4 İyun 2019 18:19
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayev iyunun 4-də İtaliyanın aparıcı müdafiə sənayesi şirkətlərindən olan “Leonardo”nun baş direktoru Lorenzo Marianinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Y.Musayev Azərbaycan ilə İtaliya arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasını məmnunluqla ifadə edib.

Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət istiqamətlərindən və sahə üzrə əldə olunan uğurlardan danışıb.

O, “Leonardo” şirkətinin ötən il Bakıda keçirilən “ADEX-2018” sərgisində iştirakından məmnun olduğunu bildirib.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Leonardo” şirkəti arasında hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsinə dair danışıqlar aparılıb. “Leonardo” şirkətinin məhsulu olan reaktiv təlim-məşq təyyarələrinin istehsalı və texniki xidmətlərin göstərilməsi ilə bağlı birgə layihələrin icrası ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə hər iki tərəfin ekspertləri tərəfindən danışıqların davam etdirilməsinə dair razılıq əldə olunub.

Nümayəndə heyətinin rəhbəri Lorenzo Mariani səmimi qəbula görə təşəkkürünü bildirib. O qeyd edib ki, “Leonardo” şirkəti Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlığını İtaliya - Azərbaycan münasibətlərinə uyğun davam etdirmək və bu istiqamətdə öz töhfəsini vermək niyyətindədir.

Görüşdən sonra nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi İstehsalat Müəssisəsində olub.

Qeyd edək ki, “Leonardo” şirkəti müdafiə və təhlükəsizlik sahəsində müxtəlif çeşiddə məhsulların yaradılması və istehsalı üzrə tanınan şirkətlərdəndir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər