Rusiya Federasiyası İrəvanda Leninqrad blokadası uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunmasını vandalizm aktı adlandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın yazılı bəyanatında bildirilib.
Rusiya XİN sözçüsü abidə ilə bağlı baş verən vandaliz aktını qətiyyətlə pisləyib.
"Yanvarın 29-da İrəvanda Leninqrad blokadası uşaqlarının xatirəsinə ucaldılmış abidədə törədilən vandalizm aktını qətiyyətlə pisləyirik. Dərin təəssüf hissi ilə qeyd edirik ki, bu, Rusiya və Ermənistan üçün ümumi olan tarixin qəhrəmanlıq səhifələrinə həsr olunmuş abidələrin təhqir olunması ilə bağlı ilk hal deyil. Biz dost erməni xalqının baş verənlərə qarşı kəskin reaksiyasını görürük. Biz Ermənistan Hakimiyyəti orqanlarından bunu, eləcə də gələcəkdə baş verə biləcək bu cür barbarlıq təzahürlərinin qarşısının alınmasını gözləyirik.
Rusiyanı və onun Cənubi Qafqazdakı rolunu ləkələmək üçün Ermənistanda başladılan ictimai kampaniya çaşqınlıqlar yaradır. Biz mühasirə zamanı həlak olmuş 1 milyon 384 min leninqradlının işıqlı xatirəsinin ələ salınmasına imkan verməyəcəyik. Bu dəhşətli cinayətlə əlaqədar biz müvafiq federal qurumlarla, o cümlədən bu vandalizm aktı ilə bağlı cinayət işi açan Rusiya Federasiyasının İstintaq Komitəsi ilə qarşılıqlı əlaqədəyik.
İrəvandakı Rusiya Elm və Mədəniyyət Mərkəzinin direktoru Ermənistan Baş Prokurorluğuna rəsmi müraciət ünvanlayıb. Yanvarın 30-da axşam saatlarında Ermənistanın səlahiyyətli orqanları cinayət işi açıb", deyə Zaxarovanın bəyanatında qeyd olunub