14 Yanvar 2019 19:25
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Siz yaxşı bilirsiniz ki, 5 milyondan çox insan hər il dövlət xətti ilə tibbi müayinədən keçir. Bu, bizim təşəbbüsümüzdür və dünyanın nadir ölkələrində belə təşəbbüs həyata keçirilir. Bunun da bir məqsədi var ki, vətəndaşlar, əgər onların sağlamlığında hər hansı bir problem varsa, onu vaxtında aşkar etsinlər və yüksək səviyyəli müalicə alsınlar. Bu proqram nəticəsində minlərlə insan artıq lazımi səviyyədə müalicə alır".

Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 14-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışında çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, diaqnostika və müalicə bir-biri ilə vəhdət təşkil edir: "Bu xəstəxanada həm diaqnostika, həm də poliklinika şöbəsi, təcili yardım stansiyası və əməliyyat aparmaq üçün imkanlar, doğum şöbəsi var. Mənə məlumat verildi ki, bu məsələ ilə bağlı ciddi problemlər var idi və bu bölgədə doğum şöbəsi yox idi. Siz onu da yaxşı bilirsiniz ki, bu xəstəxana ətraf qəsəbələrə də xidmət göstərəcək, on minlərlə insan bu imkanlardan istifadə edəcək. Əlbəttə ki, bu xəstəxanada dializ şöbəsinin yaradılması xüsusi məna daşıyır. Çünki mənə verilən məlumata görə, burada böyrək xəstələri var ki, onlar da müntəzəm olaraq Bakıya dializ almaq üçün getməli olurdular. Bu da həm məsrəfdir, həm də narahatlıqdır, əziyyətdir. Ona görə, burada indi dializ şöbəsinin yaradılması bu insanlara da böyük dəstək olacaq, onlar öz sağlamlığını burada bərpa edəcəklər".

Azərbaycan Prezidenti bildirib ki, bütün bu işlər Azərbaycan vətəndaşlarının daha da yaxşı yaşamaları üçün edilir: "Əlbəttə ki, buna nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır və biz bu iqtisadiyyatı qururuq. Keçən ilin nəticələri, - bir neçə gün bundan əvvəl bu barədə mən xalqa hesabat verdim, - çox müsbətdir. Bu, onu göstərir ki, biz düzgün yoldayıq, biz uğurla inkişaf edirik və ölkəmiz öz hesabına, öz daxili imkanları hesabına bütün lazım olan məsələləri həll edir, həm sosial, həm iqtisadi, infrastrukturla bağlı və digər məsələləri. Əminəm ki, gələcək illərdə, o cümlədən əlbəttə ki, 2019-cu ildə biz bu müsbət dinamikanı saxlayacağıq, ölkəmiz uğurla inkişaf edəcək və bütün məsələlər öz həllini tapacaq".


Müəllif: Teleqraf.com