26 May 2019 01:45
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Arsenal” futbol klubunun oyunçusu, erməni əsilli Henrix Mxitaryanın Bakıya gəlməkdən imtina etməsi Ermənistanda da birmənalı qarşılanmayıb.

Teleqraf.com xəbər verir ki, bəziləri Mxitaryanın belə bir qərar verməsini anladıqlarını dilə gətirsə də, digərləri "daha yaxşı bəhanə gətirmək olardı" deyə, erməni futbolçunun imtinasını bəhanə adlandırıblar.

Ermənistan Boks Federasiyasının mətbuat katibi Ervand Akopyan Feysbuk hesabında Azərbaycana və UEFA-ya qarşı olan iradların anlaşılmaz olduğunu bildirib.

“Mxitaryan Azərbaycana getməkdən imtina etdi, halbuki qarşı tərəf bütün təhlükəsizlik şərtlərinin təmin olunacağını bildirmişdi. Onu da vurğulayım ki, futbol şərhçilərinin təşkil etdikləri debatda tərəflərdən biri Mxitaryanı “qorxaq” adlandıraraq, 2007-ci ildə Bakıya yarışlara gedən erməni güləşçiləri və 2015-ci ildə Avropa oyunlarına qatılan erməni idmançıları misal çəkiblər”, - Akopyan yazıb.

Ermənistan Dövlət İdman İnstitutunun müəllimi, həmçinin Mxitaryanın ustadı Araks Marutyan isə tələbəsini ölkəsinin Bakıya yarışlara gedən digər erməni idmançılarla müqayisə edib:

“İdman izləyicisi kimi qeyd etməliyəm ki, Bakıya Ermənistandan gedən boksçularımızın və digər idmançılarımızın həyatı daha çox təhlükədə idi. Mxitaryan isə dünya şöhrətli idmançıdır. Bu isə o deməkdir ki, keçmiş tələbəmin sığortası və müdafiəsi daha güclüdür”.

O, qeyd edib ki, futbolçunu yalnız bir halda anlaya bilərdi ki, getdiyi ölkədə özünə qarşı boykotla qarşılaşsın:

“Xüsusən də Azərbaycana təyyarə ilə digər ölkədən uçacaqdı. Bakıya getməkdən imtina etmək üçün başqa səbəblər tapmaq olardı. Məsələn, erməni izləyicilərin stadiona buraxılmaması...”

Mxitaryanın qərarına Ermənistan Daxili İşlər Nazirliyindən də şərh gəlib. Nazirliyin mətbuat katibi Anna Naqdalyan bildirib ki, futbolçu matçda iştirak etsəydi, onu tam dəstəkləyərdi:

“Biz bildirdik ki, Azərbaycan öz tərəfindən bütün təhlükəsizlik şərtlərini təklif etdi. Bu şərtlər həm Mxitaryanı, həm də onun komandasını qane edə bilərdi”.

Naqdalyan mətbuat konfransında bildirib ki, ölkənin Daxili İşlər Nazirliyi futbolçunun Azərbaycana səfərinə qarşı deyil. Buna baxmayaraq, Naqdalyan Azərbaycanı suçlamağı da unutmayıb.

Yeri gəlmişkən qeyd edək ki, Mxitaryanın Bakıda keçiriləcək çempionata qatılmaqdan imtina etməsi dünyanın diqqətini bir daha Azərbaycan-Ermənistan münaqişəsinə yönəldib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər