nəsibini ala bilməyən bir kütlə varsa, o da vəkil sinfidir. Nə çarə ki vəziyyət həqiqətən də belədir.

- Buna rəğmən məsləyinizdən məmnunsunuz?

- Olduqca. Öz hesabıma deyim ki, vəkillikdən mükəmməl bir məslək görmürəm.

- Məhkəməyə çıxdığınız zaman insanlardan sıxılırsınızmı? Bir qadın vəkil... Bizdə olduqca yeni bir şeydir. Bütün nəzərlər sizdə. Nələr hiss edirsiniz?

- Hər dəfə hakim qarşısına çıxdığımda ilk dəfə məhkəməyə daxil olduğum zamankı həyəcanı qüvvətli şəkildə hiss edirəm. Bu həyəcan məndə heç əskilməyib.

- Yaxşı, işinizdən yorulduğunuz zaman necə dincəlirsiniz, necə vaxt keçirirsiniz?

Axşam evimə gedincə dincəlirəm. İnsanın zəkalı bir atası və gözəl bir süfrəsi olduqdan sonra bu, yetərli səadət deyilmi? Ən böyük zövqüm gözəl bir süfrənin başında atamla söhbət etməkdir. Atama hər xüsusda heyranam. Necə gənc adamdır. Gecə yarısına qədər oxuyur. Hətta gecə yarısından çox sonraya qədər. Onun yata bilməsi üçün iki şey lazımdır: kitab və bromid. İkisindən biri olmasa, çox narahat olur. Oxumadan və bromid qəbul etmədən yata bilmir.

- Atanız sizin məsləyinizdən məmnundurmu?

- O da hər ata kimi mənim çöldə çox məşğul olmağımdan bəzən şikayət edir, evdə olmağımı istəyir. Lakin bir az nəşəsiz görünsəm, o an ovutmağa çalışar.

Yavaş-yavaş pilləkanlardan endik. Qara cübbələrin olduğu böyük qarderob otağının önünə gəlmişdik. Ədliyyənin neçə illik eşməbığlı cübbəçisi həmən gəldi. Xanım Sürəyyanın cübbəsini böyük bir etina ilə üzərindən götürdü. Cübbə çıxınca Sürəyya xanımın şıq əlbisəsini gördük. Başına şıq bir şapka qoydu.

- Geyiminizə çox diqqət edirsiniz, deyəsən.

Güldü:

- Aman nə deyirsiniz. Bu gün özümə diqqət etməmişəm heç. Bir az xəstələnmişəm.

Böyük bir nəzakətlə məndən ayrıldı.

Hikmət Feridun

(Taha Toros arxivi)


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər