“Serj Sarkisyan Ermənistanda parlament seçkilərini aprelin 2-nə təyin edib. Ötən il aprelin 2-də cəbhədə baş verən hərbi əməliyyatlar zamanı erməni ordusu ciddi zərbə alıb. İndi ermənilər seçkini aprelin 2-nə təyin etdiyi üçün prezidenti qınayırlar. O da çalışır seçkiöncəsi mühiti öz xeyrinə dəyişsin, bir növ əzələ nümayiş etdirsin. Rusiyadan silah alıb, özlərini bir qədər arxayın hiss etməyə başlayıblar. Ancaq yenə yanılırlar. Aprel şapalağı təkrar oluna bilər”.
Teleqraf.com xəbər verir ki, bunu deputat Rasim Musabəyov son günlərdə cəbhədə baş verən gərginliyi qiymətləndirərkən deyib.
O bildirib ki, düşmən Talış istiqamətində hərəkət etmək niyyətindədir: “Çünki o istiqamətdə yüksəkliklər Azərbaycan ordusunun əlinə keçdikdən sonra ermənilər Talışa qayıtmaq istəmir və qorxur. Ola bilər onlar bu istiqamətdə hərəkət etmək istəyərlər. Ancaq bizim də hərbçilərimiz hazır vəziyyətdədir. Hazırda erməni tərəfi ağır texnikanı cəbhə xəttinə yaxınlaşdırır. Biz isə heç ağır texnikamızı cəbhə xəttindən geri çəkməmişik və tam hazırıq”.
Cəbhədə müşahidə olunan vəziyyətə Rusiyanın reaksiya vermədiyini qeyd edən Musabəyov ermənilərin monitorinq təklifindən danışıb: “Arzuları odur ki, mövcud cəbhə xəttini etibarlı şəkildə dondursunlar. Biz bununla razılaşa bilmərik. Rusiya tərəfi ermənilərə deyə bilər indi də siz gedin güc nümayiş etdirin. Bəlkə, bundan sonra Azərbaycan tərəfi sizin istəyinizə razılıq verdi.
Erməni tərəfinin hər hansı bir hərəkəti lokal yox, böyük döyüşlərə gətirib çıxara bilər. Sarkisyan Rusiyanın nökəridir və Moskvaya səfər edəcək. Başqa hara getməlidir ki? Şübhəsiz, səfər zamanı Ermənistanın gələcək hakimiyyəti məsələsini və cəbhədəki durumu müzakirə edəcək. Bunlar da bir-birilə bağlıdır. Nəzərə almaq lazımdır ki, Rusiyasız Ermənistan Azərbaycanın qarşısında duruş gətirmək imkanına malik deyil”.
Cavad