23 Yanvar 2019 17:37
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

Parlamentdən Teleqraf.com-a verilən məlumata görə, komitə sədri Əli Hüseynli 2018-ci ilin payız sessiyası dövründə rəhbərlik etdiyi komitədə görülən işlər barədə danışıb.

Bildirilib ki, hesabat dövründə komitənin 25 iclası keçirilib və 169 məsələ müzakirə olunub

Daha sonra komitənin 2019-cu il yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planına baxılıb. İşlər planına Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, “Peşə birlikləri haqqında”, “Sosial sifarişlər haqqında” qanunların hazırlanması, eləcə də bir sıra qanunlarda dəyişiliklər edilməsi haqqında qanun layihələrinin daxil edildiyi diqqətə çatdırılıb. Qanunvericilik işləri planı müzakirə olunaraq təsdiqlənib.

İclasda “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında” qanun layihələri ikinci oxunuşda müzakirə edilib. Qeyd olunub ki, hər iki sənəd “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunlarının tətbiqi məqsədilə hazırlanıb.

“Milli Məclisin komitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. Bildirilib ki, sənəd “Milli Məclisin Daxili Nizamnaməsi”nə uyğunlaşdırma və parlament haqqında qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Müzakirə olunan bütün məsələlər baxılması üçün parlamentin plenar iclasına tövsiyə edilib.


Müəllif: Teleqraf.com