Bu gün ATƏT PA-nın 27-ci illik sessiyası işinə başlayır.
Berlində keçiriləcək sessiya 7-11 iyul tarixlərində davam edəcək.
Təşkilatın komitələrində hərbi-siyasi sahədə ATƏT-in öhdəlikləri, münaqişələrin həlli yolları, terrorizmlə mübarizə, iqlim dəyişiklikləri, münaqişələrin ətraf mühitə təsiri, rəqəmsal texnologiyaların inkişafı, fövqəladə hallarda insan haqları, qaçqın və miqrantların hüquqları və digər məsələlər müzakirə olunacaq.
Sessiyada “ATƏT çərçivəsində öhdəliklərin yerinə yetirilməsi: parlamentlərin rolu” mövzusu ətrafında müzakirələr aparılacaq. Tədbirdə Azərbaycan tərəfinin “Nəqliyyat şəbəkələrinin inkişafı, o cümlədən Qədim İpək Yolunun bərpası vasitəsilə ATƏT regionunda qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi” adlı qətnamə layihəsi təqdim ediləcək. Toplantıda, həmçinin, “Terrorizmin, ekstremizmin qarşısının alınması”, “ATƏT regionunda müharibə və nifrətin təbliğinə qarşı mübarizə”, “Gənclərin hərtərəfli inkişafı üçün imkanların yaradılması yolu ilə sülhün və təhlükəsizliyin təşviqi”, “Gender zorakılığı ilə mübarizə”, “ATƏT-in səmərəli fəaliyyətinin təmin edilməsi istiqamətində öhdəliklərin təsdiq edilməsi” adlı qətnamələr və digər sənədlər qəbul ediləcək.
Təxminən 300 parlamentarinin iştirakı gözlənilən sessiyanın yekununda milli hökumətlərin, parlamentlərin və beynəlxalq ictimaiyyətin siyasi məsələlər, təhlükəsizlik, iqtisadiyyat, ətraf mühit və insan hüquqları sahəsində siyasətini formalaşdırmağa kömək edəcək Berlin Bəyannaməsi qəbul ediləcək.
Sessiya çərçivəsində ATƏT PA-ya prezident və vitse-prezident seçkiləri də keçiriləcək.
Eləcə də Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndə Kristin Vigenin yerinə yeni nümayəndənin təyin olunması gözlənilir.
Qeyd edək ki, Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat təşkilatın illik sessiyasında iştirak etmək üçün Almaniyanın paytaxtı Berlinə səfər edib.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, millət vəkilləri Ülviyyə Ağayeva, Tahir Mirkişili, Elşad Həsənov və Kamran Nəbizadə daxildirlər.