26 Avqust 2018 08:52
2 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycanda təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın inkişafı, ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği, xalqımızın maddi-mənəvi dəyərlərinin yenidən dirçəldilməsi, onların qorunub saxlanılması, dünya xalqlarının mədəniyyətlərinə inteqrasiyası istiqamətində böyük işlər görüb. Mehriban xanım Əliyevanın fəaliyyət istiqamətlərindən biri də Azərbaycan cəmiyyəti üçün həyati əhəmiyyət daşıyan xeyriyyəçilikdir. Mehriban xanımın bu sahədəki fəaliyyətini izlədikdə bir daha əminliklə demək olar ki, Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsası onun tərəfindən qoyulub.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Mehriban Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərmiş olur: “Bu gün ölkəmizdə fərdi və korporativ filantropiya ilə yanaşı, xeyriyyəçilik sistemi bir sosial institut kimi formalaşır və o, gələcəkdə bu, daha da möhkəmlənəcək. Əlbəttə ki, bu vacib sektorda Mehriban xanım Əliyevanın əsasını qoyduğu ənənənə və nümunəvi fəaliyyət müasir Azərbaycan xeyriyyətçilik institutunun daha da inkişafına yeni imkanlar açır, stimul verir”.

Siyavuş Novruzov qeyd edib ki, Mehriban Əliyeva 2004-cü ildən təsis edilmiş Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan cəmiyyəti və dünya xalqları üçün xüsusi əhəmiyyəti ilə seçilən sosial-humanitar layihələrin təşəbbüskarı və reallaşdıcısı olub: “Yarandığı gündən qarşısına qoyduğu ali məqsədlərin gerçəkləşdirilməsi naminə inamla çalışan, qısa müddətdə strateji əhəmiyyət daşıyan bir sıra layihələri gerçəkləşdirən Heydər Əliyev Fondu son 14 ildə cəmiyyətdə xeyirxahlıq ünvanına çevrilib. Ulu öndər Heydər Əliyevin ideallarından ruh alan Fond onun nəcib və müqəddəs əməllərini yaşatmaq üçün ən müxtəlif sahələrdə sistemli tədbirlər həyata keçirib, hər bir vətəndaşın zəruri istək və arzularının reallaşmasına, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verib. Heydər Əliyev Fondu ötən illərdə ictimaiyyətin ən müxtəlif təbəqələri ilə əlaqələrini genişləndirməklə, Azərbaycanın hərtərəfli inkişafına və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə sanballı töhfələrini verib. Fondun fəaliyyəti, eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təminatına yönəlib, qısa müddətdə bu sahədə böyük işlər görülüb”.

Komitə sədri vurğulayıb ki, 2004-2018-ci illər ərzində fonda müraciət etmiş insanlara kömək göstərilməsi üçün səhiyyə müəssisələri ilə sıx əlaqə qurulub, minlərlə insanın müayinə və müalicəsi üçün lazımi tədbirlər həyata keçirilib: “Təhsil ocaqlarındakı kimsəsiz uşaqların sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən sosial layihələr xüsusilə təqdirəlayiqdir. Bu layihələr səhhətindəki problemlər üzündən əziyyət çəkən insanları yenidən sağlam həyata qaytarır və onlara həyat eşqi verir. Fondun “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri də cəmiyyətdə böyük diqqət və rəğbətlə qarşılanıb. Heydər Əliyev Fondu ürək xəstəliklərindən əziyyət çəkən körpələrin bir qisminə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına köməklik göstərib”.

Siyavuş Novruzov bildirib ki, Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri də vətəndaşların təhsil hüquqlarının daha etibarlı təminatı məqsədinə xidmət edir: “Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən Fond qarşıya qoyduğu strateji hədəflərə doğru inamla addımlayıb, bir sıra uğurlu nəticələr əldə edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif regionlarında 300-dən çox yeni məktəb binası inşa olunub və lazımi avadanlıqlarla təchiz edilib. Fondun təhsillə bağlı layihələri sırf Azərbaycanla məhdudlaşmır. Belə ki, 2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi Heydər Əliyev Fondunun diqqətindən kənarda qalmayıb, məktəbə kompüter dəsti və dərs vəsaitləri göndərilib. 2008-ci ilin fevralında isə Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb yenidən tikilərək, yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqlarla təmin olunub. Eyni zamanda, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Rusiyada, Gürcüstanda, Misirdə yeni məktəb binaları tikilərək istifadəyə verilib”.

Millət vəkili deyib ki, Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin, mətbəxinin, ümumiyyətlə, milli, mədəni, mənəvi dəyərlərimizlə əlaqəli bütün tarixi nailiyyətlərimizin dünya miqyasında təbliğ edilməsi Mehriban Əliyevanın dövlətimiz və xalqımız qarşısında görüdüyü misilsiz xidmətlərin tərkib hissəsidir: “ Təsadüfi deyil ki, Heydər Əliyev Fondu irimiqyaslı, möhtəşəm layihələri ilə Azərbaycanın dünya miqyasında multikultural, tolerant ölkəyə çevrilməsinə də güclü dəstək olub. Elə Prezident İlham Əliyev də Fondun fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, “Mehriban Əliyevanın rəhbərliyi ilə fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir”.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin də beynəlxalq aləmə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə edir, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələrin məhz bu məqsədə yönəlməsinə çalışır. Elə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, təcavüzkarın ifşası baxımından Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdirdiyi kitablar, ingilis, fransız, ərəb, alman, rus dillərində “Qarabağ həqiqətləri” bukletlərİ Fondun bu sahədəki fəaliyyətinin əyani vəsaitləridir”.

Siyavuş Novruzovun sözlərinə görə, Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün dünyanın aparıcı dövlətlərinin paytaxtlarında və böyük şəhərlərində dünya ictimaiyyətinin diqqətini çəkən, həmin ölkələrin siyasi, mədəni, elmi elitasını bir araya toplayan tədbirlərə də imza atıb.

Deputat diqqətə çatdırıb ki, Birinci Vitse-prezident Mehriban Əliyeva sosial, humanitar, mədəni sahələrdəki işləri ilə yanaşı, ictimai-siyasi fəaliyyətilə də nümunədir: “Qeyd etmək yerinə düşər ki, Mehriban xanım Əliyeva ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının 1992-ci ildən fəal üzvü olub və bu gün də partiyanın sədr müavini kimi müasir və müstəqil dövlətimizin daha da inkişaf etməsi prosesinin ən aparıcı simasına çevrilib. Heydər Əliyev Fonduna rəhbərlik etdiyi, Milli Məclisə deputat seçildiyi vaxtdan bəri ölkə həyatının elə bir sahəsi olmayıb ki, Mehriban xanım Əliyevanın diqqətindən kənarda qalsın. Daim seçicilərinin yanında olan, onların problemlərini dinləyən və həll edən deputat kimi bütün xalqın rəğbətini və məhəbbətini qazanan Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi hər bir azərbaycanlını ürəkdən sevindirirdi. Çünki ümummilli lider Heydər Əliyevin ölməz ideyalarına bütün varlığı ilə bağlı olan, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli daxili və xarici siyasətə layiqli töhfələrini verən Heydər Əliyev Fondunun prezidentinin Azərbaycan dövlətinin ali idarəetmə sistemində ikinci yüksək vəzifəni daşımasına çoxdan siyasi və mənəvi haqqı çatırdı. Xalqımızın milli mədəniyyətinin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında Mehriban xanımın müstəsna xidmətləri onu cəmiyyətə mötəbər ictimai-siyasi xadim kimi tanıdıb. Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin olunmasının səbəbi böyük idarəçilik təcrübəsi və xalqının sevgisini qazanması ilə yanaşı, həm də ölkə Prezidenti İlham Əliyevin ən yaxın silahdaşı, yardımçısı, mənəvi dəstəkçisi olması ilə bağlı idi. Daha doğrusu, Azərbaycanın birinci xanımı Birinci vitse-prezident təyin olunana qədər deputat və Fond rəhbəri kimi reallaşdırdığı uğurlu layihələrlə, dövlət müstəqilliyimizin əsaslarının və Prezident İlham Əliyevin liderlik nüfuzunun möhkəmlənməsinə geniş ictimai dəstək qazandırmışdı”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər