1 Mart 2019 08:42
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı fərman birincisi, adında da, yəni başlığında da yazıldığı kimi yalnız fiziki şəxslərə, yəni vətəndaşlara aiddir. İkinci əsas olan cəhət isə budur ki, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi, yəni qalığı ödəniləcək. Bundan yuxarı məbləğdə krediti olanların isə deyil. Yəni, 10 min dollardan çox və yaxud 17 min manatdan yüksək borc götürənlərin yox.

Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı Pərviz Heydərov bildirib.

O qeyd edib ki, geri ödəniş və yaxud kompensasiya milli valyuta, yəni manat şəklində ödəniləcək:
“Üçüncü cəhət ondan ibarətdir ki, ödəniş, başqa sözlə desək, kompensasiya bütün borcu olanlar üçün eyni cür deyil, üç qaydada, yəni mexanizm əsasında həyata keçiriləcək. 2015-ci ilin fevralın 21-dək borc götürən şəxslərə 1 ABŞ dollarına 0,25 manat, həmin ilin fevralın 21-dən dekabrın 21-dək dövr ərzində götürənlərə isə 1 ABŞ dollarına 0,6 manat qaydasında və mexanizmində. Çünki inzibati metodla, yəni Mərkəzi Bank tərəfindən rəsmən edilməklə iki dəfə devalvasiya baş verib – 2015-ci ilin fevralın və dekabrın 21-i tarixlərində. Birincidə, 1 dollar 0,78 qəpikdən 1 manat 5 qəpiyə, ikincisində isə 1 manat 55 qəpiyə qaldırıldı. Hazırda məlum olduğu kimi 1 manat 70 qəpikdir.

2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə isə fərmanda yazılıb ki, yuxarıda qeyd olunan hər iki qaydada və mexanizmində nəzərdə tutulduğu kimi həyata keçiriləcək. Bütün bu qayda və mexanizmlər əsasında icra olunacaq ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının bağlanılmasına yönəldiləcək, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına veriləcək. Yəni, devalvasiyalardan sonra yaranmış çətinliyə baxmayaraq, kredit borcunu ödəyib qutarmış vətəndaşlar da kompensasiyadan kənarda qalmayacaq, onlara da artıq ödədikləri vəsaitlərə görə bayaq qeyd etdiyim qayda və mexanizmlərə əsasən müvafiq vəsait geri qaytarılacaq. Bu, sözügedən sənədin çox mütərəqqi xarakter daşıdığının ən bariz nümunəsi və mühüm göstəricisidir”.

Ekspert daha sonra deyib:
“Ümumiyyətlə, problemli kreditlərin həll olunması istiqamətində Prezident İlham Əliyevin imzaladığı fərmanla atılan bu addım balansın qorunması və bütün tərəflərin hüquqlarını qorumaq və təmin etmək baxımından çox mükəmməldir. Təsadüfi deyil ki, hər bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 min ABŞ dollarının manat ekvivalentindən çox olmayacaq. Fərmanla fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, dövlət zəmanəti ilə təmin edilmiş şəkildə banklara 682 milyon manat məbləğində güzəştli kredit vəsait veriləcək. Xatırladım ki, bütövlükdə problemli kreditlərin məbləği 1 milyard 600 milyon manat ətrafındadır. Bunun da ABŞ dolları ilə olanının həcmi 811 milyon manat təşkil edir”.

P.Heydərov bildirib ki, üstəlik, kompensasiyaların yuxarıda qeyd edilən qayda və mexanizm çərçivəsində ödənişi nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş şəkildə, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızlar veriləcək:
“Yəni, həm vətəndaşların hüquqları qorunmaqla, onların arasında ayrı-seçkiliyə yol verilməyəcək, həm də bankların iqtisadi mənafeləri müdafiə ediləcək. Sözün qısası, borcunu ödəyib qutarmış vətəndaşlar artıq ödədikləri vəsaiti geri alacaq, digərləri isə indiyədək ödədiklərini geri ala bilməklə yanaşı, ödəyə bilmədiklərinə görə üzləşdikləri və cərimə kimi verdikləri məbləğlər sarıdan çətinlik və sədlərdən də xilas olunacaqlar”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər