Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramı münasibətilə martın 28-də “Buta” sarayında təntənəli tədbir keçirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən Teleqraf.com-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, hökumət nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri, Azərbaycanın Milli qəhrəmanları, təhlükəsizlik orqanlarının veteranları, həmçinin 40 xarici xüsusi xidmət orqanının 160 rəhbər və təmsilçisi iştirak edib.
Yubiley tədbiri Azərbaycan Dövlət Xor Kapellasının ifasında dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov təntənəli tədbirin iştirakçılarını salamlayıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin şəxsi heyətlərinə təbrikini oxuyub.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev çıxış edərək təntənəli tədbirin iştirakçılarına, o cümlədən yubiley ilə əlaqədar Bakıya qonaq gələn tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarının rəhbərlərinə və nümayəndə heyətlərinə təşəkkürünü bildirib.
General-polkovnik Mədət Quliyev qeyd edib ki, ölkəmizin heyrətamiz tərəqqisi, mövcud sabitlik və təhlükəsizlik müasir müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilən siyasətin məntiqi parlaq nəticəsidir. Dövlətimizin başçısının düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan bu gün təhlükəsizlik baxımından dünyanın qabaqcıl dövlətləri ilə bir sırada dayanır. Azərbaycanın formalaşmış güclü təhlükəsizlik strategiyası ölkəyə etibarlı tərəfdaş və öz maraqlarını qorumağa qadir dövlət imici qazandırır. Dinamik inkişaf yolunda olan ölkəmizdə dilindən, dinindən, milliyyətindən, əqidəsindən asılı olmayaraq, bütün insanlar sülh və əmin-amanlıq şəraitində yaşayır və çalışır. Bu Azərbaycan xalqının və dövlətinin böyük nailiyyətidir.
General-polkovnik Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin beynəlxalq əməkdaşlıq əlaqələrinin son illər daha fəal və səmərəli xarakter aldığını vurğulayıb. Bildirib ki, hazırda DTX dünyanın 70-dən artıq xüsusi xidmət orqanı ilə, eləcə də nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı faydalı əməkdaşlıq edir. Tərəfdaşlıq yalnız informasiya və təcrübə mübadiləsi ilə deyil, bir çox hallarda birgə fəaliyyət və əməli kömək şəklində həyata keçirilir. Qürurverici haldır ki, dünyanın təhlükəsizlik sisteminin formalaşmasında Azərbaycanın da əməyi var.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev yubiley ərəfəsində Prezident İlham Əliyevin sərəncamları ilə bir qrup əməkdaşın dövlət mükafatlarına və ali zabit rütbələrinə layiq görülməsini Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinə növbəti dəfə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu qeyd edib. Xidmət rəisi göstərilən diqqət və qayğıya, həmçinin Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyinin və bu orqanların əməkdaşlarının peşə bayramının yüksək səviyyədə keçirilməsinə şərait yaratdığına görə Ali Baş Komandana şəxsi heyətin adından dərin minnətdarlığını bildirib.
Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-leytenant Orxan Sultanov çıxışında Azərbaycan təhlükəsizlik orqanlarının təşəkkül tarixindən danışıb, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun və mövqelərinin gündən-günə daha da möhkəmləndiyini xüsusi qeyd edib. General-leytenant Orxan Sultanov göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə Xarici Kəşfiyyat Xidmətinin şəxsi heyəti adından təşəkkürünü bildirib.
Təntənəli tədbir Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Rəqs Ansamblının, “Qaya” dövlət vokal ansamblının, eləcə də respublikanın tanınmış incəsənət xadimlərinin ifasında bədii proqramla davam edib.