5 Dekabr 2017 13:57
1 669
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:38

Təzəpir məscidində mərhum jurnalist Tatyana Çaladzenin üç mərasimi keçirilir.

Teleqraf.com xəbər verir ki, mərasimdə tanınmış media və ictimaiyyət nümayəndələri iştirak edir. Mərasimə qatılanlar mərhumənin Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında gördüyü işləri yüksək qiymətləndirib və xatirəsini yad ediblər.

Qeyd edək ki, Azərbaycanın əməkdar jurnalisti Tatyana Çaladzenin Azərbaycan, xüsusən də Dağlıq Qarabağ həqiqətlərinin çatdırılmasında xidmətləri böyükdür. O, 1992-ci ildə məhz Qarabağ münaqişəsini işıqlandırmaq üçün doğulub boya-başa çatdığı və jurnalist kimi çalışdığı Latviyadan ölkəmizə gəlib. Müharibənin canlı şahidinə çevrilib, döyüşlərdə yaralanıb. T.Çaladze çoxsaylı məqalələrində Qarabağ konfliktinin tarixini, erməni separatçılığının ideoloji tərəflərini geniş təsvir edib, Azərbaycanın ədalətli mövqeyinin fəal təbliğatçısı olub. Mərhumun 2014-cü ildə çapdan çıxmış “Karabaxskaya oteçestvennaya: Oni umirali çestno” kitabı bu baxımdan xüsusi qiymətləndirilir.

***

Tatyana Çaladze peşəkar jurnalist olmaqla yanaşı, həm də çox vicdanlı insan idi.

Teleqraf.com xəbər verir ki, bunu mərasimdə iştirak edən Jurnalistlərin Həmkarları İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib.

Onun sözlərinə görə, məhz bunun nəticəsidir ki, T.Çaladze Latviya vətəndaşı ola-ola Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına bütün həyatını həsr etmişdi:

“Bilirsiniz ki, Tatyana Çaladzenin Azərbaycana gəlişi 1990-cı illərin əvvəllərinə təsadüf edir. O illərdə Azərbaycan informasiya blokadası şəraitində yaşayırdı. İndiki kimi internet resursları yox idi, informasiyanı tez bir zamanda dünyaya çatdırmaq mümkün deyildi. Azad televiziya, mətbuat orqanları yox idi. Hər şey Moskva tərəfindən idarə edilirdi. Sovet qurumları isə ermənipərəst olduqları üçün Azərbaycan əleyhinə fəaliyyət göstərməyə meyilli idilər”.

M.Ələsgərli qeyd edib ki, belə bir dövrdə T.Çaladze informasiya blokadasını yarıb və Azərbaycanın haqq səsini dünyaya çatdırıb:

“O, qəzet yazılarında, çap etdirdiyi kitablarında Qarabağ həqiqətlərini, Xocalı hadisələrini işıqlandırdı. Allah ona rəhmət eləsin”.

JuHİ sədri əlavə edib ki, əməkdar jurnalistin adının əbədiləşdirilməsi istiqamətində bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur.

Mərhum jurnalistin adının çəkilməsini istəməyən ailə üzvü isə əməkdaşımıza bunları deyib:

“Tatyana Çaladze uzun illər bədənindəki qəlpə ilə yaşadı. Əməliyyat qərarını isə son anda qəbul etdi. Riskli olduğu üçün o bu əməliyyatı uzun illər düşünürdü. Qızına görə çox narahat idi. Əməliyyatla bağlı tərəddüdləri olsa da, nəhayət buna razılıq verdi. Əməliyyatdan çıxanda həkimlər hər şeyin normal olduğunu desələr də, bir anda vəziyyəti pisləşdi. Ermənilər Tatyananın öldürülməsi üçün hökm vermişdilər. Elə arzularına da çatdılar. Həmin erməni qəlpəsi onu axırına çıxdı”.


Müəllif: Könül

Oxşar xəbərlər