Bütün ermənilərin katolikosu II Qaregin hər zaman Azərbaycanın əleyhinə çıxışlar edir, erməni işğalına haqq qazandırır, erməniləri “Böyük Ermənistan” şüarı altında birləşməklə yeni ərazilər əldə etməyə çağırır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. O qeyd edib ki, Qaregin təbiət etibarilə ermənilər arasında ən irticaçılardan biridir:
“Görmüşük ki, din xadimi sülhə çağırar, insanlar arasında qardaşlığı təbliğ edər. Ən azı siyasiləşmiş millətçiliyi insanların şüuruna yeritməyə çalışmaz. Ermənistanın Azərbaycana təcavüzü başladıqdan sonra katolikos erməni işğalının mən deyərdim, baş ideoloquna çevrildi. O, ən azı həftədə bir dəfə erməni əsgərlərini ruhlandıran moizələrlə çıxış edir, “Böyük Ermənistan” ideyasını yayır və Azərbaycana qarşı amansız olmağa çağırırdı. Mən bu şəxsin timsalında dini təmsil edən şəxsdən çox Azərbaycana qarşı döyüşən bir hərbçinin obrazını görürəm. Çünki o, erməni təbliğatının aparıcı qüvvələrindən biri kimi həm daxildə erməni əhalisinin səfərbər edilməsində, həm də işğalçı ordunun döyüş ruhunun yüksəldilməsində əvəzsiz rol oynayıb”.
Q.Hüseynli qeyd edib ki, son vaxtlar Qareginin durumunda müəyyən dəyişikliklər əmələ gəlib:
“O, Serj Sərkisyanla sıx əlaqələrinə, hərbi xunta rejimini müdafiə etdiyinə görə Nikol Paşinyan tərəfindən sıxışdırılmağa başlayıb. Hətta ona dini şura qarşısında hesabat verib vəzifədən getməyi təklif ediblər. O isə dirənir və israrla iddia edir ki, başçılıq etdiyi idarə müstəqildir, heç yerə getmək fikri də yoxdur. Üstəlik, Qaregin özünü demokrat kimi təqdim etməyə çalışan Paşinyanın yanında o qədər də üzağardıcı bir şəxs kimi görünmür. Çünki din xadimi kimi o, Azərbaycana qarşı törədilmiş Xocalı, Qaradağlı soyqırımları kimi bir sıra ağır cinayətlər zamanı erməni ordusunun ruhunun yüksəldilməsini tərənnüm edib və bu soyqırımlara bəraət qazandırmağa çalışıb. Güman edirəm ki, Paşinyanın Qaregenə qarşı sərt mövqe tutması təkcə onun Serj Sərkisyanla sıx əlaqələri ilə bağlı deyil. Həm də, din xadiminin bu qədər yırtıcı və antihumanist mövqedə dayanması ilə də bağlı ola bilər”.
Müsahibimiz daha sonra deyib:
“Zənnimcə, Azərbaycanın Qareginlə bağlı iddia qaldırmağa tam haqqı var. Erməni katolikosun iki xalq arasında münasibətləri qızışdırdığına, təcavüzkar ordunun Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri və soyqırımı hərəkətlərini dini nöqteyi-nəzərdən müdafiə etməyə çalışdığına görə biz onun barəsində cinayət işi qaldırılmasını, beynəlxalq hərbi tribunala verilməsini təmin etməli və belə bir din xadiminin xristian dini dəyərlərinə sadiq olmadığını sübuta yetirməliyik”.