“Bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə qəbul prioritetlər əsasında aparılır”.
Teleqraf.com xəbər verir ki, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib.
M.Vəliyeva bildirib ki, şagird sıxlığının qarşısını almaq üçün bu gün paytaxtdakı məktəblərin 85 faizində ərazi prinsipi tətbiq edilmir:
“Bu tədris ilində dövlət hesabına məktəbəqədər hazırlıq qruplarına qəbul olunacaq uşaqlar 5 yaşlıların 75 faizini təşkil edilir”.
Nazir müavini bəzi məktəblərdə yuxarı siniflərdə şagird azlığı problemini həll etmək üçün atılan addımlara da toxunub:
“Araşdırmalarımız zamanı müşahidə etdik ki, bir sıra məktəblərdə rus bölmələrində bəzi siniflər fəaliyyət göstərmir, bəzi siniflərdə şagirdlərin sayı azlıq təşkil edir. Bəzi məktəblərdə sinif sayı davamlı olmur. Şagird sayı az olmaqla yanaşı həmin siniflər üzrə qəbul göstəriciləri də aşağı idi. Bu problem həll etmək üçün son 3 ildə 9-cu sinif şagirdlərinin yaxınlıqdakı məktəblərə köçürülməsi layihəsi həyata keçirilir”.