Milli Məclisin Bakının Sabunçu rayonundan olan deputatı Qalib Salahzadənin Bilgəhə başqa yerdən olan adamın icra nümayəndəsi təyin olunması ilə bağlı etirazına cavab verilib.
Sabunçu Rayon İH-dən Teleqraf.com-a bildirilib ki, deputatla rayon icra hakimi arasında heç bir qarşıdruma yoxdur, onlar bir-biriləri ilə normal əməkdaşlıq şəraitində çalışırlar. Eyni zamanda, Bilgəhdə də icra nümayəndəsinin təyin olunması ilə bağlı heç bir problem yoxdur.
Deputat Q.Salahzadə də Teleqraf.com-a açıqlamasında bildirib ki, artıq problemlər tamamilə həll olunub: "Mənim Adil Vəliyevə böyük hörmətim var. Bizim aramızda heç bir problem ola bilməz. O, rayonumuzun başçısıdır və qanun çərçivəsində, vicdanla fəaliyyət göstərir. Adil Vəliyev icra başçısı təyin ediləndən sonra Sabunçuda geniş abadlıq işləri aparılıb, rayonumuz inkişaf edib. Təəssüflər olsun ki, bəzi qüvvələr elə görüntü yaratmaq istəyirlər ki, guya Sabunçuda deputatla icra başçısı arasında hansısa problemlər var. Bu, mümkün deyil. Nə Bilgəhdə, nə də mənimlə icra başçısı arasında heç bir problem yoxdur, ola da bilməz".
Q.Salahzadə onu da bildirdi ki, mətbuata verdiyi müsahibədən uzaqgedən, fantastik nəticələr çıxarmaq düzgün deyil: "Mən rayonun millət vəkiliyəm. Seçicilərin problemlərini dilə gətirirəm. Sadə insanların problemlərini, narazılıqlarını siyasiləşdirmək olmaz. Bu şikayətlər lokal, keçici xarakter daşıyır və icra hakimiyyətilə heç bir ciddi əlaqəsi yoxdur. Bilgəh sakinləri Adil Vəliyevin fəaliyyətindən razıdır".
Ayxan