Moskva vilayətinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycan tankçıları finala bir pillə də yaxınlaşıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, birinci divizionun ilk yarışında Azərbaycan, Qazaxıstan, Çin və Serbiya komandaları iştirak ediblər. Yağışlı və küləkli əlverişsiz hava şəraitinə baxmayaraq, tankçılarımız qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər.
Yarışın nəticələrinə əsasən estafeti birinci yerdə Qazaxıstan, ikinci yerdə Azərbaycan, üçüncü yerdə Çin və dördüncü yerdə Serbiya komandası başa vurub.
Avqustun 12-də birinci divizionun ikinci yarışı keçiriləcək.