Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində üçüncü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə yerli media nümayəndələrinin akkreditasiyası prosesinə başlayıb.
Bakı Şəhər Halqasından Teleqraf.com-a bildirilib ki, Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə, 2018 FIA Formula 1 Dünya Çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur.
BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri, Milli Mətbuat Katibi Nigar Arpadarai yerli media nümayəndələrini tezliklə yarışa qeydiyyatdan keçməyə dəvət edib: “Hər ötən il daha çox sayda yerli media nümayəndələrinin yarışda iştirak etməsi bizi çox sevindirir. Bu il də bütün gücümüzü səfərbər etmişik ki, Azərbaycan Qran Prisində çox sayda yerli media təmsilçisi iştirak edərək yarışı ölkə ictimaiyyəti üçün yüksək səviyyədə işıqlandıra bilsin. Bildiyiniz kimi, Formula 1 yarışlarında iştirak edəcək media nümayəndələri müəyyən kriteriyalara tabe tutulurlar və yalnız müvafiq yüksək göstəricilərə malik jurnalistlər FIA və FOM-un təsdiqi ilə yarışa buraxılırlar. Biz də öz növbəmizdə ilboyu çalışırıq ki, ölkəmizdə Formula 1-dən yazan jurnalistlərin sıraları genişlənməklə və xəbərlərin keyfiyyəti daha da yüksəlməklə akkreditasiyanın tələblərinə cavab verən yerli media nümayəndələrinin sayı artsın. Fürsətdən istifadə edərək bütün yerli jurnalistləri gecikmədən 2018 Formula 1 Azərbaycan Qran Prisinə qeydiyyatdan keçməyə dəvət edirəm. Hamınıza bu prosesdə uğurlar arzulayıram”.
Akkreditasiya prosesi ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+99412) 4041383 nömrəsinə zəng edə və ya [email protected] email ünvanına yaza bilərlər. Əməliyyat şirkəti yanvarın 8-də yerli media nümayəndələri üçün 2018 Formula 1 Azərbaycan Qran Prisinin akkreditasiya prosesi ilə bağlı seminar keçirəcək. Bu seminarda iştirakçılara akkreditasiyaya dair geniş məlumat veriləcək və həmçinin qeydiyyat prosesi ilə əlaqədar bütün qaranlıq məqamlara aydınlıq gətiriləcək.