14:31
Xəzər rayonunun Şağan qəsəbəsində yeni inşa edilən Mədəniyyət Mərkəzinin martın 5-də açılış mərasimi olub.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Birinci vitse-prezident Mehriban Əliyeva Mədəniyyət Mərkəzinin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib.
Son illərdə dövlət tərəfindən mədəniyyət sahəsinə göstərilən diqqət və qayğı mövcud mədəniyyət obyektlərinin tamamilə yenidən qurulmasında, həmçinin yeni müasir mədəniyyət ocaqlarının yaradılmasında özünü aydın göstərir. Xəzər rayonunun Şağan qəsəbəsində yeni tikilən Mədəniyyət Mərkəzi də bu istiqamətdə görülən işlərdən biridir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verib ki, iki mərtəbədən ibarət Mədəniyyət Mərkəzinin binasının inşasına 2014-cü ildə başlanılıb. Ən yüksək səviyyədə aparılan tikinti işləri nəticəsində Mərkəzdə 200 yerlik tamaşa zalı, kinozal, kinoproyeksiya, qrim otağı, rəssam emalatxanası, musiqi dərnəyi, oxu zalı, kitab fondu, tətbiqi incəsənət, ədəbiyyat, evdarlıq dərnəkləri, rəqs zalı, 41 yerlik amfiteatr, işıq aparatları və səs operator otaqları yaradılıb.
Son illərdə ölkədə mədəniyyətin inkişafı ilə bağlı həyata keçirilən layihələrin bariz nümunəsinə çevrilən bu mədəniyyət ocağının yeni binası, ilk növbədə, zəngin Azərbaycan incəsənətinin, bütövlükdə mədəniyyətinin gənc nəsil arasında təbliği işinə xidmət edir. Digər tərəfdən, bu hadisə mədəniyyətin inkişafının, onun infrastrukturunun yaradılmasının hər zaman dövlətin diqqət mərkəzində olduğunu göstərir. Belə mədəniyyət obyektlərində istənilən tədbiri yüksək səviyyədə təşkil etmək üçün geniş imkanlar var. Bundan başqa, kollektivin, o cümlədən yaradıcı insanların iş şəraitini müasir tələblər səviyyəsinə çatdırmaq baxımından bu cür layihələr mühüm əhəmiyyət kəsb edir. Müasir üslubda inşa edilən bu binalar həm də yerləşdikləri ərazinin gözəlliyini artırır. Bütün bunlar bir daha sübut edir ki, mədəniyyətimizin, incəsənətimizin, musiqimizin tarixi ənənələrini qorumaq və inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətində də əksini tapıb.
Mədəniyyət Mərkəzinin ətrafındakı ərazi abadlaşdırılıb, ağaclar əkilib və yaşıllıq salınıb.
Yeni Mərkəzlə tanış olan Mehriban Əliyeva kollektivə uğurlar arzulayıb.
***
Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilən “İnci” körpələr evi-uşaq bağçasının binası martın 5-də istifadəyə verilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, “İnci” körpələr evi-uşaq bağçası 1987-ci ildə fəaliyyətə başlayıb. 2011-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə körpələr evi-uşaq bağçası Dövlət Neft Şirkətinin balansından Bakı Şəhər İcra Hakimiyyətinə verilib. Həmin vaxt məktəbəqədər təhsil müəssisəsi 7 qrup ilə fəaliyyət göstərirdi.
“İnci” körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verildi ki, binanın əsaslı təmirinə 2016-cı ilin iyul ayından başlanılıb. Əsaslı təmir işlərindən sonra bağçada fəaliyyət göstərən qrupların sayı 12-yə çatdırılıb. İndi burada 2 yaşdan 6 yaşadək 230 uşağın təlim-tərbiyəsi ilə peşəkar heyət məşğul olacaq. Qruplardan 8-i Azərbaycan, 4-ü isə rus bölmələrinə aiddir. Məktəbəqədər təhsil müəssisəsində dərnək kimi ingilis dili qrupu da fəaliyyət göstərir. Uşaq bağçası zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Binada videomüşahidə, yanğınxəbərverici sistemlər quraşdırılıb.
Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və vətənpərvər, bilikli, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində Azərbaycan dövləti çox mühüm layihələr həyata keçirir. Bu istiqamətdə dövlət tərəfindən atılan addımlara Heydər Əliyev Fondu da böyük töhfələr verir. Bu baxımdan Fondun ölkəmizdəki məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyəti xüsusi qeyd edilməlidir.
***
Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yeni tədris korpusunun açılışı olub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya məruzə edib.
Birinci vitse-prezident Mehriban Əliyeva yeni tədris korpusunun açılışını bildirən rəmzi lenti kəsib.
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılmasında və formalaşdırılmasında Heydər Əliyev Fondunun mühüm dəstəyi var. Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilənədək oğlanlar üçün açıq tipli xüsusi məktəb kimi fəaliyyət göstərən bu tədris ocağı Fondun təşəbbüsü ilə əsaslı təmir edilərək, zəruri tədris bazası ilə təchiz olunub. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci ildə DSX-nin Xüsusi Məktəbinin açılış mərasimində iştirak edib.
Yeni korpusun istifadəyə verilməsi ilə kursantlara daha keyfiyyətli təhsil vermək imkanları artıb. Burada zəngin ədəbiyyat fondu olan kitabxana yaradılıb, dərs otaqları ən yüksək səviyyədə qurulub və kursantların ixtiyarına verilib. Tədris ocağı müasir avadanlıqla təchiz olunub.
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin fəaliyyətə başlaması ilə Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyini təmin edəcək ixtisaslı zabit kadrların hazırlanması üçün 12 illik təhsil dövrünü əhatə edən mükəmməl hərbi tədris sistemi formalaşıb. Xüsusi Məktəb bu sistemin müstəsna əhəmiyyətli ilkin səviyyəsini təşkil edir. Yeni korpus istifadəyə verildikdən sonra burada təhsil alacaq kursantların sayının gələcəkdə 700 nəfərə çatdırılması mümkün olacaq.
Birinci vitse-prezident Mehriban Əliyeva hərbi vətənpərvərlik sinfində I kurs - 5-ci sinifdə təhsil alan kursantlarla görüşdü. Burada təhsil alanlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər, Azərbaycana ləyaqətli vətəndaş və peşəkar zabit kimi xidmət edəcəklərini dedilər.
Sonra kursantlar Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim etdilər.
Birinci vitse-prezident kursantlara dərslərində uğurlar, Vətənə layiqli övlad olmaları və gələcəyin peşəkar zabiti kimi yetişmələrini arzuladı.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə imzaladığı Fərmana əsasan, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə xüsusi təyinatlı təhsil müəssisəsi statusu verilib. 2015-ci ildən məzunları DSX-nin Akademiyasında təhsil alan məktəbin Nizamnaməsinə əsasən kursantların maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyat bacarıqlarına yiyələnmələri, milli mənəvi dəyərlərə malik, sağlam, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmaları onları Dövlət Sərhəd Xidmətinin Akademiyası üçün hazırlayır.
DSX Xüsusi Məktəbinin yeni korpusunun ümumi sahəsi 11 min kvadratmetrdir. Burada 23 ümumi, 8 ixtisaslaşmış tədris, məntiq, fərdi hazırlıq sinifləri və 400 nəfərlik yataq otaqları yaradılıb. Kursantların idmanla məşğul olmaları üçün hərtərəfli şərait var. Təhsil ocağının su hovuzu müasir səviyyədə qurulub. Təhsil kompleksinin interaktiv atış kabineti də zəruri avadanlıqla təchiz edilib. Burada kursantlar atıcılıq üzrə vərdişlərini zənginləşdirirlər. Kursant yeməkxanasında da şəxsi heyətin qidalanması üçün zəruri şərait yaradılıb. Bütün kompleks üzrə videomüşahidə sistemi tətbiq edilib. Bunun sayəsində də tədris prosesi və kursantların dərsdən sonrakı fəaliyyətləri nəzarətdə saxlanılır. Burada kursantların asudə vaxtlarını faydalı keçirmələri, intellektual və yaradıcı məşğuliyyətləri üçün də geniş imkanlar yaradılıb. Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin ərazisində əsaslı tikinti-abadlıq işləri aparılıb, geniş yaşıllıqlar salınıb, 1000-dən çox ağac əkilib. İnşaat işləri zamanı kompleksdə müasir səviyyədə yeni sıra meydanı yaradılıb. Bundan başqa, kursantların atçılıq hazırlığı ilə məşğul olmaları üçün şərait var. Məktəbin ərazisində peyntbol və digər idman meydançaları da kursantların ixtiyarına verilib.