Türkiyənin Baş naziri Binəli Yıldırımın dekabrın 20-də Naxçıvana etdiyi bir günlük qəfil səfər bəzi mətləblərdən xəbər verir.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki, Naxçıvanda hərbi arsenalın artırılması və silahlı qüvvələrin burada Türkiyə ilə mütəmadi hərbi təlimləri muxtar respublikanın təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir:
“Türkiyə Naxçıvanın təhlükəsizliyinə zamin duran ölkədir və mütəmadi olaraq burada öz silahlı qüvvələrinin Azərbaycan Silahlı Qüvvələri ilə birgə təlimlərini keçirir. Türkiyə ilə Azərbaycan arasında son illər birgə hərbi təlimlər intensiv xarakter alıb. Ermənistanla Rusiya arasında birgə qoşun növünün yaradılması və bu qoşun növünün Naxçıvanla sərhəddə yerləşməsi Türkiyə-Azərbaycan birgə qoşun növünün yaradılmasını da labüd edir. Təbii ki, bu qoşun növünün Naxçıvan ərazisində yaradılması daha məqsədəuyğun sayılır. Görünür, Binəli Yıldırımın Naxçıvana səfərində məqsəd də həm ikitərəfli əlaqələrin gələcək inkişafına, həm də birgə qoşun növünün yaradılmasına dair yüksək səviyyədə müzakirələr aparmaqdır”.
Siyasi şərhçi qeyd edib ki, Ermənistan Naxçıvan üçün daimi təhdid mənbəyidir:
“Burada birgə qoşun növünün təşkili muxtar respublikanın təhlükəsizliyini yüksək səviyyəyə qaldıracaq. Regionda çox ciddi siyasi proseslər yaşanır. Ermənistan və Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tutduğu mövqe Naxçıvanın da təhlükəsizlik problemini artırır. Gələn il iki ölkənin mütəmadi hərbi təlimləri və birgə qoşun növünün Naxçıvanda yaradılması Ermənistan üçün ciddi mesaj olacaq”.
Qeyd edək ki, Türkiyənin Baş naziri Binəli Yıldırım dekabrın 20-də Naxçıvan Muxtar Respublikasına bir günlük səfər edib. Türkiyənin Baş naziri səfər çərçivəsində Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşərək müzakirələr aparıb.