19 Avqust 2017 21:53
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 19-da Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasında və zona baytarlıq laboratoriyasında yaradılan şəraitlə tanış olub.

Teleqraf.com xəbər verir ki, dövlətimizin başçısı Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevə elektron kənd təsərrüfatı sistemi barədə məlumat verdi.
Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binası 2014-2016-cı illərin dövlət investisiya proqramları çərçivəsində inşa edilib. Üçmərtəbəli binanın ümumi sahəsi 1700 kvadratmetrdən çoxdur. Binanın foyesində Ulu Öndərin və dövlətimizin başçısının rayona səfərlərini əks etdirən fotostend quraşdırılıb. Burada Göygöl Rayon Kənd Təsərrüfatı İdarəsi, Bitki Mühafizə Mərkəzinin və Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayon bölmələri, Göygöl Baytarlıq İdarəsi, Regional Təlim Mərkəzi, Göygöl Regional Aqrokimya və Göygöl Regional Toxumçuluq laboratoriyaları yerləşir. Binada işçilərin fəaliyyəti üçün bütün zəruri şərait yaradılıb.

Göygöl Regional Aqrokimya Laboratoriyası tərəfindən əkin sahələrində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması nəzərdə tutulur. Bundan başqa, laboratoriyanın fəaliyyəti nəticəsində torpağın xüsusiyyətlərindən asılı olaraq kənd təsərrüfatı bitkilərinin qida maddələri və rütubət ehtiyatları ilə təmin edilməsinə, bitkilərin bioloji xüsusiyyətindən və məhsuldarlıqdan asılı olaraq tələb olunan gübrə normalarının müəyyənləşdirilməsinə, fermerlərə və torpaq mülkiyyətçilərinə dövlət dəstəyinin gücləndirilməsinə və kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə olunmasına şərait yaranacaq.

Göygöl Regional Toxum Sertifikatlaşdırma Laboratoriyası isə müvafiq sahə standartlarının tələblərinə uyğun toxumun keyfiyyətinə nəzarətin və sertifikatlaşdırmanın həyata keçirilməsi məqsədilə toxumluq əkinlərin qeydiyyatının aparılması işini yerinə yetirəcək. Laboratoriya tərəfindən tarla nəzarəti həyata keçiriləcək, toxum partiyası və əkin materiallarından nümunə götürüləcək, səpin keyfiyyətinin və əkin materiallarının analizi aparılacaq. Bundan başqa, laboratoriyanın fəaliyyətinə müvafiq dövlət standartlarına uyğun keyfiyyətdə toxumların sertifikatlaşdırılması üçün rəy verilməsi, daxili və xarici əmtəəlik toxum bazarında toxum satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin səmərəli fəaliyyətinin təşkili də daxildir.

Dövlətimizin başçısı Göygöl Zona Baytarlıq Laboratoriyasında yaradılan şəraitlə də tanış oldu. Laboratoriyanın yenidən qurulması layihəsi 2017-ci ildə həyata keçirilib. Yenidənqurma işləri çərçivəsində laboratoriyada yeni bölmələr yaradılıb, müasir avadanlıqlar quraşdırılıb. Bakteriologiya bölməsində yoluxucu xəstəliklərin diaqnostik müayinəsi və heyvan mənşəli qida məhsullarında bakterioloji çirklənmələrin analizi aparılır. Serologiya laboratoriyasında isə virusoloji, bakterioloji, epidemioloji və sair xəstəliklərin seroloji müayinəsi həyata keçirilir. Bütün növ heyvan və quşlar arasında virus mənşəli xəstəliklərin laborator diaqnostikası və müayinəsi isə laboratoriyanın virusologiya bölməsində aparılır. Toksikologiya bölməsində qida məhsulları və yem əlavələrində biokimyəvi, həmçinin toksiki zəhərlənmələrin müayinəsi həyata keçirilir.

Laboratoriya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış etdi:

"Yenidən Göygöl rayonunda olmağımdan çox məmnunam. Bu, mənim Prezident kimi rayona dördüncü səfərimdir. Göygöl rayonunda işlər yaxşı gedir, sosial-iqtisadi inkişaf təmin olunur, rayonun inkişafına böyük diqqət göstərilir. Əvvəlki illərdə bir çox önəmli sosial, iqtisadi məsələlər öz həllini tapıbdır. İnfrastruktur layihələri uğurla icra edilir, sosial obyektlər tikilir. Bir neçə il bundan əvvəl 150 çarpayılıq rayon mərkəzi xəstəxanası, Olimpiya İdman Kompleksi, kənd yolları, sənaye obyektləri açılmışdır. Bir sözlə, rayonun inkişafı üçün bütün lazımi tədbirlər görülür. Mənə verilən son məlumata görə, Göygöl rayonunda qazlaşdırma təxminən 70 faizə yaxındır, bu iş davam edir və davam etməlidir, daha çox kəndə qaz xətləri çəkilməlidir. Elektrik enerjisi ilə bağlı problemlər öz həllini tapır. Bu gün biz 3 meqavat gücündə yeni su elektrik stansiyasının açılışını qeyd etdik. Kənd yollarının tikintisi davam etdiriləcək. Artıq bir neçə layihə icra edilib, növbəti illərdə qalan kəndlərdə də yollar salınacaq, xüsusilə Göygöl gölünə gedən yol əsaslı təmir olunmalıdır. Bu məqsədlər üçün lazımi vəsait yaxın gələcəkdə ayrılacaqdır.

Rayonun sosial-iqtisadi inkişafı əslində onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir. Çünki regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bu gün biz bütün rayonlarda inkişaf, tərəqqi görürük, insanların işlə təmin olunması məsələsi öz həllini tapır, işsizlik çox aşağı səviyyədədir. Son illərdə görülən tədbirlər nəticəsində işsizliklə bağlı daha da önəmli addımlar atılır və insanların məşğulluğu artır. Göygöldə iyirmidən çox yeni məktəb tikilib, iyirmidən artıq məktəb əsaslı təmir olunub. Yəni, hərtərəfli inkişaf təmin edilir və əlbəttə, biz gələcək illərdə növbəti addımlar atmalıyıq ki, inkişaf dayanıqlı olsun.

Bu gün biz Göygöl rayonunda respublika əhəmiyyətli iki obyektin açılışını qeyd edirik. Bu, kənd təsərrüfatı laboratoriyası və Süni Mayalanma Mərkəzidir. Bu laboratoriyanın və Süni Mayalanma Mərkəzinin kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyəti var. Mənə indi göstərilən avadanlıq, imkanlar deməyə əsas verir ki, biz yeni yanaşma ilə kənd təsərrüfatında məhsuldarlığın artımına nail olacağıq. Çünki qarşımızda duran əsas vəzifə mövcud torpaq fondundan istifadə edərək məhsuldarlığı artırmaqdan ibarətdir. Buradakı toxumçuluq, baytarlıq, aqrokimya laboratoriyaları bu məqsədə çatmaq üçün bizə imkan yaradacaq. Çünki fermerlər, iş adamları, kəndlilər artıq biləcəklər ki, hansı toxumdan istifadə etmək lazımdır, hansı aqrotexniki tədbirlər görülməlidir, hansı torpaq sahəsində hansı gübrələrdən istifadə olunmalıdır. Ərzaq təhlükəsizliyi məsələləri də bu laboratoriyalar vasitəsilə təmin ediləcəkdir. Belə laboratoriyalar 12 bölgədə yaradılır. Bu, əslində kənd təsərrüfatının inkişafında növbəti mərhələnin başlanğıcıdır, dönüş nöqtəsidir. Çünki bundan sonra Azərbaycanda kənd təsərrüfatı elmi əsaslarla inkişaf edəcək və beləliklə, biz məhsuldarlığın artımına nail olacağıq. Çünki Azərbaycanın ərazisi, əlbəttə, imkan vermir ki, biz böyük həcmdə yeni əkin sahələrini dövriyyəyə cəlb edək. Halbuki biz bunu edirik, xüsusilə meliorativ tədbirlər nəticəsində.

Son illər ərzində görülmüş işlər - Şəmkirçay, Taxtakörpü su anbarlarının, kanalların yaradılması və digər meliorativ tədbirlər nəticəsində on minlərlə hektar yeni torpaq sahəsi əkinə cəlb edilibdir. Yəni, bu il bizim məqsədimiz ondan ibarətdir ki, 100 min hektardan çox yeni əkin sahələrini su ilə təmin edək. Yeni suvarma sistemləri də tətbiq edilir, o cümlədən bu bölgədə. Bu işləri görəndən sonra biz kənd təsərrüfatını ancaq məhsuldarlığın artımı hesabına inkişaf etdirə bilərik. Bu laboratoriya bu imkanı bizə yaradır.

Eyni zamanda, Süni Mayalanma Mərkəzinin istifadəyə verilməsi də heyvandarlıqda ciddi artıma gətirib çıxaracaq. Çünki bu, ölkəmizdə yeganə mərkəzdir və ölkə əhəmiyyətli bir mərkəzdir. Mənim təşəbbüsümlə bir neçə il ərzində xaricdən cins inəklər gətirilir. Avropa ölkələrindən artıq minlərlə inək gətirilibdir. Bu proqram hesabına Azərbaycanda bir çox yeni heyvandarlıq mərkəzləri, fermalar yaradılıbdır. Bu proses davam etdirilir. Hazırda bir çox yeni heyvandarlıq kompleksləri yaradılır. Əlbəttə ki, biz növbəti illərdə də xaricdən cins mal-qara alacağıq. Eyni zamanda, yerli cinsi yaxşılaşdırmaq, xaricdən asılılığı azaltmaq üçün Süni Mayalanma Mərkəzinin yaradılması artıq öz həllini tapıbdır.

Əminəm ki, bu mərkəzin fəaliyyəti nəticəsində bir neçə il ərzində Azərbaycanda mal-qaranın cinsi tədricən yaxşılaşacaq. Beləliklə, məhsuldarlıq yüksələcək, südçülük inkişaf etdiriləcək və ət istehsalı da artacaq. Hazırda biz həm ət, həm də süd ixrac edirik. Hesab edirəm ki, bu da tarixi nailiyyətdir. Çünki əvvəlki illərdə biz idxaldan çox asılı idik. İndi biz bu asılılığı aradan götürürük. Düzdür, biz özümüzü süd məhsulları ilə tam təmin etmirik, idxal da edirik, amma ixraca da başlamışıq. Bizim məhsulumuz çox keyfiyyətlidir və xarici bazarlarda yüksək qiymətləndirilir. Amma biz elə etməliyik ki, özümüzü süd məhsulları ilə tam təmin edək və ixrac potensialımızı da artıraq. Süni Mayalanma Mərkəzinin fəaliyyəti nəticəsində biz bir neçə il ərzində buna nail olacağıq. Çünki hazırda kənd təsərrüfatı bizim üçün prioritet sahədir. Son illər ərzində kənd təsərrüfatı sahəsində çox böyük işlər görülübdür. Həm bitkiçilikdə, həm heyvandarlıqda, ümumiyyətlə, kənd təsərrüfatında artım təmin edilir. Bu ilin altı ayında kənd təsərrüfatı məhsullarının ixracı 40 faiz artmışdır. Bu, görülən işlər nəticəsində mümkün olub. Hazırda 40-a yaxın yeni aqropark yaradılır. Əlbəttə, biz bu aqroparkların fəaliyyəti nəticəsində istehsalı artıracağıq.

İndi bölgələrdə işsizliklə bağlı problem demək olar ki, aradan qaldırılır. Bizim üçün ənənəvi olan kənd təsərrüfatı sahələri bərpa edilir, dirçəldilir. Pambıqçılıq. Son iki il ərzində biz pambıqçılığı demək olar ki, 10 dəfəyə yaxın artırmışıq. İndi minlərlə, on minlərlə insan işləyir və əməkhaqqı alır. Biz tütünçülüyü də, ipəkçiliyi də bərpa edirik.

Bizim kənd təsərrüfatı məhsullarımızın ixrac potensialı çoxşaxəlidir. Bu, bizim böyük xoşbəxtliyimizdir. Çünki bizim 9 iqlim zonamız var. Bizdə həm meyvə-tərəvəz, həm tütün, pambıq, üzüm, spirtli içkilər, fındıq, badam, çay, sitrus meyvələri, yəni, hər şey var. Sadəcə olaraq gərək biz bu təbii imkanlardan düzgün istifadə edək, istifadə edirik və son illərdə kənd təsərrüfatı sahəsində çox böyük inkişaf var. Biz indi ənənəvi sahələri bərpa etməklə daha da böyük potensial yaradacağıq.

Bir daha deyirəm ki, biz bu sahəni bundan sonra ancaq elmi biliklər əsasında inkişaf etdirməliyik. Dövlət öz üzərinə düşən bütün vəzifələri yerinə yetirir, bütün bölgələrdə belə gözəl laboratoriyalar, mərkəzlər yaradılır, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir, texnika alınır. Bu il Azərbaycana on min texnika gətirilib və gətiriləcək. Fermerlər, sahibkarlar, kəndlilər bu imkanlardan istifadə etməlidirlər. Bu, ilk növbədə, onlar üçün lazımdır, çünki məhsuldarlıq iki dəfə arta bilər. Bu, həm də dövlət üçün lazımdır.

Ona görə bu gün xüsusi əhəmiyyətə malikdir. Bu gün Göygöl rayonunda respublika əhəmiyyətli iki müəssisənin açılışı çox əlamətdar hadisədir. Sizi bu hadisə münasibətilə təbrik edirəm və sizə yeni uğurlar arzulayıram.

Sonra kənd təsərrüfatı naziri Heydər Əsədov dövlətimizin başçısına Dövlət Baytarlıq Xidməti tərəfindən rayon baytarlıq idarələrinə epizootik tədbirlərin aparılması, baytarlıq xidmətlərinin göstərilməsi üçün lazım olan avadanlıq, ləvazimatlar barədə məlumat verdi. Burada, eyni zamanda, xüsusi geyim vasitələri, cərrahi əməliyyat dəstləri, heyvanlarda müxtəlif xəstəliklərə dair bukletlər və əyani vəsaitlər sərgilənir. Müəssisənin anbarlarında isə vaksinlər saxlanılır. Onlar xüsusi rejimdə soyuducu konteynerlərə yığılır. Beləliklə, regionlara istənilən dərman maddələrinin və vaksinlərin təhlükəsiz daşınması mümkün olur.

Sonda xatirə şəkli çəkdirildi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər