Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı “Xocalı Soyqırımı” adlı kitab orijinal dizayn və nəfis tərtibatla Azərbaycan, ingilis, rus, fransız, alman, ispan və ərəb dillərində çap edilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, kitabdakı bölmələrdə Azərbaycan ərazilərinin işğal tarixi, Ermənistanın təcavüzünün nəticələri barədə məlumat, xəritə, işğal nəticəsində dağıdılmış obyektlər və dəymiş ziyan haqqında müfəssəl məlumatlar verilib.
Kitabın əsas bölümündə Xocalı rayonunun tarixi və işğaldan əvvəlki dövrü, ermənilər tərəfindən Xocalıda törədilmiş vəhşiliklər, soyqırım zamanı həlak olanlar, itkin düşənlər, əsir və girov götürülənlər haqqında ətraflı məlumat daxil edilib.