Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu müzakirə etmək yersiz və zərərlidir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Diplomat Rusiyanın Ermənistandakı hərbi bazası mövzusuna toxunaraq xatırladıb ki, onun yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da hər iki dövlətin milli maraqlarına əsaslanaraq bağlanıb:
“Bu sənədin 26-cı maddəsinə əsasən, hərbi qulluqçularımızın qalma müddəti 49 ildir, bundan sonra müqavilə avtomatik olaraq beş illik müddətə uzadılır”.
Qaluzinin sözlərinə görə, rus əsgər və zabitləri təkcə Ermənistanda yox, həm də bütün Cənubi Qafqazda sülh və təhlükəsizliyi effektli şəkildə təmin etməkdə davam edir.
“Biz respublikada (Ermənistanda) hərbi mövcudluğumuzla bağlı hər hansı müzakirələri zərərli və yersiz hesab edirik”, - Rusiya rəsmisi vurğulayıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov da mövzu ətrafındakı müzakirələri "Ermənistan üçün təhlükəli" adlandırmışdı.