Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bu ərazidə Azərbaycan Silahlı Qüvvələri bölmələrinin qərargahının və atəş nöqtələrinin olmadığını sübut edən dəlillər onlara yerində təqdim olunub.
"Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, hərbi attaşelər və KİV nümayəndələri kənd ərazisində Silahlı Qüvvələrin bölmələrinin heç bir qərargahının və atəş nöqtələrinin olmadığına yerində əmin olublar.
Bu fakt bir daha təsdiq edir ki, Ermənistan silahlı bölmələrinin əsas hədəfi dinc Azərbaycan əhalisi olub. Ermənistan tərəfinin kənd ərazisində guya hərbi bölmələrimizin olması barədə yaydığı məlumat dezinformasiya və yalandır", - deyə MN-dən bildirilib.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.