26 Fevral 2019 15:11
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Xocalı soyqırımının canlı şahidlərindən biri - Xocalı sakini Zakir Ələkbərovla müsahibəni təqdim edir:

- Zakirb bəy, zəng edəndə oğlunuz ehsan verdiyinizi söylədi. Deyəsən, 27 ildir Xocalı şəhidlərinin ruhuna ehsan verirsiniz...

- Mənimlə yaradanım arasında söhbət olub, meşədə yolumuzu azmışdıq, təxminən 100-ə yaxın adam idik, qar dizdən yuxarı idi, uşaq, böyük, qoca bizimlə idi, yolu tapa bilmirdik, onlar üçün də çox çətin idi. Əlimi uzatdım uca Allaha dua elədim ki, bizə yol göstər, məni sağ çıxar, ölən günümə qədər Xocalıda şəhid olanların ruhuna ehsan verəcəyəm. Allah-təala elə elədi ki, yolumuz açıldı, Şelli kəndinə gəlib çıxdıq, oradan da Ağdama getdik. Ondan sonra Ağcəbədinin Hindarx kəndində qohumların evində məskunlaşdım, oradan da könüllü olaraq Ağcabədi-Xocavənd istiqamətində gedən döyüşlərin iştirakçısı oldum.

- Hərbçi idiniz?

- Xocalıdan çıxandan sonra könüllü olaraq döyüşə getmişəm, 1993-cü ildə müharibənin qızğın vaxtı məni cənub bölgəsinə N saylı hərbi hissədəki polka təhkim elədilər. Sonra Beyləqan- Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak elədim, bir dəfə minaya düşdüm, bir dəfə də güllə yarası aldım. 1996-cı ildə Ali Baş Komandan, ulu öndərimiz Heydər Əliyevin əmri ilə qocalar, eləcə də mən təxris olundum. Bu günədək N saylı hərbi hissədə yaşayıram. Xocalıya qayıtsam bu ənənəni orada davam etdirəcəyəm, şəhidlərimizin ruhuna hər il ehsan verəcəyəm.

- Xocalıdan çıxanda neçə yaşınız vardı?

- Xocalını 37 yaşımda tərk eləmişəm. Bu gün 64 yaşım var.

- O gecəni xatırlamaq çətin olsa da, Xocalı soyqırımının yaşandığı gecədən yaddaşınızda nələr qalıb?

- O məşum gecənin üstündən 27 il keçsə də, ölənə qədər yaddaşımızdan silinəsi tarix deyil. Fevralın 25-də rus birləşmələri ilə erməni faşistləri texnikanı hərəkətə gətirdi. Hiss edir və səslərindən də bilirdik ki, onlar hərəkət edəcək. Biz də Xocalıda icra hakimimizə, postlara xəbər verdik, dedilər məlumatımız var. Həmin gecə postları növbə ilə qoruyurduq. Gecə saat 23:00-da Xankəndində üç fişəng atdılar – yaşıl, sarı, qırmızı. Texnikalar artıq bizə çatmışdı. Qırmızı fişəngdən sonra texnikalar başladı, nə başladı... Rusun 366-cı alayı, ermənilər güclü texnikası ilə hücuma keçdi. Amma xocalılar mərd və qəhrəmancasına o texnikanın qarşısına çıxdı. 150 nəfər özünü müdafiə batalyonu idi, 100-ə yaxın da qocalar, əli silah tutanlar vardı. Düzdür, nə o qədər silahımız, nə patronumuz vardı və erməni faşistlərinin, o muzdluların hücumunun qarşısında qüvvələr qeyri-bərabər olsa da, xocalılar 7 saatdan çox Xocalını müdafiə elədi. Əfsuslar olsun ki, texnikamız olmadığı üçün 7 saatdan sonra şəhid verərək, Xocalını məcburən tərk elədik. Bizdə “Beşmərtəbə” deyilən bina vardı, Xocalıdan çıxanlar çıxdı, çıxmayanlar da həmin binaya gəldi. Xocalının müdafiə batalyonunun komandiri, ölümündən sonra Milli qəhrəman adına layiq görülən Tofiq Hüseynov həm xalam oğlu, həm də kürəkənim idi. Onunla birlikdə beşmərtəbəli binaya gəldik. Binanın birinci mərtəbəsində haradasa 300-ə yaxın adam vardı.

- Beşmərtəbədə gecələdiniz?

- Bəli, həmin gün binanın zirzəmisində qaldıq, camaatı çıxara bilmirdik. Fevralın 26-da saat 18:00-da hiss edirdik ki, rusların piyada döyüş maşınları binaya yaxınlaşır. Böyük kürəkənimin bacısı oğlu da daxil olmaqla bir neçə gənc binanın başında növbə çəkirdi. Snayperlə o uşaqları beşmərtəbənin üstündə vurdular. 300-ə yaxın adamı pəncərədən çıxarmalı olduq. Sonra dəstələrə bölündük, Kətik meşəsinə üz tutduq. Yaralananlarımız oldu, yolun qırağında Xocalının yanacaqdoldurma məntəqəsi vardı, mən orada müdir işləyirdim, ermənilər məntəqənin yanında ocaq qalamışdı. Təmiz Azərbaycan ləhcəsi ilə bizim uşaqları çağırdılar. 5-10 nəfər yolu onlara tərəf keçdi, hamısını öldürdülər. Bunu görüb üzümlük tərəfə üz tutduq. Taborun komandiri də bizimlə idi, yolda kürəkənimin qardaşı yaralandı, dedi ki, dəstəni götür, meşəyə gir, mən ermənilərin qabağını saxlayacağam. Taborun komandiri dəmiryolu deyilən yerdə qaldı, biz meşəyə girdik. Dağ, dərə, təpə, qar, çovğun, göz-gözü görmürdü. Elə bir sutkaya qədər meşədə qaldıq, yolu tapa bilmirdik. Bayaq danışdım, bu ehsanın da səbəbi Allah-təalanın bizə göstərdiyi yoldur. Qarabağ uğrunda şəhid olanların ruhuna bu ehsanı verirəm.

- Binadakı insanlar meşədən hara üz tutdu?

- Biz fevralın 27-si artıq meşəyə çatdıq, Ağdama çatan çatmışdı, çatmayanlar yolda qırılmışdı. Mən yolda 300-ə yaxın meyit gördüm, bəlkə də gözüm böyümüşdü, o qədər meyit görürdüm... Allah cəmi şəhidlərimizə rəhmət eləsin, anam şəhid olmuşdu, əmim qızı, əmim qızının uşaqları, qonşularımın çoxu düzənlikdə vurulmuşdu. Elə məqam idi ki, qardaş qardaşa kömək edə bilmirdi. Şelliyə gəlib çıxdıq, Ağdamda qohumun evinə çatanda dedilər, yoldaşına güllə dəyib, yaralıdır. Tabor komandirini tək qoymamaq üçün bütün qohum-əqrəba qadınlı-kişili hamısı onun başına yığışmışdı. Nə qadınlarımız, nə də kişilərimiz Xocalını tərk etdi. Ən çox şəhid verən bizim nəsil oldu. İki bacım, iki körpə uşağı, bir bacımın qayınatası, qayınanası, xalam oğlu, xalam qızını ailəlikcə qırdılar. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, onların da alın yazısı ora qədərmiş. Anam vurulduğu yerə qayıdıb meyitini gətirmək istəyirdim, ora uzaq olduğu üçün gətirə bilmədim. Milli Qəhrəman Allahverdi Bağırov ermənilərlə meyitlərin yığılmasına görə müqavilə bağladı. Mənim böyük yeznəm bir neçə nəfərlə getdi, məni qoymadılar. Meyitlərin çox hissəsini yığıb gətirdilər. Ağdamda Uzundərə deyilən yer var, mənim anamı da gətirib orada dəfn elədik. İstəyirik ki, bütün həqiqətlər dünyaya yayılsın. Çox həyəcanlıyam, danışa bilmirəm...Dünən də tədbirə dəvət olunmuşdum, göz yaşlarımı saxlaya bilmədim, qocalıqdandır, nədir, çox kövrək olmuşam. Bir xahişim var, hər kəsin xocalıların mərdcəsinə döyüşdüyünü bilməsini istəyirəm. Deyirlər ermənilər gəldi, güllə atan kimi insanlar Xocalını atıb qaçdı, çıxdı. Elə deyil! Biz həmin birləşmələrə 7 saatdan çox müqavimət göstərdik. Xocalıdakı döyüşlərin özündə ermənilər, ruslar, muzdlular da it kimi gəbərdilər, təkcə bizdən ölən olmadı, onlardan da ölən çox oldu. Qadınlarımızı, uşaqlarımızı, qocalarımızı çıxardıq, özünümüdafiə taboru, Xocalı sakinləri onlara qarşı müqavimət göstərdi, texnikamızın olmaması, silahımızın, patronumuzun çatışmamağı ucbatından Xocalını müvəqqəti tərk elədik.


Müəllif: Nərgiz

Oxşar xəbərlər