Cənab Prezident İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncamı dövlətin öz vətəndaşlara göstərilən qayğının təzahürlərindən biridir.
Bunu Azərbaycan dövlət başçısının müvafiq sərəncamı barədə Teleqraf.com-a danışan “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktorun sözlərinə görə, Azərbaycan vətəndaşlarının sosial problemlərinin həll edilməsi üçün görülən işlər davamlı hal alıb:
“Cənab prezidentin bu addımını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu, Azərbaycan prezidentinin və dövlətin vətəndaşlarımıza qayğının, diqqətin bariz nümunəsidir. Əhalinin sosial rifahının yüksəldilməsi ilə bağlı davamlı işlər görülür, bu məsələ həmişə diqqət mərkəzində olub.
Vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı vacib işlər görülür. Belə bir addım bir neçə gün əvvəl şəhid ailələri ilə bağlı atıldı. Şəhid ailələri cənab prezidentin iştirakı ilə mənzillərlə təmin olundu. Ümumiyyətlə, Azərbaycan dövləti, Azərbaycan prezidenti vətəndaş amilinə həmişə önəm verib.
Həyata keçirilən bütün layihələr, göstərişlər və sərəncamlar, birmənalı şəkildə vətəndaşlarımızın yaxşı yaşamasına yönəlmiş qərarlardır”.
Vüqar Rəhimzadə bildirib ki, aztəminatlı ailələrə birdəfəlik yardımın edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncam, onun bu istiqamətdə davamlı şəkildə gördüyü işlərin bir nümunəsidir və bunu yüksək qiymətləndirir: “Hesab edirəm ki, belə sərəncamlar davamlı olacaq. Düşünürəm ki, bununla bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulur.