18 Sentyabr 2019 12:47
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 20-də Azərbaycan “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyini qeyd edəcək. “Əsrin müqaviləsi” 12 dekabr 1994-cü ildə Azərbaycan parlamenti tərəfindən təsdiqlənib və müqavilənin parlament tərəfindən ratifikasiyası və hüquqi qüvvəyə malik olması xarici investorların inamını daha da artırmış oldu.

Bunu Teleqraf.com-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, enerji layihələri üzrə mütəxəssis Şahmar Hacıyev bildirib.

O qeyd edib ki, “Əsrin müqaviləsi” ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində imzalandı və ölkənin enerji sektoruna böyük xarici kapital qoyuluşu cəlb etdi:

“Bununla da neft amili müstəqilliyin möhkəmləndirilməsi və iqtisadiyyatın inkişafı kimi vacib məsələlərin həlli istiqamətində əsas qüvvəyə çevrildi. O vaxtdan etibarən Azərbaycan enerji ehtiyatlarını qlobal enerji bazarlarına ixrac etməyə və iqtisadi inkişafı üçün böyük qazanc əldə etməyə başladı. Məhz bu müqavilə Azərbaycanın sürətli inkişaf dövrünün əsasını qoydu və ölkəni aparıcı qlobal enerji tədarükçüsünə çevirərək, bölgənin enerji xəritəsini dəyişdirdi”.

Şahmar Hacıyev qeyd edib ki, məhz enerji layihələri Azərbaycanın Xəzər regionunda geosiyasi əhəmiyyətini artırmış oldu:

“Bu mənada “Əsrin müqaviləsi” ölkənin sosial-iqtisadi inkişafı üçün yeni dövr açdı və ölkənin beynəlxalq aləmdəki mövqeyini möhkəmləndirdi. Azərbaycan öz enerji sənayesinə xarici kapital cəlb etmək üçün Qərb ölkələri ilə qarşılıqlı sərfəli istehsalçı-istehlakçı dialoqu qura bildi və xarici investorlar enerji təhlükəsizliyi məsələlərini həll etmək və nəhəng enerji layihələrindən qazanc əldə etmək üçün Azərbaycanın neft-qaz layihələrinə investisiyalar yatırmağa başladılar. Bu mənada Azərbaycan bütün enerji layihələrini “Əsrin müqaviləsi” olmadan həyata keçirə bilməzdi. Hazırda Azərbaycan Avropanı təbii qazla təmin etmək üçün Cənubi Qafqaz Boru kəməri, TANAP və TAP kimi enerji layihələrini həyata keçirir. Ölkənin Qərb bazarlarına neft və təbii qaz ixrac etmək potensialı ildən-ilə artır və bu da Qərbin enerji təhlükəsizliyini təmin etməsi üçün vacibdir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər