2 İyul 2018 14:55
2 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda baş vermiş hakimiyət dəyişikliyi Dağlıq Qarabağ münaqişəsi ətrafında müharibə ehtimalını gücləndirir. Halbuki hakimiyyətə gəlmiş yeni qüvvələrdən müsbət gözləntilər vardı.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, “Qarabağ klanı” yaxud, keçmiş prezident Serj Sərkisyan Baş nazir Nikol Paşinyanın Azərbaycana yönəlik sərt ritorikasından öz məqsədləri üçün istifadə etməyə çalışır:

“Bu baxımdan, Paşinyanın sərt bəyanatları Ermənistana baha başa gəldi. Erməni ordusunun təxribatlarına cavab verən Azərbaycan Silahlı Qüvvələri Naxçıvan istiqamətində bir sıra ərazilərimizi işğaldan azad etdi. İndi də Serj Sərkisyan bundan Nikol Paşinyana qarşı istifadə etməyə çalışır.

Qeyd edim ki, Paşinyanın siyasi kursu regionun təhlükəsizliyini təhdid edir. Lakin o, Qarabağ məsələsi ətrafında nəzəri olaraq gərginlik yaratmaqla cəmiyyətə vəd etdiyi islahatlardan diqqət yayındırmağa çalışır”.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycan Ermənistanda gedən prosesləri diqqətlə izləməli, situasiyaya uyğun olaraq işğalçı üzərində təzyiqləri artırmalıdır:

“Hesab edirəm ki, Ermənistanda baş verənləri lehimizə çevirmək üçün ideal fürsət var. Nəzərə almaq lazımdır ki, Rusiya artıq Paşinyana qarşı təzyiq rıçaqlarını işə salıb. Bu təzyiqlərin davamı olaraq, Rusiya Ermənistana qarşı ciddi addımlar atacaq. Qənaətimə görə, Rusiya hakimiyyətinə yaxın ictimai-siyasi xadimlərin Cocuq Mərcanlıya gəlişi də Ermənistana verilən mesaj idi.

Bundan əlavə, Azərbayacan ordusunun 20 minlik şəxsi heyətinin iştirakı ilə geniş miqyaslı hərbi təlimlərə başlamasında da əsas məqsəd işğalda olan ərazilərimizin geri qaytarılması üçün hazırlıqdır. Bunu müharibəyə hazırlıq kimi qiymətləndirirəm. Çünki adətən, böyük maliyyə tələb edən bu kimi təlimlər bir qayda olaraq, real döyüş üçün planlaşdırılır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər