17 Noyabr 2016 11:34
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda "Təlimin keyfiyyətinin yüksəldilməsi" mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, konfransda çıxış edən Azərbaycan Müəllim İnkişafı Mərkəzinin direktoru Qrem Pollok bildirib ki, konfransda məktəblərin, məktəb rəhbərləri və müəllimlərin, eləcə də şagirdlərin təlim nailiyyətlərini yüksəltmək istiqamətində müzakirələr aparılacaq.

Qrem Pollokun sözlərinə görə, konfransda iki tanınmış beynəlxalq məruzəçi - Amerika Birləşmiş Ştatlarından Bill Martin və Yeni Zelandiyadan Debra Mastersi iştirak edir: "Bill və Debra bizi beynəlxalq tədqiqatlar fonunda tədris praktikamız ətrafında düşünməyə ruhlandıracaq".

Avropa-Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov çıxışı zamanı qeyd edib ki, Azərbaycan Müəllim İnkişafı Mərkəzinin yeni binasının açılışı Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına töhfədir: "Avropa-Azərbaycan Cəmiyyəti ölkədə təhsilin inkişafına xüsusi önəm verir. Bu məqsədlə ölkədə ən qabaqcıl təhsil standartlarına cavab verən Avropa-Azərbaycan Məktəbi təsis edilib.

Məktəb 3-5 yaşlı uşaqlar üçün erkən elm, ibtidai və tam orta məktəb pilləsində yerli və beynəlxalq standartlar üzrə təhsil verir. Məktəb Beynəlxalq Məktəblər Şurasına üzv qəbul olunub, Beynəlxalq Bakalavrlar Təşkilatının diplom proqramı üzrə avtorizasiya alıb.

Cəmiyyət tərəfindən təsis edilmiş "TEAS Press" və"Üç alma" nəşriyyatları vasitəsilə beynəlxalq təhsil proqramları əsasında Azərbaycan dilində tədris resursları, dünya miqyasında böyük nüfuz qazanmış tanınmış şirkətlərlə əməkdaşlıq nəticəsində 150-dən çox adda elmi-kütləvi və bədii-tədris vəsaitləri çap olunub".

Tale Heydərov sözlərinə görə, 2 gün davam edəcək konfrans iştirakçıları bu nəşrlərdən ibarət təşkil edilmiş sərgidə kitablarla tanış olmaq imkanı qazanacaq.

Tale Heydərov bildirib ki, postsovet məkanında müəllim hazırlığı üzrə yeni model hesab etdiyimiz Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təsisi təhsil sahəsində böyük nailiyyətdir: "Müəllimlər üçün əlavə təhsil mərkəzi kimi quruma dövlət tərəfindən lisenziya verilib. Mərkəzə işin müasir standartlar çərçivəsində təşkili üçün yüksək səviyyəli mütəxəssislər cəlb olunub. Müəllim hazırlığı üzrə yeni proqramlar yaradılıb.

Mərkəzdə müəllim hazırlığı üzrə elmi pedaqoji tədris kitabxanası təşkil edilib, kitabxana ən müasir avadanlıqlarla təchiz olunub. Konfransda yerli təhsil sisteminə baxışların dəyərələndirilməsi əsas məqsədlərdən biridir. Təhsili dəstəkləyən yeni maraqlı məruzələr dinləniləcək, təqdimatlar keçiriləcək. İnanıram ki, konfransın işi səmərəli olacaq, yeni əlaqələr yaradılacaq".

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Avropa-Azərbaycan Cəmiyyətin ən müxtəlif sahələrdə innovativ fəaliyyətə böyük üstünlük verir: "İnnovativ fəaliyyət olmasa yeni nəsli tərbiyə etmək, gələcəyə hazırlamaq çətindir. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı ideyadan reallığa keçidə böyük təkan verdi. İnnovativ fəaliyyətlər ölkə reallıqları nəzərə alınmaqla daha çox fayda verir. Konfrans yeniliklərə açıqdır.

Konfransa dəvət edilən ekspertlər dünyada qəbul olunub, onların innovativ baxışları sınaqdan keçirilib. Konfransa hazırlıq prosesi, konfransın ana tezisləri, mahiyyəti iştirakçılara çatdırılıb. Bu konfrans təhsilimiz üçün yeni baxışdır".

Daha sonra konfrans mühazirələrlə davam edib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər