20 İyun 2018 17:29
4 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunda kiminsə geyiminə qarışmaq kimi bir müddəa yoxdur. Yalnız milli-mənəvi dəyərlər kontekstində kimsə kiməsə tövsiyə verə bilər. Fərdi əxlaqın düzəldilməsi deyilən anlayış da söhbət mövzusu ola bilməz. Ona qalsa, bütün televiziyaları bağlamalı, əxlaqı xoşumuza gəlməyən insanların televiziyalara çıxmasını, onların reklam olunmasını önləməyə çalışmalıyıq.

Bu sözləri Teleqraf.com-a metrodakı şortik qalmaqalı ilə bağlı açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Bununla belə, millət vəkili hesab edir ki, insanlar ictimai yerlərdə geyimlərinə fikir verməlidirlər. Açıq-saçıq geyim formaları cəmiyyətdə narazılıq yarada bilər: “Amma heç bir halda insanlar bir-birinin geyimlərinə müdaxilə etməməlidir. Bunun özü də bir mədəniyyətsizlikdir. Metroda baş verən hadisə vaxtı kimsə ərklə deyə bilərdi ki, bu geyim, bu tərz düzgün deyil. Normal irad bildirə, tövsiyə xarakterli fikir söyləyə bilərdi. Əslində heç buna da ehtiyac yoxdur.

Hər kəs öz ailəsinə, öz yaxınlarına cavabdehdir. Tanımadığın adamın üstünə o şəkildə hücum etmək tamamilə yanlışdır.

Şəhərdə geyimi xoşumuza gəlməyən insanların hamısına irad bildirməyə nə zamanımız, nə də imkanımız çatar”.

Fazil Mustafa müasir, dünyəvi, hüquqi dövlətdə yaşadığımızı xatırladıb: “Biri içirsə, bu onun öz işidir. Yox, əgər içib mənə problem yaradırsa, o zaman reaksiya verə bilərəm. Eynilə geyim məsələsi də elədir. Biri nə geyinirsə, öz işidir. Yox, geyimi ilə mənə qarşı əxlaqsızlıq edirsə, reaksiya verməyə ixtiyarım var”.

“Azvision” saytının baş redaktoru Vüsal Məmmədovun fikrincə, insan qanunun və vicdanın tələblərini pozmadığı çərçivədə istədiyi hərəkəti etməkdə sərbəstdir. Buna görə heç kim ona aqressiya göstərə bilməz: “Biz qanunla düşünən xalq deyilik, ona görə də hər şeyə öz inanclarımız prizmasından yanaşırıq. Hər şeyi ancaq özümüzün inandığımız normalarla ölçməyə çalışırıq. Halbuki bütün hallarda ilk növbədə bu sualı verməliyik: Burada qanun pozuntusu varmı? Qızın şortiklə metroda oturub, ayağını ayağının üstünə aşırmasında qanun pozuntusu varmı? Qətiyyən. Bu bizim hislərimizə toxuna, inancımıza, dünyagörüşümüzə, qəbul etdiyimiz normalara zidd gələ bilər, amma bütün bunlar hüquq yaratmır.

Qız vulqar, zövqsüz, lap belə tutaq ki, əxlaqsız da ola bilər, amma hansısa qanunu pozmayıbsa, heç kim ona söz deyə bilməz. Bu halda təzyiq göstərən oğlan və qadın qanunu pozan tərəfdirlər. İkisini də polis bölməsinə dəvət edib, dillərindən iltizam almaq lazımdır ki, bir də ictimai yerlərdə belə etməsinlər”.

Təhsil eksperti Etibar Əliyev isə açıq-saçıq geyimlərin məktəblilərə və tələbələrə qəti şəkildə qadağan edilməsinə tərəfdar olduğunu deyib: “Bizim cəmiyyətdə qadınların da, kişilərin də orta geyim modeli mövcuddur. Xüsusən də qadınların. Ola bilər, dövrə və fəsillərə görə geyimlər də dəyişsin. Təsəvvür olunan geyim formalarından kənara çıxanda cəmiyyətdə müxtəlif narazılıqlara səbəb olur.

Təəssüf ki, bizdə tarazlıq pozulub. Qəribə geyimlərə rast gəlirik. Necə ki, əcnəbi vətəndaşları şortikdə görəndə təəccüblənirik, bizimkilər də o cür geyinəndə heyrət edirik. Təbii ki, belə məqamlar qıcıq yaradır.

Hesab edirəm ki, məktəbli və tələbələrə o cür geyimlər qəti şəkildə yasaqlanmalıdır. Qadın müəllimlər də bu məsələdə diqqətli olmalıdır. Şükürlər olsun ki, bizdə pedaqoji heyətin əksəriyyəti qadınlardır. Qadınlar da normal geyimi şagirdlərə təlqin etməlidirlər.

9-cu sinifdən sonra məktəbdən ayrılan qızlara ciddi nəzarət olmalıdır. Onlar ya peşə seçməlidir, ya da kolleclərə daxil olmalıdırlar.

Bu, həm də ailə məsələsidir. Bunu cəmiyyətin ümumi problemi kimi qəbul etmək düz deyil. Məktəblərdə, kolleclərdə, ali məktəblərdə bu istiqamətdə tərbiyəvi, maarifləndirici işlər aparılmalıdır”.

Etibar Əliyev deyib ki, metro xaotik nəqliyyat vasitəsidir: “Hesab edirəm ki, bu, təsadüfi haldır. Düşünmürəm ki, o cür geyimlərə qarşı təşkilatlanmış gənclər olsun. İndi şəhərin çox yerində masaj salonlarına rast gəlirik. Bu cür salonların mentalitetimizlə uyğunlaşmadığını hamı bilir. Buna baxmayaraq, o salonlar fəaliyyət göstərir”.

Deputat Araz Əlizadənin fikrincə, geyim insanın şəxsi işidir: “Kim necə istəyir, geyinə bilər, ona yalnız qardaşı, atası, anası cavabdehlik daşıyır, bunun başqa heç kəsə aidiyyəti olmamalıdır. Metroda qıza irad tutan o oğlanın qeyrəti varsa, getsin restoranda ərəblərlə oturub-duran qızları tərbiyə eləsin, şortikli qızları yox. Buna cürəti çatmaz.

Ya da həddi buluğa çatmamış qızların başına hicab örtənlərlə mübarizə aparsınlar.

Tərbiyə ailədən başlayır, məktəbdə davam edir. Cəmiyyətin mövqeyindən də çox şey asılıdır. Əksəriyyət o oğlanın tərəfini saxlayırsa, bu o deməkdir ki, mədəniyyətimizi itirmişik.

Feysbukdan ağıllı sözlər yazmaq üçün istifadə eləmək lazımdır. Onu-bunu müzakirə edənlərin əksəriyyəti həyatda heç nəyə nail olmayıb, natamamlıq kompleksi yaşayırlar”.

Qeyd edək ki, bir neçə gün öncə, Bakı metrosunda gənc xanım şortik geyindiyi üçün insanların təzyiqinə məruz qalıb.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər