Fevralın 25-də Milli İncəsənət Muzeyində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş "XX əsrin faciəsi - Xocalı soyqırımı" adlı tədbir keçirildi.
Teleqraf.com-un məlumatına görə, tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbərləri və əməkdaşları iştirak edirdi.
Kompozisiya şəklində təqdim edilən tədbirdə qeyd olundu ki, 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycan xalqının tarixinə qanla yazılıb. Erməni vandallarının dinc Xocalı sakinlərinə qarşı törətdiyi soyqırımı aktı mənfur düşmənin ümumbəşəri, insani dəyərləri heçə saydığını ortaya qoyub. Həmin müdhiş gecədə 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın amansızlıqla qətlə yetirilib, 1275 sakin girov götürülüb. 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. Azərbaycan xalqı Xocalı qətliamını heç vaxt unutmayacaq.
Daha sonra tədbir boyu bir-birini əvəz edən musiqi, tamaşa və bədii qiraət həmin gecə yaşananları bir daha xatırladırdı. Faciənin dərin hüznünü Prezident təqaüdçüsü Çinarə Quliyeva öz rəqsi ilə, Rauf Hacıyev adına 15 nömrəli Musiqi məktəbinin şagirdi, beynəlxalq müsabiqələr laureatı Cəmil Sədizadə S.Slonimskinin "Zınqırov" əsərinin ifası ilə çatdırdı.
Tədbirdə Bakı Uşaq Teatrının aktyorları Mehman Dilqəmoğlu və Nərminə Məmmədzadə "Xocalı" şeirini səsləndirdi. Daha sonra "Vətən" tamaşası nümayiş olundu.
Anım mərasimi L. və M. Rostropoviçlər adına 21 saylı Musiqi məktəbinin şagirdi Kənan Ağayevin təsirli çıxışından sonra tədbir aktyorların səhnədə üçrəngli Azərbaycan bayrağının qaldırılması və C.Hacıyev adına 3 nömrəli Musiqi məktəbi xor kollektivinin ifasında himnimizin səsləndirilməsi ilə yekunlaşdı.