25 Fevral 2017 13:55
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin etnik təmizləmə siyasəti ilə bağlı Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun müəllifi olduğu kitabların təqdimatı olub.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun müəllifi olduğu “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimat mərasimi keçirilib.

Tədbirdə dövlət strukturlarının, akademik və təhsil qurumlarının, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin təmsilçiləri iştirak edib. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında bildirib: “Bu kitabların yığcam şəkildə mətni 31 səhifədən ibarətdir. Burada xəritələr və sənədlər var”.

O, kitabın ərsəyə gəlməsində rolu olanlara təşəkkür edib. Ə.Həsənov xatırladıb ki, Azərbaycan ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların tərkibində olub: “Kitabda bu dövrlərə aid məsələlər əksini tapıb. Kitab 8 dildə nəşr edilib. Dünya xalqları ola bilməz ki, bu 8 dildən birini bilməsin. Burada hər şey sistemlidir”.

Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki, bu kitab düşmənçilik aşılamır: "Erməni xalqı özü cinayətkar rejimdən əziyyət çəkir, hakimiyyətin girovuna çevrilib. Amma biz Xocalı faciəsini yaddan çıxara bilmərik. Bu qətliamı törədənləri hər kəs tanımalıdır. Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaqlar”.

Hər iki kitabın elmi redaktoru siyasi elmlər doktoru Elçin Əhmədov deyib ki, ermənilər azərbaycanlılara qarşı zaman-zaman soyqırımı, etnik təmizləmə siyasəti aparıb. Onun sözlərinə görə, bununla bağlı ciddi faktlar mövcuddur. O, kitablar haqqında məlumat verərək deyib ki, “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” kitabı 8 dildə nəşr edilib, kitabda son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil edilib: “XX əsrin 80-cı illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti, o cümlədən, 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələrə əsasən araşdırılır.

Xüsusilə, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı bütün insanlığa və bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Kitabda Xocalı soyqırımını tanınması ilə bağlı qəbul edilən sənədlər müxtəlif dillərdə təqdim edilib.

Elçin Əhmədov vurğulayıb ki, Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabında isə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin ayrı-ayrı mərhələləri araşdırılıb: “Erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalması mənbələrə əsasən təhlil edilir”.

Onun sözlərinə görə, bu kitablar gələcəkdə mənbə bazası olacaq. Milli Məclisin deputatı Musa Qasımlı çıxışında bildirib ki, ermənilərin azərbaycanlılara qarşı etdikləri insanlığa qarşı cinayətdir: “Bunun kökü böyük dövlətlərin strateji niyyətlərə, hədəflərə çatmaq istəməsi ilə bağlı olub. Buna görə də ermənilər Azərbaycan torpaqlarında yerləşdirilib. Təqdim olunan kitablar gələcək üçün mənbədir, mühüm faktlar mövcuddur”.

Deputat qeyd edib ki, böyük Ermənistan dövləti yaratmaq üçün ermənilər uydurma soyqırımı məsələsini ortaya atırlar. Digər tədbir iştirakçıları da ermənilərin azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasətindən bəhs ediblər, hər iki kitabı yüksək qiymətləndiriblər.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər