11 Noyabr 2022 12:12
1 456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın sabiq müdafiə naziri, parlamentdəki “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyanın deputat toxunulmazlığı ləğv edilə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Ermənistan Prokurorluğundakı mənbəyə istinadən yazır.

“Prokurorluq müxalifətdən olan deputatların toxunulmazlıqdan məhrum edilməsi ilə bağlı vəsatətin təqdim olunmaması barədə qərarın olmadığına israr etsə də , mənbələrimiz bildirir ki , yaxın vaxtlarda yeni təyin olunmuş prokuror Anna Vardapetyan bu barədə məhkəməyə müraciət edə bilər. Bu çərçivədə “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyanın toxunulmazlığının ləğv edilməsi ilə bağlı vəsatət veriləcək”, - nəşr bildirir.

Toxunulmazlıqlarının ləğv ediləcəyi gözlənilən digər müxalif deputatlar isə Vahe Akopyan və Armen Çarçyandır. Yeni prokuror onların deputat toxunulmazlığından məhrum edilməsi üçün vəsatət qaldıracaq. Nəşr iddia edir ki, ilk hədəf Seyran Ohanyandır.

Deputatlara qarşı açılan cinayət işləri müxtəlif məsələlərlə bağlıdır. Toxunulmazlığı ləğv ediləcəyi halda Ohanyanın həbs ediləcəyi istisna edilmir.

Qeyd edək ki, Ermənistanın sabiq müdafiə naziri azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımının təşkilatçılarından və iştirakçılarından biridir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər