Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı cinayət işi açılıb. Cinayət işi açılan türklər arasında yer alan siyasətçi Ufuk Arasla əlaqə yarada bildik.
Teleqraf.com xəbər verir ki, Ufuk Uras Xeber365.com-a özəl açıqlamasında hadisəni belə şərh edib:
“Bu xəbəri eşidəndə çox pis oldum. Çünki Azərbaycan bizim dostumuzdur. Biz bu məsələdə tərəf deyilik. Jurnalist, yazıçı, akademik kimliyimizlə bölgədə vəziyyəti anlamağa çalışırıq.
Bu qərarın ləğv edilcəyini ümid edirəm. Çünki vacib olan niyyətdir. Azərbaycana da gəlib müşahidələrimizi paylaşmaq istəyirdik. Qarabağın tarixi məkanlarını gəzdik və Xocalıya gedərək Xocalı qətliamını qınadığımızı dedik. Hüquqşünaslar mövzunu araşdırır. Məqsədimiz problem yaratmaq deyil, sülh üçün həll variantları tapmaqdır. Hətta bəzi bölgələrdən çəkilməli olduqlarını izah etdik, onlar da danışıqlara hazır olduqlarını bildirdilər.
Mən prinsip olaraq hamının kökü haradadırsa, orada da sülh içində birlikdə yaşamağının tərəfdarıyam. Hər iki bölgəni də ziyarət edən Tomas de Valın "Qarabağ" kitabını oxuyanda bu qərarı vermişdim. Sizin vasitənizlə dost Azərbaycan xalqına sevgilərimi çatdırmaq istəyirəm”.
Xatıraladaq ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 22 sentyabr 2017-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan Respublikasında və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə qabaqcadan əlbir olub Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müvafiq icra hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan 28 sentyabr 2017-ci il tarixdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.