2017-ci ildə Bakıda baş tutmuş Formula 1 yarışı dünyanın aparıcı kütləvi informasiya vasitələrində keçirilmiş sorğularda avtoidman azarkeşləri, media nümayəndələri və Paddok Klubun təmsilçilərinin əksəriyyəti tərəfindən mövsümün ən həyəcanlı və ən gözlənilməz anlar ilə dolu yarışı kimi qiymətləndirilib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Trend-ə verilən məlumata görə, yarış zamanı Luis Hamilton ilə Sebastian Fettel arasında baş vermiş toqquşma avtoidman tarixində baş vermiş ən yaddaqalan hadisələrdən biri olub. Xatırladaq ki, Bakıda baş tutan son yarışda Red Bull komandasının pilotu Daniel Rikkardo gözlənilməz şəkildə qələbə qazanmışdı. Onu ardıcıl olaraq Mercedes və Williams komandalarının pilotları Valteri Bottas ilə Lens Stroll izləmişdilər. Üçüncü pilləyə çıxan Lens Strol bu nəticə ilə Formula 1 tarixində debüt ilində podiuma çıxan ən gənc pilot ünvanına məhz bu yarışda yiyələnmişdi.
Bundan başqa, Formula 1-in təkər təchizatçısı Pirelli şirkətinin yayımladığı son hesabatında bildirilir ki, 2017-ci ildə bütün Qran Prilər arasında Bakı yarışı 42 ötmə ilə ən çox ötmənin olduğu yarış olub. Həmin ötmələrin birində D.Rikkardo 1-ci döngədə bir dəfəyə üç bolidi keçmişdi və bu, Formula 1 şirkəti tərəfindən minlərlə azarkeş arasında ilin ən yaxşı 10 ötməsi arasında ən çox bəyənilən ötmə olub. Red Bull pilotu da bu ötməni özünün yarış mövsümündə reallaşdırdığı ən yaxşı ötmə kimi qiymətləndirir.
2017 Formula 1 Azərbaycan Qran Prisi bir sıra beynəlxalq media qurumları tərəfindən yarış mövsümünün nəticələrinə dair keçirilən sorğuların əksəriyyətində ilin yarışı adına layiq görülüb:
Daily Mail – İlin Yarışı
The Times – Ən Yaxşı Yarış
The Guardian – Ən Möhtəşəm An
Sky Sports – İlin Yarışı
Bild am Sonntag – İlin Yarışı
“Fettelin toqquşması, yeddi pilotun yarışı axıradək başa vura bilməməsi, saysız toqquşma anları, Rikkardonun gözlənilməz qələbəsi və gənc pilot Strollun podiuma çıxışı 2017 Azərbaycan Qran Prisini mükəmməl Formula 1 şousuna çevirdi”.
ViaSat – Ən Yaxşı Yarış
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov ötən mövsümün Bakı yarışına dair beynəlxalq medianın apardığı qiymətləndirmələrin nəticələrinə belə münasibət bildirib: “Biz çox şadıq ki, ötən yay Bakıda baş tutmuş Azərbaycan Qran Prisi bütün dünyada avtoidman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Burada fürsətdən istifadə edərək BŞH-nin bütün kollektivinə öz təşəkkürümü bildirirəm. Məhz onların əməyi və əzmi nəticəsində biz 2017-ci ildə belə bir möhtəşəm yarışı reallaşdırdıq. Bakıda baş tutan ikinci Formula 1 yarışı onu göstərdi ki, trek bizim uzun müddətdir həyata keçirməyə çalışdığımız ən baxımlı yarışa ev sahibliyi etməklə artıq öz xüsusiliyini ortaya qoya bilib. Son illər belə dramatik hadisələr və gərginliklə dolu başqa bir yarışı xatırlamaq mümkün deyil. Bundan başqa, ötən yarışda həm yerli, həm də beynəlxalq tamaşaçıların yarışa göstərdiyi maraqda böyük artım qeydə alındı və həmçinin 2017-ci ilin ən yaxşı yarışını reallaşdırmaqla yanaşı Formula 1 həvəskarlarına unudulmaz əyləncə proqramı təqdim etdik. Biz əminik ki, 2018 Formula 1 Azərbaycan Qran Prisi trekdə və trekdən kənardakı möhtəşəm məqamları ilə bütün avtoidman həvəskarlarına əvvəlkilərdən daha artıq həyəcanlı anlar bəxş edəcək. Yeri gəlmişkən bütün Formula 1 azarkeşlərini gələn ilin aprelində Bakı şəhərinə gəlib yarışı yerində canlı izləməyə dəvət edirəm. Deyəcək tək bir sözüm qalıb: Gözlənilməyəni gözləyin! Gələn il Bakıda görüşənədək”.
Qeyd edək ki, Bakıda növbəti Formula 1 yarışı 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək.