22 Dekabr 2017 12:40
3 916
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Assambleyasının ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul etməsi gözlənilən idi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, ABŞ BMT Təhlükəsizlik Şurasında bu qərara veto qoyduqdan sonra məsələ Baş Assambleyaya çıxarıldı:

“Təşəbbüskar ölkələr də Türkiyə və Yəmən idi. Çünki İslam Əməkdaşlıq Təşkilatına (İƏT) hazırda Türkiyə sədrlik edir. Məhz buna görə də dekabrın 13-də İstanbulda İƏT-in hazırkı sədri Türkiyənin təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə zirvə toplantısı keçirildi. Türkiyə, belə deyək, hazırda bir qədər ön plandadır. Faktiki olaraq Türkiyə hazırda Qüds məsələsinə görə İsrail və ABŞ-la döyüşür. BMT Baş Assambleyasında qətnamənin qəbulunda da Türkiyə diplomatiyasının rolu böyükdür”.

E.Şahinoğlu bildirib ki, Türkiyə ABŞ və İsrail üzərində qələbə çalmış kimi görünsə də, bunlar iki nəhəng dövlətlərdir:

“İsrail ərazi və əhalicə kiçik dövlət olsa da, imkanları genişdir. Ona görə də gələcəkdə Türkiyəni müəyyən təhlükələr gözləyə bilər. Bu iki dövlət artıq Türkiyəni özlərinə tərəfdaş kimi görmürlər. Türkiyənin problemlərini artırmaq üçün müəyyən addımlar da ata bilərlər. İsraildə bəzi mərkəzlərin illərdir kürdlərə silah ötürməsinə, onlara logistik dəstək göstərməsinə dair Türkiyədə yayılan xəbərlər təsadüfi deyil. Amerika da müəyyən addımlar atacaq. ABŞ-Türkiyə münasibətləri onsuz da son illərdə xeyli soyuyub. Bunun obyektiv səbəbləri var və əslində, Türkiyə haqlıdır. Birincisi, ABŞ Suriyada silahlı kürdlərə dəstək verir. Halbuki, onlar faktiki olaraq terrorçu təşkilatlardır. İkincisi, Fətullah Güləni ekstradisiya etmir. Gülən Pensilvaniyada oturub ordan əmrlərini rahatlıqla verə bilir. Üçüncü və sonuncu hadisə isə Rza Zərrab üzərində başlayan məhkəmə prosesidir. Türkiyədə düşünürlər ki, ABŞ bu məhkəmə prosesi vasitəsilə Türkiyə hökumətinə təzyiq edir. Üstəlik, indi də Qüds məsələsinə dair yeni bir gərginlik ocağı yaranıb”.

Bununla belə, politoloq qeyd edib ki, BMT Baş Assambleyasında qəbul olunan qətnamə mövcud durumu onsuz da dəyişməyəcək:

“Yəni, ABŞ qərarından geri addım atmayacaq. Bir müddət sonra səfirliyini də Qüdsə köçürəcək. Sadəcə, ABŞ güclü zərbə aldı. Yəqin, bunu da etiraf edirlər. ABŞ-ı müdafiə edən 5-10 min əhalisi olan kiçik ada dövlətləridir. Bu, ABŞ-ın imicinə də çox böyük zərbədir. Düşünürəm ki, əsasən Türkiyədən aldığı bu zərbəni Vaşinqton uzun illər unutmayacaq. Bu, ABŞ-ın, Donald Trampın çox böyük səhvi idi. Məhz Trampın qərarı vəziyyəti bu həddə gətirib çatdırdı”.

Qeyd edək ki, BMT Baş Assambleyası dekabrın 21-də ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib. Səsvermənin nəticələrinə əsasən, 128 dövlət sənədin lehinə, 9-u əleyhinə səs verib, 35 dövlət bitərəf qalıb. Qətnamənin əleyhinə ABŞ və İsraildən savayı, Qvatemala, Honduras, Marşal Adaları, Mikroneziya, Nauru, Palau və Toqo səs verib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər