Sabir Rüstəmxanlı: “Türklərin sayı bilərəkdən azaldılır”
Mirmahmud Mirəlioğlu: “Onlara maddi-mənəvi dəstək verməliyik”
Dünən Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə “Yaxın şərqdə baş verən proseslər: Güney Azərbaycandakı son durum” mövzusunda dəyirmi masa keçirilib.
DAK-ın mətbuat xidmətindən verilən məlumata görə, millət vəkili Sabir Rüstəmxanlı tədbirdə çıxışı zamanı bildirib ki, Azərbaycanda Güney məsələsinə yanaşma köhnə sovet-bolşevik yanaşmasından fərqli deyil: “Güney Azərbaycan türklərinin üzləşdiyi problemlər diqqətdə saxlanılmalıdır. Azərbaycan dövləti Yaxın Şərqdə baş verən dəhşətli hadisələr fonunda Güney Azərbaycana sahib çıxmalıdır. Yaxın Şərq ölkələrində, İranda əzilən türklərdir, amma türk dünyası sanki baş verənləri görmür. Türk dövlətləri millətinə biganədir. Elmi və ictimai dairələr məsələyə xüsusi önəm verməlidirlər. Cəmiyyətin fikri Güney Azərbaycan türklərinə yönəldilməlidir. Ancaq Güney Azərbaycan məsələsi bizim həyatımızın bir parçası olduğundan fikrimizdən çıxa bilməz. Bu problemi millətin ictimai-siyasi fəallıq səviyyəsi həll edəcək. Ona görə də Azərbaycan türkləri insani və milli haqlar uğrunda mübarizəni gücləndirməlidirlər”.
Millət vəkili dünyada saxtakarlıqların şahidi olduğunu da diqqətə çatdırıb. S.Rüstəmxanlının sözlərinə görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yeni çapdan çıxmış kitabında 1911-ci ildə İranda yaşayan azərbaycanlıların sayı 19 milyon göstərilir, yəni əhalinin 24 faizini təşkil edib: “Ancaq 1913-cü ildə bu rəqəm 13 milyona endirilib, yəni guya əhalinin 16 faizi olub. Bu da onu göstərir ki, Güney Azərbaycanda yaşayan türklərin sayı bilərəkdən azaldılır. Kürdlər isə 7 faizdən 10 faizə qaldırılıb. Azərbaycan türklərinin sayının və ölkə əhalisinə münasibətdə faiz dərəcəsinin az göstərilməsi millətə qarşı ”siyasi oyun"un təzahürüdür. Tanınmamış millətlər və xalqlar təşkilatının statistikasında isə İran əhalisinin 45 faizinin azərbaycanlı olduğu öz əksini tapıb. Üstəlik, İranda 1.5 milyon qaşqay türkləri, 2 milyon Türkmənsəhra türkmənləri, 1 milyon Xorasan türklərinin və türk millətinin digər üzvlərinin olduğunu da nəzərə almalıyıq. Belədə bir sıra beynəlxalq təşkilatların da etiraf etdiyi kimi, İranda əhalinin 52 faizinin azərbaycanlı, türk olduğunu söyləmək mümkündür".
S.Rüstəmxanlı əlavə edib ki, DAK bu ilin sonunadək daha bir neçə tədbir təşkil edəcək, təşkilatın növbəti qurultayının keçirilməsi planlaşdırılır və Güney Azərbaycan məsələsi diqqət mərkəzində saxlanılacaq.
DAK-ın Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı vurğulayıb ki, Güney Azərbaycan türklərinin mövcud problemləri gündəmdə olmalıdır: “Güney Azərbaycanda onlarla fəal həbs edilir, ana dilində danışığa görə cəzalar tətbiq edilir. PKK terror təşkilatının İran qolu sayılan ”PEJAK" Güney Azərbaycanın qərb torpaqlarını öz ərazisi sayır, bununla bağlı xəritə belə mövcuddur. İran dövləti bu iddiaların qarşısını almadığı üçün yeganə çıxış yolu kimi millət silahlanmalıdır. Güney Azərbaycanın Urmiya şəhərində 10 məscidində terrorçu “İraq Şam İslam Dövləti”nin (İŞİD) himni səsləndirilib. Bu İŞİD-in işi deyil, “PEJAK”ın təxribatıdır. “PEJAK” bunu məqsədli şəkildə həyata keçirir. Niyyətləri əhalini təşvişə salmaqdır. Bundan başqa, ötən gün dövlət nömrə nişanı olmayan bir avtomobildən şəhərin mərkəzində göyə dəfələrlə atəş açılıb. Urmiyada vəziyyət çox gərgindir. Quzey Azərbaycan bu məsələləri diqqətdə saxlamalıdır".
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu vurğulayıb ki, Güney Azərbaycan bir şərəf məsələsidir: “İrandakı fars-molla rejimi nəinki anti-İslam, həm də anti-insani bir rejimdir. Azərbaycan türklərinin problemini həll etməliyik və onlara maddi-mənəvi dəstək verməliyik”.
BƏXTİYAR