7 Avqust 2014 18:23
1 843
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkmənlərin yaşadığı Tuzhurmatı şəhəri İraq Şam İslam Dövləti (İŞİD) bombalanmaqda, hücuma məruz qalmaqdadır. Mən Kərkükdən Türkiyəyə iki gün əvvəl dönmüşəm, oradakı türkmənlərlə də hər gün əlaqə saxlayıram, Tuzhurmatıda hazırda vəziyyət çox ağırdır. Sincardan Şimali İraq Kürd Muxtariyyətinin hərbi qüvvələri - kürd peşmərgələri çəkildikdən sonra bölgə tamamilə İŞİD-in təhdidi ilə üzləşib. Sincarda türkmənlərə bərabər, yezidilər də ciddi zərər gördü”

Teleqraf.com xəbər verir ki, bunu apa-ya açıqlamasında Kərkük İnformasiya Agentliyinin və “Türkmeneli TV”nin Türkiyə təmsilçisi, İraq Türkmən Cəbhəsinə daxil olan Türkməneli Partiyasının siyasi müşaviri Ersan Sarıkahya söyləyib.

E. Sarıkahya guya İraq ordusunun təyyarələrinin İŞİD-in mövqelərini bombaladığı, ordunun hərəkətə keçdiyi barədə yaydığı məlumatların da həqiqəti əks etdirmədiyini vurğulayıb: “Reallıqda ortada heç nə yoxdur, İraq hökuməti və ordusu çox zəif durumdadır. Cəfəri məzhəbinin ən müqəddəs məkanlarından olan Həzrəti Musa Kazımın oğlu İmam Əhməd Kazımın iqamətgahı bombalandı.

Hökumət bununla bağlı səsini çıxarmırsa, deyəcəyimiz söz qalmır. Əhalinin 80 faizi Tuzhurmatını tərk edib. Şəhərdə qalanlar gənclərdir, avtomat və digər yüngül silahlarla silahlanıb, taborlar yaradaraq şəhəri müdafiə etməyə çalışırlar. Ancaq gənclərimiz silah və sursat çatışmazlığından əziyyət çəkirlər, hər gün şəhid xəbərləri gəlir”.

E. Sarıkahya sünni ərəb yaşayış məntəqələri ilə əhatə olunmuş, 100 min türkmənin yaşadığı Əmirli şəhərində də vəziyyətin ağır olduğunu bildirib: “Hazırda ən çətin durumla əhalisi 100 min türkməndən ibarət olan Əmirli şəhəri üzləşib. Mühasirədə olan şəhəri yalnız 30 min türkmən tərk edib, 70 min türkmən tam mühasirədədir. Son 3 gündə şəhər İŞİD tərəfindən bombalanır, hücuma məruz qalır, ən ağır günlərini yaşayır. Mühasirə vəziyyətində olan Əmirlidə hər an 70 min türkmən qətliamla üzləşə bilər. Təəssüf ki, İraq mərkəzi hökuməti, ordusu yalnız durumu izləməkdə, seyrçi mövqedədir”.

E. Sarıkahya İŞİD-in ələ keçirdiyi bölgələrdə arvad və qız bazarı yaratdığını da nəzərə çatdırıb. Onun sözlərinə görə, İŞİD-in nəzarətində olan Telafer və digər türkmən bölgələrində türkmən ailələrdən qızlar və qadınlar alınaraq bazara çıxarılır: “İŞİD qız və qadınlarımızı bazarda satır. Artıq danışılacaq bir şey qalmayıb”.


Müəllif:

Oxşar xəbərlər