Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzinin yaradıcı heyəti sayəsində ərsəyə gətirilmiş “Əbədi ezamiyyət” sənədli filmi Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə 2018-ci il oktyabrın 30-da Düşənbə şəhərindəki “Tacikfilm” kinostudiyasının geniş salonunda nümayiş etdirilib.
Azərbaycanın Tacikistandakı Səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivəsində keçirilən təqdimat mərasimində yerli ictimaiyyətin tanınmış nümayəndələri, jurnalistlər, diplomatlar, Tacikistan Milli Universitetinin və Rusiya-Tacikistan Slavyan Universitetinin müəllim və tələbələri, Düşənbə şəhərində yaşayan Azərbaycanlılar iştirak ediblər.
Təqdimat mərasiminə gələn qonaqları salamlayan Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə “Əbədi ezamiyyət” sənədli filmi barədə məlumat verərək bildirilib ki, tamaşaçıların diqqətinə təqdim olunan bu sənədli film müsəlman Şərqində və türk dünyasında ilk parlament respublikası olan, milli dövlətçilik tariximizdə özünəməxsus şərəfli yer tutan Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasında misilsiz xidmətləri olmuş, bu şanlı yolda min bir məşəqqətlərə sinə gərmiş, əqidələrindən dönməmiş, 1919-cu ilin yanvarında Paris Sülh Konfransına ezam edilən Vətən oğullarının fədəkarlıqlarından, keşməkeşli talelərindən və qürbətdə bitən ömür yollarından bəhs edir.
1918-1920-ci illər ərzində istiqlalın və müstəqilliyin müqəddəsliyini xalqına aşılayan Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının xalqımızın tarixində şanlı səhifə olduğunu vurğulayan H.Məmmədzadə, AXC-nin xalqımızın tarixində buraxdığı silinməz izlər, milli dövlətçilik ənənələrimizin bərpasındakı və gənc nəsldə vətənpərvərlik ideyalarının yaranmasındakı böyük rolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Səfir həmçinin qeyd etmişdir ki, xalqımızın müstəqillik tarixinin nisbətən qaranlıq qalan səhifələrindən birinə işıq saçan, azadlıq mücahidlərinin xatirəsinə Azərbaycan dövlətinin hörmət və ehtiramını göstərən bu filmə baxan hər kəs Azərbaycanın müstəqillik tarixinin daha bir səhifəsi ilə yaxından tanış olmaq imkanı qazanacaqdır.
Sonra geniş ekranda filmin nümayişi olmuşdur. Sənədli film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Filmin nümayişi ilə bağlı yerli mətbuatda yazılar dərc edilib.