8 Sentyabr 2017 16:45
1 833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Lütfizadəni “Fındıqbaş” adlandırıb, sonra üzr istəyən Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri Akif Əlinin son müsahibəsində dediklərini olduğu kimi təqdim edir:

“Səhvə yol verməməyin iki tərəfi var. Bunun birincisi vicdana bağlıdır. Vicdanla çalışmalısan ki, hər şeyi doğru-düzgün edəsən. Heç bir kənar işlərə yol verməyəsən. Fikrin başqa yerlərdə olmasın. Sənə tapşırılan işdən və yaxud əlinə düşən fürsətdən yararlanmaq barədə düşünməyəsən. Dövlət qulluqçusu olaraq funksiyana vicdanla yanaşasan. Əgər kimdəsə bu dediklərimlə bərabər həm də savad, təcrübə, dünyagörüşü olmasa, yenə də gördüyü iş istənilən keyfiyyətdə olmaz. Deməli, verilən tapşırıqları lazımi qaydada icra etmək üçün bir yandan mənəvi keyfiyyətlər, digər yandan da işgüzarlıq keyfiyyətləri bir yerdə vəhdət halında olmalıdır. Burada şəxsiyyət faktoru mühüm rol oynayır.

Bəzən qəzetlər məmurlar haqqında neqativ yazır. Amma bir çox ölkələrdə, elə qardaş Türkiyədə məmurlar çox nüfuzlu adamlardır. Orada dövlət qulluqçusuna həqarət yolverilməzdir. Bilmirəm bizdə məmura mənfi münasibət hansı mentalitetdən irəli gəlir. Məmurlar olmasa, dövlət necə idarə olunar? Qəzetlərin məmurlara həqarət edən yazılarına Nazirlər Kabinetində çalışan vicdanlı, peşəkar əməkdaşlarla bir yerdə baxırıq və sadəcə təəssüflənirik.

Kim öz işini hansı dərəcədə yerinə yetirə bilir, bu, başqa məsələdir. Küll halında “məmurlar pisdir” demək, jurnalistin savadsızlığından, onu dərc edən mətbu orqanın kifayət qədər hadisələrin mahiyyətinə vara bilməməsindən irəli gəlir. Jurnalistin hər şeydən öncə dövlətçilik təfəkkürü öndə olmalıdır.

Hər şey dəyişir, mən də həmçinin…

Təbii, 30 il əvvəllki Akif Məhərrəmovla (o vaxt Məhərrəmov idim) indiki fərqlidir. Belə olmasaydı, bu o demək olardı ki, mən heç inkişaf etməmişəm. Təcrübə, bilik, dünyagörüşü genişlənib. Bu gün fərqli bir ömür yaşamağıma çox amillər təsir edib. Bir də əsas fərq ondan ibarətdir ki, 30 il əvvəl yəqin daha emosional, daha hislərlə ifadə olunan davranışlara yol vermişəm. İndi isə hisləri daha çox intellekt idarə edir. Həyata daha rasional baxırsan. Bu həm də təcrübədən irəli gəlir. İnsan yaşlandıqca, təcrübəsi artdıqca müdrikliyə doğru gedir. Mən 30 il əvvəl Akif Məhərrəmov idim, indi Akif Əli olmuşam – atamın adını soyad kimi rəsmiləşdirmişəm. Yəqin ki, Akif Əlidə qələm təcrübəsi daha çox olar. O, həyatı Akif Məhərrəmovdan daha dərindən dərk edər. Bu o demək deyil ki, 30 il əvvəl kor-koranə həyat sürmüşəm. O zaman yazdığım yazılara bu gün də imza ataram. Ancaq hər halda... 30 il keçib…”


Müəllif: Könül

Oxşar xəbərlər