13 Sentyabr 2019 20:24
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məqsəd ondan ibarətdir ki, ölkəmizin hər bir qəsəbəsində, hər bir regionunda, hər bir kəndində müasirlik, inkişaf, yeniləşmə prosesləri olsun.

Teleqraf.com xəbər verir ki, bunu Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olarkən məktəbin kollektivi ilə görüşdə deyib.

Birinci vitse-prezident Mehriban Əliyeva bildirib: "Mən bu gün burada olmaqdan çox şadam. Yəqin bilirsiniz ki, cari ilin may ayında hörmətli Telman Əliyev məni öz evinə dəvət etmişdi və həmin ay qızımla Kürdəxanı qəsəbəsində oldum. Çay süfrəsi ətrafında qəsəbədə olan problemlər haqqında geniş söhbət etdik. Həmin vaxt bu məktəbə də baxdım və sakinləri narahat edən məsələlərin aradan qaldırılması üçün lazımi tapşırıqlar verildi. Mən çox şadam ki, 113 nömrəli məktəb qısa bir zamanda, yəni, üç ay ərzində, təmir edilib, amma demək olar ki, müasir səviyyədə yenidən qurulub. Əminəm ki, bu məktəb yeni tədris ilində həm şagirdlərə, həm də onların valideynlərinə xoş bir hədiyyə olacaq.

Məktəb 1971-ci ildə inşa olunub, 2008-ci ildə əlavə korpus tikilib və bu vaxt ərzində bir neçə dəfə təmir də olunub. Amma buna baxmayaraq, çox yararsız vəziyyətdə idi. İndi isə çox gözəl, müasir, bütün lazımi avadanlıqla təmin olunmuş yeni bir məktəbdir. Burada 1200 şagird təhsil ala bilər. Amma mən yenə də sakinlərin xahişini və şagirdlərin 2000-dən çox olduğunu nəzərə alaraq hesab edirəm ki, Kürdəxanı qəsəbəsində yeni bir məktəbin tikintisinə ehtiyac var. Tapşırıqlar verilib və qısa bir zamanda yeni məktəbin tikintisinə başlanılacaq.

Bundan əvvəl gözəl bir parkın açılışında iştirak etdim. Ümumi sahəsi 2,6 hektar olan park vaxtilə Zeytunluq adlanan ərazidə yerləşir. Sakinlərin belə bir xahişi var idi ki, asudə vaxtı keçirmək üçün bu cür bir yer olsa, çox gözəl olar. Artıq müasir, gözəl, tamamilə yenidən qurulmuş park sakinlərin istifadəsinə verilib. Ən vacibi isə odur ki, bütün ağaclar saxlanılıb, heç bir ağac kəsilməyib. Eyni zamanda, müasir işıqlandırma sistemi, uşaqlar üçün oyun meydançası, müasir kafe qurulub. Mən çox şadam ki, biz belə qısa zamanda bu işlərin nəticəsini görürük.

Bu, Azərbaycan Respublikasının Prezidenti tərəfindən aparılan siyasətin nəticələridir. Siz bilirsiniz ki, Bakı şəhərinin, Bakıətrafı qəsəbələrin, regionların inkişafı proqramları artıq 15 ildən çoxdur həyata keçirilir. Məqsəd ondan ibarətdir ki, ölkəmizin hər bir qəsəbəsində, hər bir regionunda, hər bir kəndində müasirlik, inkişaf, yeniləşmə prosesləri olsun. Bunun da əsas məqsədi odur ki, insanların yaşayış səviyyəsi qalxsın. Paytaxtımız Bakı da bu gün dünyanın ən gözəl şəhərlərindən biridir.

Mən çox şadam və sizi təbrik edirəm. Mənim salamlarımı, hörmətimi, təbriklərimi Kürdəxanı qəsəbəsində yaşayan bütün insanlara çatdırın. Çox sağ olun".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər