Sünikdəki, Qara göl (Sev liç) yaxınlığındakı vəziyyətlə bağlı Azərbaycan tərəfi ilə danışıqlar davam edir və hələlik heç bir nəticə yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Gorusda olan Ermənistan baş nazirinin müavini səlahiyyətlərinin icraçısı Tiqran Avinyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, KTMT-yə müraciət olunub: "Ermənistan KTMT-yə üzv ölkələrin üzləşdiyi təhdidi aradan qaldırmaq üçün tədbirlər görülməsi məqsədilə Kollektiv Təhlükəsizlik Müqaviləsinin 2-ci maddəsinə əsasən müraciət edib".
Avinyan KTMT-yə müraciətin artıq rəsmən göndərildiyini və ona baxılması üçün üç günlük müddətin olduğunu da əlavə edib.
Qeyd edək ki, Azərbaycan Ordusunun sərhədləri müəyyənləşdirmək üçün qanuni addımlarına qarşı Ermənistan müqavimət göstərir. Bunu “Ermənistanın sərhədlərinə müdaxilə kimi” qələmə verməyə çalışan İrəvan Qarabağın işğalda saxlanıldığı vaxt qanunsuz olaraq bir neçə kilometr qabağa çəkdiyi dövlət sərhədini qorumağa çalışır.