“Ehtiyatlı ol, oğlum!” Şəki avtobusunda yola çıxan ağbirçək ananın şəhərdə qalan oğluna dediyi bu sözləri eşidəndə diksindim – bir az tərs-avand göründü, əslində anaya oğul yol tapşırığı verməliydi.
Yəqin məni təsirləndirən başqa bir şey də vardı, sinəsi dağlı şəhid anasının hüzuruna gedirdim: Şəkiyə, Kiş kəndinə. Şəhid anası mənimlə - Bakıdan gəlmiş jurnalistlə danışmaq istəməyəndə o sözü xatırlayacaqdım: “Şəhidlər ölmür, analar ölür”. Telejurnalist Vəsilə Vahidqızının sözüdü.
Danışmağın ağlamaqdan çətin olduğu bir ünvana yolçuluq belə başladı.
Dağ kəndində şəhid ailəsi
Rəsmi məlumata görə, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş ilk 5 nəfərdən biri Şəkinin Kiş kəndində böyüyüb boya-başa çatmış, mayor Aqşin Abudullayevdi.
Aqşin sadə bir ailədə böyüyüb. Orta təhsilli atası İsmayıl kişi bir ara məktəbdə təsərrüfat işlərinə baxıb, anası Dursun xanım ibtidai sinif müəlliməsidi. Aqşin ilk təhsilini anasından alıb. Düzdü, sonra valideynlərinin sözündən çıxacaqdı, amma bu, sonra, Aqşin məktəbi bitirəndə olacaqdı.
Dursun müəllimə indi də məktəbdə dərs deyir, İsmayıl kişisə darvazadan on beş-iyirmi addım o yana, budkada xırda-xuruş satır. Dağ kəndində güzəran asan keçmir.
...Kiçik həyətdə qurulmuş iri yas çadırında tünlükdü. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Agentliyinin təmsilçiləri, müxtəlif QHT nümayəndələri - Şəmistan Əlizamanlı, Etimad Əsədov, Rey Kərimoğlu da burdadı.
Kiş kəndinin icra nümayəndəsi Mürvət Yusifovla bir qıraqda söhbətləşirik: “Rəsmi qaydada fevralın 27-də şəhidlərimizin adları açıqlandı, günortadan sonra onların neytral zonadan götürülməsi barədə məlumat gəldi. Qardaşı, qardaşının qaynı, qohumlar getdi. Şəhidin cənazəsi Beyləqandan gətirildi. Düzdü, Aqşin kəşfiyyatçıydı, onun həyatına təhlükə olduğu məlumuydu. Amma rəsmi məlumata qədər hələ ümid vardı, hələ gözləyirdik”.
Mürvət Yusifov Aqşini balacılıqdan tanıyır: “Belə bir qohumluğumuz var: anası mənim anamın bibisidi. Valideynləri onun müəllim olmasını istəyirdilər. Hərbi sahəni özü keçdi. Bu il onun hərbi akademiyaya getmək söhbəti vardı. Mayor idi, daha yüksək rütbə almaq üçün təhsilini artırmalıydı. Sənədlərini hazırlamışdı, bu il akademiyaya verəcəkdi. Ancaq hərbi tapşırıq aldı, onu yerinə yetirərkən həlak oldu.
Aqşin Abdullayev Kişin ilk şəhidi deyil. Ötən il aprel döyüşlərində Kişdən bir hərbçimiz də şəhid oldu. Orxan Hümbətov... Hərbi xidməti bitirəndən sonra orduda qalmışdı, idmançıydı, xüsusi təyinatlı dəstədəydi. Yanımızda əyləşən Elməddin müəllimin oğlu da hərbçidi, kəşfiyyatçıdı, hazırda hərbi qulluqdadı. Bayram müəllimin oğlu da hərbçidi, bölük komandiridi. Kişdə hərbi sahəyə meyl, vətənpərvərlik hissi güclüdü. Bəlkə dağ kənində yaşayırıq ondandı, ya buranın özü də sərhəd zonasıdı, bununla bağlıdı...”
Həmsöhbətimiz deyir ki, Aqşini sonuncu dəfə payızda görüb: “Aqşinin bir oğlu, bir qızı vardı, payızda bir oğlu da dünyaya gəldi. Kənddə onda görüşdük”.
Ailənin yaxınları danışır ki, Aqşinin bədənində 6 güllə yarası varmış. Güllələrin hamısını eyni zamanda alıb. Deyilənə görə, yoldaşlarından biri yaralanıb, onu çıxarmaq istəyəndə atəş altına düşüb. Atəşi ayaq üstə qarşılayıb...
“Məni müəllimliyə məcbur eləmə...”
Şəhidin atası İsmayıl Abdullayev oğluyla sonuncu dəfə hadisə günü, fevralın 24-ü günorta telefonla danışıb: “Beyləqanda xidmət keçirdi, dedi, ata, niyə gəlib nəvəni görmürsən? Dedim, mart ayına gələrəm, narahat olma. Sonra döyüşə girib. Ertəsi gün böyük oğlum Aqilə xəbər gəldi. Aqil mənə dedi, ata, Aqşin yaralanıb. Düzü, istədim mən də gedim, qoymadılar. Heç demə, şəhid olubmuş”.
İsmayıl kişi bir az keçmişə qayıdır: “Övladlarımın üçü də orta məktəbi yaxşı oxuyurdu. Yoldaşım ibtidai sinif müəlliməsidi. Oğlanlarıma dedim ki, bizim indiyəcən 4 övladımız ölüb. Sakit bir sahəni seçin, ali təhsil alın, məktəbdə müəllim işləyin. Aqşin dedi, ata, məni müəllimliyə məcbur eləmə. Sözündən çıxmayacam, müəllimliyə sənəd verəcəm, amma imtahanda bildiyim suallara doğru cavablandırmayacam. Sonra da əsgərlik-filan, ali təhsil ala bilməyəcəm.
Bax beləcə, hərbi sahəni seçdi, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirdi, mayor rütbəsinəcən yüksəldi. 18 illik xidmət dövründə həmişə hörmət qazandı, mükafatlara, fəxri fərmanlara layiq görüldü. Əvvəlcə hərbi polisdə xidmət keçdi, sonra Gəncədə bölük komandiri oldu, ardıyca Ağcabədiyə göndərdilər. Kəşfiyyatçıydı. Cəlilabadda, sonra Lənkəranda xidmətdə oldu. Lənkəranda hərbi hissə şəhərdəydi, şəhəri istəmədi. Öz ərizəsiylə Beyləqana, döyüş bölgəsinə getdi”.
Nəzər Kərimov: “İsmayıl kişiylə qonşuyam. Aqşin gözümün qabağında böyüyüb. Uşaqlıqdan diriydi, cəldiydi, qoçağıdı. Uzaqdan-yaxından eşidirdim, çox yaxşı kəşfiyyatçıydı, hərbi məktəbdə oxuyanda erməni dilini də öyrənmişdi, bəzən günlərlə erməni tərəfdə qalıb, tapşırıq yerinə yetirdiyi də olub. Düşmənin dilində elə səlis danışırmış, ermənilər onun milliyyətini ayırd edə bilmirmişlər.
Kəndə gəlsin, belə səfalı yerdə dincəlsin – elə xasiyyəti yoxudu. Budu, bu küncdə İsmayılın bir budkası var. Bir gün səhər-səhər görürəm ağlayır. Nə olub, ay İsmayıl? Deyir, Aqşin dünən axşam gəlmişdi, bu gün səhər getdi, heç doyunca üzünü görə bilmirəm...”
Şəhidin mənzil məsələsi
Sahib Cəfərov ehtiyatda olan kapitandı, 90-cı illərdə Qarabağ döyüşlərində vuruşub, ağır yara alıb. İkinci qrup müharibə əlilidi. Şəkinin Kiçik Dəhnə kəndindəndi, Qəbələdə yaşayır: “Aqşinlə mənim oğlum Ali Hərbi Məktəbdə birgə oxuyublar. Mənim oğlum da cəbhə bölgəsindədi, amma başqa istiqamətdə. Aqşinin ailəsiylə mənim oğlumun ailəvi gediş-gəlişləri vardı, dəfələrlə bizdə olmuşdu. Atası İsmayıl kişiylə məni tanış edəcəkdi. Amma qismət olmadı. Yasda görüşəsi olduq”.
İsmayıl kişi deyir ki, oğlunun ailəsini Beyləqandakı kirayə evdən Bakıya kirayə mənzilə köçürüblər: “Cəmi 35 il yaşadı. Hələ də mənzili yoxdu. Bilmirəm, bəlkə bundan sonra həll edəcəklər. Ancaq heç kənddə də özünə ev qaralda bilmədi”.
Müharibə iştirakçısı olan, özü demiş, bu işlərdə saç ağartmış Sahib Cəfərov deyir, mənzil məsələsinin üstünə indidən düşmək lazımdı ki, sonra gec olmasın: “Mən özüm hələ də 8 nəfərlə 28 kvadrat metr mənzildə məskunlaşmışam. Növbəm yaxınlaşır deyirlər. Görək nə olur... Başım çəkib deyə, indidən deyirəm”.
Kiş bələdiyyəsinin sədri Tərlan Məmmədovla Aqşinin 3 yaş fərqi var: “Eyni məktəbdə oxumuşuq. Aqşin öz mərdliyi, əzmkarlığıyla həmişə fərqlənib. Öz seçimini erkən eləmişdi – hərbçi olmaq. Şəhidlik də qismətiymiş”.
Bəs kənd bələdiyyə torpaqlarından şəhidin ailəsinə yurd yeri ayrıla bilərmi? Bələdiyyə sədri deyir ki, hazırda belə imkan istisnadı: “Kiş bələdiyyəsinin perspektiv torpaqları yoxdu. Ancaq Şəki ərazisində ola bilər”.
Nabələdlər üçün qeyd edim ki, Kiş kəndiylə Şəkini 2-3 kilometr məsafə ayırır.
“Danışmağa halım yox!”
Şəhidin anası Dursun müəlliməylə söhbə edə bilmədik. Danışmağa halı olmadığını dedi. Aqşinin qızının saçını sığalladıq, qardaşı Aqildən bir neçə kəlmə rica elədik: “Nə deyim vallah... Mən qardaşımla fəxr eləyirəm. O, şahidlik zirvəsini yüksəldi, Allah rəhmət eləsin. Heç bir söz tapa bilmirəm.
Həmişə deyirdi ki, Aqil, bir arzum var: başqa səbəblərdən, başqa şəraitdə ölməyim. Ölsəm, döyüşdə ölüm. Övladlarına da belə aşılayırdı. Hər xəbərə hazır olmağımızı istəyirdi. Oğlu da deyir ki, böyüyəndə hərbçi olacam, atamın qisasını alacam”.
Yasa gəlmiş 5 gənclə rastlaşdıq. 2010-2011-ci illərdə Gəncədə Aqşin Abdullayevin bölüyündə xidmət keçiblər. Sabiq və mərhum komandirləri barədə həm qəhərlə, həm də qürurla danışdılar: “Bizə təkcə komandir deyildi, həm də qardaşıdı...”
Kişin sərt daşları
Şəkiylə Kiş kəndini eyni adlı çay ayırır. Kiş çayı Qafqazda ən yırtıcı çaydı deyirlər – suyu sərt axır. Bir müddət əvvəl körpüsünü də üstündən aşırıb. Kənd evləri dağın döşünə səpələnib. Bütün küçələrə möhkəm çay daşları döşənib. Ona görə bizi şəhid qapısına aparan maşın üzüyuxarı rahat qalxa bildi. Daşlar sərt olanda rezin təkər neyniyəcək?
Küçələr boyu əriyən qarın suları sellənir. Daşların böyür-başından özünə yol açıb gedir. Daşlarsa qalır. Ağzında daş deyirsən. Daş, daş... Nə üçün daşdan çox danışdım? Çünki daş kimi möhkəm olmaqdan özgə çarəmiz yoxdu!
Qurban Yaquboğlu