DADP-dən 70 nəfər GAP-a keçdi
Ötən gün Demokratik Azərbaycan Dünyası Partiyasından (DADP) kütləvi istefa olub və 70 partiya fəalı başqa partiyaya keçmək barədə qərarını açıqlayıb. DADP-dan istefa verənlər Rəsul Quliyevə yaxınlığı ilə seçilən Gələcək Azərbaycan Partiyasının (GAP) sıralarına qoşulublar.
Bir vaxtlar DADP ətrafında ciddi qalmaqal yaşanmış və partiya iki yerə parçalanmışdı. Son kütləvi istefadan görünür ki, partiyada vəziyyət heç də ürəkaçan deyil.
GAP-ın sədri Ağasif Şakiroğlu partiyasına qoşulan yeni üzvlər barədə danışdı. O, Teleqraf.com-a açıqlamasında bildirdi ki, sözügedən şəxslər DADP-nin fəaliyyətini, prinsip, proqram və konsepsiyasını bəyənmədiklərindən GAP-a qoşulmaq barədə qərar verdilər: “Partiyamızın qapısı hər bir vətəndaşın üzünə açıqdır. Onların qərarına hörmətlə yanaşırıq. Artıq təşkilat şöbəsinə 40-a yaxın ərizə ilə müraciət edənlər var. Rəsmi prosedura əsasən hazırda üzvlük anketləri doldurulur”. İstefanın səbəblərinə gəlincə, A.Şakiroğlu qeyd etdi ki, bəyanat verən 70 nəfər şəxs özü daha yaxşı aydınlıq gətirə bilər: “Düşünürəm ki, partiyamızın fəaliyyəti, proqramı, konsepsiyası ilə yaxından tanış olub öz seçimlərini ediblər. Mən də təşəkkür edirəm ki, GAP-ı seçiblər”.
O, rəhbərlik etdiyi partiyanın Bakı şəhəri üzrə 2700-dən çox üzvü olduğunu bildirdi. Ümumilikdə isə GAP-ın 5 minə yaxın üzvü var: “Bakı şəhərinin rayonlarında, Masallı, Lənkəran, Neftçala, Şəki, Zaqatala, Goranboy, Şəmkir şəhərlərində təşkilatımızın şöbələri var”.
Onun sözlərinə görə, Naxçıvanda yerli rayon təşkilatı yaratmaq mümkün olmayıb: “Orada təşəbbüs qrupumuz var və fəaliyyət göstərir. Rəsmi olaraq Naxçıvanda partiyanın yerli strukturları hələ formalaşmayıb. Partiyanın nizamnaməsinə əsasən təşkilat komitəsinin üzvlərinin sayı minimum 50 nəfər olmalıdır, ondan sonra şəhər təşkilatı təsis edilə bilər. Hazırda Naxçıvanda təşkilat komitəsi yaratmaq üçün yetərsay olmadığından təşəbbüs qrupu fəaliyyət göstərilir. Yaxın zamanlarda Naxçıvana səfərimiz olacaq və orada yerli rayon təşkilatı təsis ediləcək”.
GAP sədri bələdiyyə seçkilərində iştirak edib-etməyəcəyi barədə qərarın sentyabrda veriləcəyini söylədi: “Partiyanın prinsiplərini, proqram və platformasını cəmiyyətə media vasitəsilə çatdıracağıq. Sentyabrın ikinci ongünlüyündə Ali Məclisin sessiyası olacaq. Bələdiyyə seçkilərinə qatılıb-qatılmamaq barədə müzakirə aparılacaq və sonda qərar veriləcək. Hazırda sırf təşkilatlanma üzərində çalışırıq”.
Maliyyə mənbəyinə gəlincə, GAP sədri qeyd etdi ki, onlarda partiya üzvlərindən məcburi qaydada üzvlük haqqı yığılmır: “Üzvlük haqqı məsələsi könüllü aparılır. İanələrin də, platformamızı qəbul edən amma partiyanın üzvü olmayan yaxın dostların da köməyi olur. Partiyamızın media orqanlarını yaratmağı düşünürük. Elektron qəzetdən və saytlarımızdan gələn gəlirlər hesabına partiyaya yardım etməyə çalışacağıq. Payızdan etibarən aktiv fəaliyyətə başlayacağıq”.
Bir vaxtlar Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi olan A.Şakiroğlu bildirdi ki, artıq bu missiyanı yerinə yetirmir: “İndi GAP rəhbəri kimi fəaliyyətimi davam etdirirəm. Rəsul bəyin şəxsiyyətinə böyük hörmətim var. Şəxsi münasibətlərimizdə hər hansı problem yoxdur. GAP-ın fəaliyyətinin hansı yöndə olması, necə addım atması ilə bağlı Rəsul bəydən məsləhət ala bilərik, amma yekun qərar İdarə Heyətində verilir. GAP-ın idarə olunmasında R.Quliyevin və ya digər partiya sədrlərinin təsiri yoxdur. Rəsul bəy uzun müddət siyasi partiya rəhbəri olub, kifayət qədər böyük vəzifələrdə işləmiş şəxsdir. Onun təcrübəsinə istinad etməyin nəyi pisdir ki?”.
O digər ictimai-siyasi xadimlərin fikirləri ilə da tanış olduğunu da dedi.
Qeyd edək ki, GAP ötən ilin dekabrında yaradılıb. Bu il fevralın 23-də qurultayı keçirilən partiyanın yarandığı ilk gündən etibarən rəhbərlikdə olan şəxslər arasında Əli İnsanov, Rəsul Quliyev və Hüseyn Abdullayevin adı hallandırılırdı. Bu iddialar A.Şakiroğlu tərəfindən isə təkzib edilib. Rəsul Quliyevin nümayəndəsi özü də onun lideri olduğu Açıq Cəmiyyət Partiyasında təmsil olunub. Eks-spikerin partiyadan istefasından sonra A.Şakiroğlu da ACP sıralarını tərk etdi.
Kəmalə