Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Rusiya istər keçmiş sovet məkanı ölkələrində, istərsə də Suriyada və Yaxın Şərqin digər ölkələrində mövcudiyyətini hiss etdirməyə çalışır. Politoloq separatçı Cənubi Osetiya ərazisində dislokasiya olunmuş Rusiya hərbi qüvvələrinin “sərhədlərin demarkasiyası” adı altında Gürcüstanın Kaspi rayonunun Karapila kəndi istiqamətində irəliləməsinin, sərhədləri ən azı 700 metr qabağa çəkməsinin və Bakı-Supsa ixrac neft kəmərinin bir hissəsini öz nəzarəti altına almasının bunun bariz göstəricisi olduğunu vurğulayıb: “Çox təhlükəli bu meyl barədə Gürcüstan hələ bir neçə gün əvvəl dünyaya “sos” siqnalı göndərmişdi. Dünya da buna müvafiq reaksiya verdi, böyük dövlətlər bu hadisəni pislədilər. Yəni, bölgədə Rusiyanın fəallaşması aydın görünür”.
Q.Hüseynli qeyd edib ki, bütün bu hadisələr Gürcüstan ərazisindəki Vaziani hərbi aerodromu yaxınlığında NATO-nun irimiqyaslı – təxminən 23 min hərbi qulluqçunu əhatə edəcək hərbi təlimlərinin keçiriləcəyi ərəfədə baş verir: “Onu da deyim ki, bu təlimlərdə Ermənistan da bəlli sayda hərbçi ilə iştirak edəcək. Rusiya bundan çox qeyzlənib. Moskva NATO-nun onun sərhədlərinə yaxınlaşmasından hər zaman narahat olub. Həqiqətən də NATO-nun strategiyası Rusiyanı çəmbər altına almağa çalışmaqdan ibarətdir. Amma hadisələrin bu cür inkişafında Rusiyanın özünün də təqsiri az deyil. Yəni, Rusiya heç cür sakit dayanmaq istəmir. Rusiya sərhədlərinin keçmiş SSRİ-nin sərhədləri daxilində bərpa edilməsi adı altında aparılan müxtəlif təbliğat-təşviqat işləri və bəzi hərbi-praktik addımlar bu səylərin gerçəkləşdirilməsinə yönlib”.
Müsahibimiz qeyd edib ki, Ermənistanın ora-bura baş vurmasına baxmayaraq, Rusiya onu özünün bir quberniyasına çevirməkdə israrlıdır: “Bu istiqamətdə hər şey edilir. Ermənistan sərhədi rus qoşunları tərəfindən qorunur, Rusiya-Ermənistan hərbi birləşməsinin yaradılması adı altında Ermənistanın Müdafiə Nazirliyi artıq Rusiyanın nəzarəti altına keçib. Ermənistanın hava hücumundan müdafiə sistemləri tamamilə Rusiyanın əlindədir və Rusiya silahları ilə təchiz edilib”.
Politoloq öz suverenliyini qoruyan Gürcüstana qarşı yeni sui-qəsdlərin başladığını vurğulayıb: “Bu sui-qəsdlərin bir hissəsi Bakı-Supsa ixrac neft kəmərinin keçdiyi ərazinin işğalı ilə başa çatdı. Ruslar gizlətmirlər ki, onların məqsədi Gürcüstan ərazisindən Ermənistana keçən şosse yolunu bərpa etməkdir. Bununla həm Ermənistanı tamamilə öz nəzarətlərinə keçirmək, həm də orda yerləşən rus hərbi bazasının təchizatını yaxşılaşdırmaq istəyirlər. İndiyədək təchizat yalnız hava nəqliyyatı vasitəsilə həyata keçirilirdi. Bu isə həm baha başa gəlir, həm də lazım olan malları vaxtında çatdıra bilmirdilər. İndi isə Gürcüstan ərazisindən bu yolu qəsb etməklə Gürcüstanı tamamilə neytrallaşdırmaq istəyirlər”.
Politoloq bildirib ki, Rusiyanın iştahı bununla bitmir: “Malorossiya Xalq Respublikasının elan edilməsi Kremlin planıdır və bu planın çox da uzaq olmayan dövrdə Malorossiyanın Rusiyaya birləşdirilməsi ilə başa çatması planlaşdırılır. Ukraynanın Krımdan sonra digər bir hissəsinin qoparılıb Rusiyaya qatmaq da Moskvanın planlarına daxildir”.