9 Sentyabr 2018 14:13
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən “Şabran şəhəri” Tarixi Qoruğu ərazisində arxeoloji qazıntı işlərinin növbəti mərhələsinə başlanılıb.

İnstitutdan Teleqraf.com-a verilən məlumata görə, tədqiqatlar yeni çəkilən Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun qoruğun ərazisindən keçəcək hissəsində aparılır.

İnstitutun Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov bildirib ki, ilkin tədqiqatlar nəticəsində çay daşları ilə döşənmiş küçələr və divar qalıqları aşkar olunub. Qazıntı ərazisində su borusu yerləri, çox sayda qırmızı, yaşıl və göy boya ilə rənglənmiş saxsı qablar üzə çıxıb. Arxeoloqlar ərazidə, həmçinin kəhriz olması ehtimal edilən bişmiş kərpicdən tikili də üzə çıxarıblar.

Tədqiqat işləri zamanı Şabrançay çayına qədər olan 900 metr məsafədə ərazi tamamilə öyrəniləcək.

Qeyd edək ki, qədim Şabran şəhərinin ərazisi ümummilli lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı Sərəncamla tarix-memarlıq qoruğu elan edilib. “Şabran şəhəri” Tarixi Qoruğu ilə bağlı aparılan tədqiqatlar istər 677 il mövcud olmuş Şirvanşahlar dövlətinin, bütövlükdə isə Azərbaycan tarixinin daha dərindən öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər